EN

Sən pul qazanacaqsan, “Qarabağ” baxacaq? - KÖŞƏ

Juninyo məmnundu, Juninyo şəndi,
“Flamenqo”da onun yeri gülşəndi...


Mən şair olsaydım, təbimi işə salar, braziliyalı futbolçunun seriala dönən keçidinə poema da olmasa, şeirdən-meirdən həsr edərdim.

Dostlar, bu məsələ əməllicə uzandı, danışıqların axarı tez-tez dəyişdi, “böyük beşlik”, “Çempionlar Liqası” kimi yüksək materiyalardan dəm vuran qəhrəmanımız axırda barmağını “Flamenqo”nun üstünə qoydu. Başqalarının nə düşündüyü bilmirəm, mənə elə gəlir ki, pul, qazanc, varlanmaq ehtirası və həvəsi bu seçimdə əsas rol oynadı. Əlbəttə, hər kəs pulun təkcə ödəniş vasitəsi yox, həm də özünəməxsus maqnit olduğunu anlayır; bu zəhrimara qalmış qorxunc cazibə qüvvəsinə malikdi, adamı özünə çəkir, ağuşuna alır, o sahilə - bu sahilə çırpır, əsl şeytandı ki şeytan. Vaxtilə rəhmətlik Elçibəy demişdi e, tankın-topun qabağında dayanan oğlanlar pulun qabağında dayana bilmədi... Həyatın bütün sahələrində belədi, təbii ki, futbolda da!

Karyerasının yetkinlik və qürub dönəmini yaşayan, bu il 29 yaşını tamamlayacaq Juninyonun adını pulla yanaşı hallandırmaqda heç bir qərəzim yoxdu. Əlbəttə, ötən ilin fevral-martında, “Braqa” və “Bayer-04” ilə oyunlar vaxtı onun başına, daha doğrusu, möhtəşəm ayağına and içənlərdən biri də mən idim. Bu gün də belə hesab edirəm ki, o, “Qarabağ”dan son sözünü demədən gedir. Bu başqa məsələ ki, dediyim dönəmdəki formasını sonradan bir daha yığa bilmədi, sanki elə şöhrətin o zirvəsində qaldı, zirvədən sürüşdü, qol-qanadını qırdı və yeni avrokubok mövsümündə hamının oyun üslubunu əzbər bildiyi adi bir futbolçuya çevrildi.

Juninyo 2023-ün iyununda “Qarabağ”a gələndə Avropada o qədər də tanınmırdı. Bəli, Portuqaliya elitasından gəlmişdi, özü də 2022/23 mövsümünü 7-ci yerdə bitirən “Şaviş”dən. Amma həmin mövsüm keçirdiyi 30 oyunda cəmi 4 dəfə fərqlənmişdi. Azərbaycanda isə əməllicə parladı, qolları sıraladı, bütün qitənin diqqətini çəkdi. Hətta ölkəmizdə onun bura gəlib-getmiş ən yaxşı mərkəz hücumçusu olmasıyla bağlı müzakirələr başladı. Juninyo oyunu ilə belə müzakirələrin hədəfi olmağı haqq edirdi. Amma bu dastan yaxşı şəkildə davam etmədi. Cəlbedici təkliflər onun başını gicəlləndirdi. Bu gün artıq transfer danışıqlarında çox incə məqam yetişib.

“Sevilya” forması geyməkdən, deməli, Avropaya bir daha səs salmaq imkanından (təbii, heç nə ilə yadda qalmamaq riski də var idi) imtina edən braziliyalı həmvətənləri – “Flamenqo” ilə bazarlığa başlayıb. “Kəpəz”lə yoldaşlıq görüşündə onu görən həmkarlarımın təəssüratına əsaslansam, Juninyo şad-xürrəm görünürmüş. Çox güman, elə bu həftəsonu keçid bitəcək. Amma burda maraqlı məqam var: “Flamenqo” “Qarabağ”a məhz “Sevilya”nın verdiyi pulu təklif edir, ancaq futbolçu üçqat artıq qazanır, Ağdam klubu bu seçim dəyişikliyindən heç bir ciddi fayda götürmür. Bu nə dərəcədə ədalətli bölgüdü?

Belə çıxır ki, Juninyo üçqat artıq pul qazanacaq, “Qarabağ” isə kənardan baxacaq? Heç də yaxşı variant deyil. Hətta deyərdim ki, “Qarabağ” üçün arzuolunmaz variantdı. Bir Azərbaycan klubunun İspaniya, yoxsa Braziliya klubuna futbolçu satması tam fərqli anlayışlardı. Ümid edirəm ki, Juninyo və onun keçidində vasitəçi rolunu oynayan agentlər bu məqamın əhəmiyyətini və “Qarabağ”ın marağının nəzərə alınmalı olduğunu da anlayır.

HUŞƏNG

Chosen
16
football-plus.az

1Sources