EN

Nazir Fransanın hərbi xərcləri artırmasını tələb edir

Hərbi xərclər 2025-ci ildə artırılmalıdır. Əks halda ölkənin təhlükəsizliyi risk altında ola bilər.

“İki sahil” xəbər verir ki, bunu Fransanın müdafiə naziri Sebastien Lecornu “Le Journal du Dimanche” qəzetinə müsahibəsində deyib.

O xatırladıb ki, 2017-ci ildə Fransanın hərbi büdcəsi 32 milyard avro olub. O vaxtdan qəbul edilmiş hərbi maliyyələşdirmə proqramına uyğun olaraq, hər il təxminən 3 milyard avro artır: "Əgər biz 2024-cü illə (47,2 milyard avro) müqayisədə 2025-ci ildə hərbi xərcləri 3,3 milyard avro artırmasaq, o zaman Silahlı Qüvvələrimizin yenidən silahlandırılmasını və ölkənin təhlükəsizliyini açıq şəkildə təhlükəyə atmış olarıq".

Onun sözlərinə görə, 2025-ci ildə müdafiə xərcləri 50,5 milyard avro təşkil etməlidir. Lakin Fransanın 2025-ci il büdcəsi hələ də qəbul edilməyib. Ötən ilin payızında hazırlanan maliyyə qanunu layihəsi Milli Assambleyada (parlamentin aşağı palatası) sərt tənqidlərə məruz qalıb. Daha sonra respublikanın baş naziri Mişel Barnier bu qanun layihəsini parlamentdən yan keçərək irəli sürməyə çalışıb. Buna cavab olaraq Milli Assambleya kabinetə etimadsızlıq səsverməsi elan etdi və bundan sonra Barnier yeni baş nazir Fransua Bayruya yerini verərək vəzifəsini tərk etmək məcburiyyətində qaldı.

Yeni maliyyə qanunu layihəsinin qışın sonuna qədər təqdim ediləcəyi gözlənilir. Yeni büdcə qəbul olunana qədər dövlət maliyyəsi ötən ilin dekabrında qəbul edilmiş xüsusi qanunla tənzimlənir. Bu sənədin əsas parametrləri 2024-cü il büdcəsinin göstəricilərini təkrarlayır.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Chosen
21
ikisahil.az

1Sources