Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli tərəfindən 10 yanvar 2025-ci il tarixdə Aşağı Əylis kəndində səyyar qəbul keçirilib. Vətəndaş məmnunluğunun təmin edilməsi, müraciətlərin yerində araşdırılması və mövcud problemlərin birbaşa həlli məqsədilə keçirilən görüşdə İcra Hakimiyyətinin məsul əməkdaşları, xidməti təşkilatların rəhbərləri və müvafiq kəndin icra nümayəndəsi iştirak ediblər.
Qəbul zamanı ölkəmizin ötən il ərzində əldə etdiyi mühim nailiyyətlər, beynəlxalq arenada qazandığı nüfuz və müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində görülən işlər xüsusi olaraq vurğulanıb. İcra başçısı qeyd edib ki, ölkəmizdə siyasi sabitliyin təmin edilməsi, iqtisadi inkişafın davamlılığı və sosial rifahın yüksəldilməsi Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan məqsədyönlü siyasətin nəticəsidir. Bildirilib ki, bütün həyata keçirilən işlər vətəndaşların həyat səviyyəsinin yüksəlməsinə, mövcud infrastrukturun inkişafına və əhalinin rifahının yaxşılaşdırılmasına şərait yaradır.
Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 yanvar 2025-ci ildə yerli televiziya kanallarına müsahibəsinə də toxunaraq dövlət başçısının “Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır” ifadəsini xatırladıb, bu layihənin reallaşmasının Muxtar Respublika, eləcə də dəhlizin ilkin giriş qapısı sayılan Ordubad rayonunun sosial-iqtisadi inkişafına müsbət təsir göstərəcəyini bildirib. Müsahibədə dövlət başçısı tərəfindən Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan iqtisadi rayonlarının vahid bir iqtisadi sistemin parçası kimi nəzərdə tutulduğu diqqətə çatdırılaraq, bu ərazilərin perspektivdə Ümumtürk dünyasının da içərisində olduğu və nəhəng nəqliyyat dəhlizlərinin keçəcəyi marşrut olaraq böyük əhəmiyyət kəsb edəcəyi vurğulanıb. Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan və Ordubad şəhərlərinin baş planlarının hazırlanması barədə çıxışına toxunularaq, görülən işlərin bölgənin turizm potensialının daha da artmasına töhfə verəcəyi xüsusi qeyd olunub.
“2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” haqqında məlumat verən İcra başçısı, ötən il dövlət proqramında nəzərdə tutulan tədbirlərin icrasının həyata keçirilməsi üçün müvafiq addımların atıldığını, 2025-ci ildən etibarən isə görüləcək işlərin daha da sürətlənəcəyini bildirib. Çıxış zamanı rayonun yeraltı sərvətlərinin istifadəsi, xüsusən də mədən sənayesi sahəsinin yenidən dirçəldilməsi istiqamətində işlərə başlanıldığı, yaxın perspektivdə xalçaçılıq-ipəkçilik və konserv məhsullarının istehsal olunacağı müəssisələrin yaradılmasının nəzərdə tutulduğu qeyd olunub.
Daha sonra sakinlərlə kəndin ümumi problemləri müzakirə edilib, onların elektrik, yol, su, internet-rabitə, səhiyyə, məşğulluq və sair problemləri ilə bağlı səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər isə nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Sakinlər rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.