"Azinterexpo" şirkəti İqtisadi Zonaların İnkişafı Agentliyini məhkəməyə verib.
Valyuta.az xəbər verir ki, tərəflər arasında alqı-satqı müqaviləsinə dair mübahisə yaranıb.
Şirkətin iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq. Fevralın 2-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib. İclas hakim Günay Həşimovanın sədrliyi ilə keçiriləcək.
"Azinterexpo" dövlət satınalmalarında fəal iştirak edən şirkətlərdəndir. Şirkət 1 noyabr 2017-ci ildə qeydiyyata alınıb. "Azinterexpo" 2019-cu ilə qədər "Construction Engineering and Project Management" adı altında fəaliyyət göstərib. Şirkətin qanuni təmsilçisi Manafov Ceyhun Cahangir oğludur.
İqtisadi Zonaların İnkişafı Agentliyi 2023-cü ildə "Azinterexpo" şirkəti ilə satınalma müqaviləsi bağlayıb. Müqavilə 2023-cü ilin 19-21 oktyabr tarixlərində Qarabağ ərazisinin işğaldan azad edilərək geri qaytarılması və fəal şəkildə bərpa olunması ilə əlaqədar olaraq keçiriləcək 3-cü Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” Rebuild Karabakh sərgisində iştirakı üçün stend hazırlanması, tədbirin keçiriləcəyi məkanda quraşdırılmasına və söküntüsünə dair iş və xidmətlərin satın alınması ilə bağlı olub.
Müqavilənin maliyyə dəyəri 15 565,38 manat təşkil edib. Ehtimal olunur ki, məhkəmə çəkişməsi bununla əlaqədardır.
Hüseyn