Əzəli və əbədi dədə-baba yurdumuz olan Qərbi Azərbaycan azərbaycanlılar üçün sadəcə coğrafiya, torpaq deyil, həm də qədim türk yurdudur. Bu torpaqlar xalqımızın minillik tarixi, mədəniyyəti, folklorunun formalaşdığı yerdir. Son illər də bu istiqamətdə tarixi addımlar atılır, irimiqyaslı fəaliyyətin şahidi oluruq. Qərbi Azərbaycan İcması (QAİ) da bu tarixi ədalətin qorunması və bərpası istiqamətində müntəzəm işlər görür.
"Report"Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının gələcək strategiyaları və ötən il görülən işlər barədə İcmanın sədri, deputat Əziz Ələkbərli ilə danışıb:
- Əziz müəllim, QAİ 2024-cü il ərzində Qərbi Azərbaycandakı mədəni irsin bərpası və qorunması istiqamətində hansı addımları atıb?
- İcma özünün əsas fəaliyyət sənədi olan Qayıdış Konsepsiyasında qarşısına qoyduğu vəzifələri addım-addım həyata keçirir. Təbii ki, bu, Qərbi Azərbaycandakı mədəni irsin bərpası və qorunması istiqamətindəki işlərə də aiddir. Doğrudur, biz bununla bağlı UNESCO-nun rəhbərliyinə dəfələrlə müraciət etmişik və hətta müraciətimizin BMT-nin rəsmi sənədi kimi yayılmasına da nail olmuşuq. Amma vəzifəmizi bununla bitmiş hesab etmirik. Biz erməniləri və 30 ildən artıq onlara havadarlıq edən, Azərbaycan ərazilərinin uzun illər işğal altında saxlanmasına ikili standartlarla yanaşan Qərb dövlətlərini yaxşı tanıyırıq. Artıq bu istiqamətdəki bəzi araşdırma və monitorinqlərimizi yekunlaşdırmışıq, digər məsələlər üzərində də işimiz davam edir. Strategiyamız aydındır: dinc yolla, təhlükəsizliyimizin təmin olunması şərtilə və ləyaqətlə ata-baba yurdumuza mütləq qayıdacağıq. Bir onu deyə bilərəm ki, ermənilərin bütün vandallıqları ortaya qoyulacaq, onları da, onlara havadarlıq edənləri də şok sürprizlər gözləyir.
- Ümumiyyətlə, Ermənistanın və onun havadarlarının hazırkı destruktiv mövqeyi fonunda Qərbi Azərbaycana dinc yolla qayıdışı real hesab edirsinizmi?
- Ermənistan rəhbərliyinin və erməni xalqının Qərbi Azərbaycan qaçqınlarının öz ata-baba ocaqlarına qayıdışını əngəlləyə biləcəklərini real hesab etmirəm. Əgər qarşı tərəf bizim evlərimizə, kəndlərimizə dinc yolla qayıdışımızı təmin etsələr, özlərinin regionda qalıb yaşamaq şanslarını da təmin etmiş olarlar. Ata-baba yurdumuza qayıdışımıza mane olacaq, bunun qarşısını ala biləcək bir güc yoxdur. Azərbaycanı alternativ yollar axtarmağa məcbur etməsinlər. Biz dinc yolla qayıtmaq istəyirik.
- Fransa, ABŞ kimi qüvvələr özlərinin regional siyasətləri ilə həm də Qərbi Azərbaycana qayıdışa mane olmağa çalışırlar. İcma bu istiqamətdə hansı işləri görür?
- Fransa, ABŞ kimi dövlətlər 30 il ərzində Azərbaycana və xalqına qarşı edə bildikləri qədər düşmənçilik etdilər. Nəticəsi nə oldu? Azərbaycan onların bütün cəhdlərinə rəğmən öz gücü ilə suveren ərazilərini işğaldan azad etdi, üstəlik, bölgədə 200 illik erməni strategiyasını darmadağın elədi. Bu məsələdə bizə mane ola bilməyənlər bundan sonra da heç bir məsələdə mane ola bilməyəcəklər. Xüsusilə Qərbi Azərbaycana qayıdış məsələsində. Qərbi Azərbaycana qayıdış bizim bütün beynəlxalq sənədlərdə təsbit olunan təməl hüququmuzdur və bu qayıdış olacaq!
- Qərbi Azərbaycan ərazisindəki Azərbaycan mədəni irsinin erməni mədəni irsi kimi təqdim edilməsi, ümumilikdə, erməni cəmiyyətində bu və digər formada Azərbaycanofob münasibətin formalaşması barədə nə deyə bilərsiniz?
- Ermənilər təkcə Qərbi Azərbaycan ərazisindəki Azərbaycan mədəni irsini adlarına çıxmaqla kifayətlənmirlər ki? Erməni soyadlarının tədqiqatçısı kimi deyə bilərəm ki, onların 70 faizi Azərbaycan-türk, 25 faizi isə xristian və qədim alban adlarından ibarətdir. İçərisində də 5-10 erməni sözü ola, ya olmaya. O ki qaldı Qərbi Azərbaycandakı abidələrimizin erməniləşdirilməsinə, bununla onlar keçici bir dövr üçün ancaq özlərini aldadırlar, çünki o abidələrin müxtəlif tarixi mənbələrdə həm təsvirləri, həm də Azərbaycan xalqına mənsubluğu haqqında kifayət qədər məlumatlar var. Erməni cəmiyyətində bu və digər formada Azərbaycanofob münasibətin formalaşması məsələsinə gəldikdə isə onillər, yüzillər boyu onları belə tərbiyə ediblər və bu “tərbiyə” onları çıxılmaz dalana dirəyib, bu dalanda vurnuxub qalıblar, bu dalandan çıxa bilmirlər, özlərini divardan-divara vururlar.