EN

Siz, ey uçan quşlar...

Yaşıl adalar

Mən həyatımda ilk dəfə çox böyük sayda köçəri quşları bir yerə cəm olan halda düz 40 il əvvəl Ağgöl Milli Parkında görmüşəm. O zaman bura Ağgöl Dövlət Təbiət Qoruğu adlandırılırdı. Burada irili-xırdalı saysız-hesabsız rəngarəng quşlar var idi və onlar öz quş dillərində ağız-ağıza verib cəh-cəh vururdular. 

Həmin gün mən bura Bakı Dövlət Universitetinin coğrafiya fakültəsinin məzunu, yataqxanada qonşu otaqda qalan, universiteti əla qiymətlərlə bitirəndən sonra  doğulub boya-başa çatdığı Ağcabədi rayonunun Təzəkənd kənd orta məktəbində müəllimlik edən Teymur Məmmədovla gəlmişdik. Mən o dönəmdə “Bakinskiy raboçiy” qəzetinin Mil-Qarabağ bölgəsi üzrə müxbiri vəzifəsində çalışırdım və təbiət vurğunu dostumla Ağcabədidə tez-tez görüşürdük.  

Yadımdadır, həmin gün hər ikimiz həyəcanlı idik. Düzdür, Teymur müəllim buralara əvvəllər də dəfərlərlə gəlmişdi və bu dəfə üzünü mənə tutaraq fəxrlə Allahın bu yerlərə lütf etdiyi gözəlliklərə işarə edib dedi ki, əziz  dostum, inanıram ki, sən  bu mənzərəni həyatın boyu unuda bilməyəcəksən. O haqlı idi!  

Bu gün məhz həmin Ağgöl Milli Parkı barədə söz açmaq istəyirəm. Park Azərbaycanın ən məşhur çöl-göl ekosistemi olub, köçəri və yerli quşların və digər heyvanların məskunlaşdığı ərazilərdən biridir. Ağ gölün qorunmasının beynəlxalq əhəmiyyəti var.  Bu, ilk növbədə, göldə adları Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahı”sına və Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilmiş quşların məskunlaşması ilə bağlıdır.

Xatırladaq ki, gölün qorunmasında ilk addım 1964-cu ildə 9 min 173 hektar sahədə Ağgöl Dövlət Təbiət Yasaqlığı yaradılarkən atılmışdır. 1978-ci ilin 2 mart tarixində gölün 4 min 400 hektara bərabər olan su ərazisinə ciddi qorunma statusu verilmiş və Ağgöl Dövlət Təbiət Qoruğu yaradılmışdır. 

2003-cü ilin 5 iyul tarixində Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Ağgöl Dövlət Təbiət Qoruğunun sahəsi 17 min 924 hektara qədər artırılmış və ərazi Milli Park elan edilmişdir.

Ağgöl Milli Parkının yaradılmasının əsas məqsədi mühüm su-bataqlıq ərazilərini, həmin əraziyə xas olan yarımsəhra landşaftını, göldə və onun ətrafında məskunlaşmış nəsli kəsilmək təhlükəsi ilə üzləşən fauna növlərini qorumaq, eləcə də ətraf mühitin monitorinqini, əhalinin ekoloji cəhətdən maarifləndirilməsini və ekoturizmin inkişafını təmin etməkdir.

Ağgöl Milli Parkı üçün yarımsəhra, şorlaşmış torpaq və göl şəraitinə uyğunlaşmış bitki örtüyü səciyyəvidir. Ərazidə bitki növlərindən əsasən duzlaq çoğanı, qışotu, qamış, şahsevdi, sarıbaş, qaraşoran, yovşan, qırtıc və s. geniş yayılmışdır. Burada suda-quruda yaşayan heyvanlardan yaşıl quru qurbağası, kiçik Asiya qurbağası və göl qurbağasına rast gəlinir. Ərazidə sürünənlərdən Aralıq dənizi tısbağası, Xəzər tısbağası, koramal, zolaqlı kərtənkələ, adi suilanı, qızıl təlxə, gürzə və s. növlər yayılmışdır. 

Ağgöl Milli Parkında quşlardan mərmər cürə, turac, bəzgək, qara leylək, böyük və kiçik qarabatdaqlar, harayçı və fısıldayan qu quşları, Misir vağı, çobanaldadan, böyük su fərəsi, Sultan toyuğu, ərsindimdik, qıvrımlələk qutan, ağquyruq dəniz qartalı, ağgöz dalğıc, adi qızılqaz, yaşılbaş ördək, qazlar (boz, qaşqa və qırmızıdöş) və s. məskunlaşmışdır.

Milli Parkın ərazisində məməli heyvan növlərindən canavar, çaqqal, çöl donuzu, tülkü, dovşan və müxtəlif yarasalara rast gəlinir. Qamışlıqlarda isə heyrətamiz qamış pişiyinin çoxsaylı populyasiyasına təsadüf olunur.

M.HACIXANLI 
XQ

 

Chosen
19
xalqqazeti.az

1Sources