Bu il qlobal iqtisadi artımın 2024-cü ilə nisbətən 2,8 faiz səviyyəsində dəyişməz qalacağını, aşağı inflyasiya və monetar genişlənmənin rahatlama təmin etdiyini, lakin ticarət gərginliyi, yüksək borc yükü və geosiyasi risklərin proqnozu qeyri-müəyyən etdiyini bildirib.
“Cebheinfo.az” xəbər verir ki, bu proqnoz təşkilatın “2025-ci il üçün Dünya İqtisadi Vəziyyəti və Perspektivləri” (World Economic Situation and Prospects 2025) hesabatında əks olunub.
Hesabatda qlobal iqtisadi artımın bu il 2024-cü ilə nisbətən 2,8 faiz dəyişməyərək, 2026-cı ildə isə 2,9 faiz olacağı gözlənilir.
Hesabatda qlobal iqtisadiyyatın bir sıra şoklara qarşı dayanıqlılıq nümayiş etdirdiyi vurğulanıb. Lakin artımın zəif investisiyalar, durğun məhsuldarlıq artımı, yüksək borc səviyyələri ilə məhdudlaşdırıldığı və pandemiyadan əvvəlki 3,2 faizlik orta göstəricinin altında qaldığı vurğulanıb.
Eyni zamanda ABŞ-də 2024-cü ildə 2,8 faiz olduğu gözlənilən iqtisadi artımın bu il əmək bazarının yumşalması və istehlak xərclərinin azalması səbəbindən 1,9 faizə düşəcəyinin gözlənildiyi hesabatda, Avropa İttifaqında isə artımın keçən il 0,9 faiz olacağı, 2025-ci ildə indiki səviyyəsindən 1,3 faizə yüksələcəyi proqnozlaşdırılır.
Hesabatda bu il artımın Çində 4,8, Hindistanda 6,6, Fransada 0,8, Almaniyada 0,3, Böyük Britaniyada isə 1,2 faiz olacağı proqnozlaşdırılıb.
Qeyd olunub ki, 2025-ci ildə qlobal ticarətin 3,2 faiz artacağı gözlənilir. Lakin ticarət gərginliyi, geosiyasi qeyri-müəyyənliklər perspektiv üçün risklər yaradır.
Həmçinin 2024-cü ildə 4 faiz olan qlobal inflyasiyanın 2025-ci ildə 3,4 faizə enməsinin, eləcə də inflyasiya təzyiqlərinin azalmağa davam etməsi ilə əsas mərkəzi bankların bu il faiz dərəcələrini daha da aşağı salmasının gözlənildiyi bildirilib.
Qlobal inflyasiyanın azalmasına baxmayaraq ərzaq inflyasiyasının yüksək olaraq qaldığı bildirilən hesabatda, inkişaf etməkdə olan ölkələrin demək olar ki, yarısında 2024-cü ildə ərzaq inflyasiyasının 5 faizdən çox olacağı ifadə edilib.
Bildirilir ki, bu, ekstremal hava hadisələri, münaqişələr və iqtisadi qeyri-sabitlik ilə üzləşən aztəminatlı ölkələrdə ərzaq təhlükəsizliyini dərinləşdirir və xəbərdarlıq edilir ki, ərzaq inflyasiyası yavaş iqtisadi artımla birlikdə milyonlarla insanı daha da yoxsulluğa sürükləyə bilər.