"İnsan alveri ilə mübarizədə hər bir problemin həllinə töhfə verən əsas vasitə maarifləndirmə və təbliğatdır".
Bu sözləri QHT.az-a açıqlama verən İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının üzvü, "Ümidli Gələcək" Gənclər İctimai Birliyinin sədri Kəmalə Aşumova bildirib. Onun sözlərinə görə, insan alverinə qarşı mübarizə sahəsində effektiv nəticələr əldə etmək üçün maarifləndirmə işi xüsusi əhəmiyyət kəsb edir: "İnsanların məlumatlı olması onları bu problemdən kənar saxlaya bilər. Maarifləndirmə təbliğatının müasir dövrdə müxtəlif yolları mövcuddur. Elektron platformalar, sosial şəbəkələr və mobil texnologiyalar vasitəsilə geniş kütləyə təsir etmək mümkündür. İnsan alveri riskində olan şəxslər üçün preventiv xarakterli mesajlar hazırlanmalı və paylaşımları mütəmadi aparılmalıdır. Bu məlumatlar qısa, lakin konkret mesajlarla insanlara təqdim edilməlidir."
QHT sədri əlavə edib ki, maarifləndirmə yalnız məlumat paylaşmaqla kifayətlənməməli, həm də insan alverindən əziyyət çəkən şəxslərin hekayələri, konfidensiallıq qorunaraq, nümunə kimi təqdim edilməlidir. Onun sözlərinə görə, bu, həm cəmiyyətin məlumatlılığını artıracaq, həm də ehtiyatlı davranışın təşviqinə səbəb olacaq.
"Qurbana çevrilmə riskini azaltmaq üçün maarifləndirmə lazımdır".
Kəmalə Aşumova həmçinin qeyd edib ki, xüsusilə həssas qruplar olan uşaqlar və yeniyetmələr, sosial şəbəkələr və elektron platformalardakı təhdidlərə qarşı daha diqqətli olmalıdırlar:
"Son dövrlərdə sosial şəbəkələr və mobil telefonlar vasitəsilə insanlarla əlaqə qurularaq müxtəlif yalan məlumatlar yayılır. Bu cür risklərin qarşısını almaq üçün maarifləndirmə məlumatları sosial yönümlü, mütəmadi və geniş yayılmalıdır. İnsan alverinə qarşı tədbirlərin səmərəli olması üçün həm preventiv, həm də maarifləndirici işlər geniş miqyasda aparılmalıdır."
K.Aşumova çıxışında bu məsələlərin televiziyalar və sosial şəbəkələrdə geniş ictimaiyyətə çatdırılmasının vacibliyini də vurğulayıb. Onun sözlərinə görə, insan alverinin qarşısını almaq üçün cəmiyyətin hər bir təbəqəsi bu barədə məlumatlı olmalıdır.