"Bu gün Qərbi Azərbaycanla bağlı ideoloji xətt və Qayıdış Konsepsiyası məsələsi Azərbaycan cəmiyyətinin və hökumətinin gündəmində xüsusi yer tutur. Bu, təkcə tarixi ədalətin bərpası deyil, həm də beynəlxalq hüququn təmin edilməsi məsələsidir".
Bunu “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Ekspert qeyd edib ki, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası Azərbaycanın tarixi torpaqlarında hüquqlarının bərpasını və azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmasını nəzərdə tutulur.
“Hazırda Qərbi Azərbaycan icması bu istiqamətdə əsas işləri görür ideoloji, diplomatik və hüquqi müstəvidə davamlı işlər aparır, eyni zamanda, tariximizin, mədəniyyətimizin və həmin ərazilərdəki irsimizi təbliğ edir, tarixi faktlar və sənədləri beynəlxalq ictimaiyyətə çatdırır.
Artıq Azərbaycan hökuməti və Qərbi Azərbaycan İcması qayıdış üçün beynəlxalq hüquq prinsiplərinə əsaslanan strategiya hazırlayıb. Bu konsepsiyanın əsas elementi, mahiyyəti məcburi köçkünlərin təhlükəsiz şəkildə öz yurdlarına qayıtma hüququnun təmin edilməsidir”.
B.Quliyev eyni zamanda bildirib ki, Qərbi Azərbaycan İcmasının yaradılması və fəaliyyəti əsas hədəfə doğru irəliləməyə böyük töhfə verir. O, Qərbi Azərbaycandan olan ictimai qurumların bir araya gəlməsi və vahid təşkilat çərçivəsində fəaliyyət göstərməsini mühüm əhəmiyyətli bir addım kimi dəyərləndirib.
“Diaspor fəaliyyəti, tarixi faktların və sənədlərin toplanması, beynəlxalq arenada hüquqi mübarizənin təşkili icmanın əsas istiqamətlərindəndir.
Xüsusilə BMT, ATƏT və digər beynəlxalq təşkilatların gündəliyinə salınması üçün işlərin aparılması, beynəlxalq səviyyədə azərbaycanlıların hüquqlarını qoruyan qərarların qəbul edilməsi istiqamətində lobbiçilik fəaliyyəti vacib məqamdır”.
Ekspert vurğulayıb ki, bu gün Azərbaycanın Ermənistan hökumətindən Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtması üçün beynəlxalq hüquqa uyğun addımlar atmasını gözləyir. Lakin Ermənistan hökumətinin indiyədək mövqeyi bu prosesi əngəlləyir. O, hesab edir ki, bu gözləntilərin reallaşması üçün beynəlxalq təzyiq mexanizmlərinin tətbiqi vacibdir.
“Amma bu məsələdə də ikili yanaşma mexanizmi işə düşür. Nəzərə almaq lazımdır ki, Ermənistan regional sabitlik və qonşuluq siyasəti çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə borcludur.
Ermənistanda boş qalan kəndlərin öz tarixi sakinləri ilə məskunlaşdırılması qarşı tərəfin öhdəliyidir. Bu məsələnin həlli üçün beynəlxalq təşkilatların vasitəçilik etməsi və Ermənistan hökumətinin Qərbi Azərbaycan İcması ilə dialoqu zəruridir. Əgər
Ermənistanın baş naziri Qərbi Azərbaycan İcmasının nümayəndələrini qəbul edərsə, problemlərin birbaşa müzakirəsi və həll yolları daha asan tapıla bilər.
Bu addım Ermənistanın beynəlxalq öhdəliklərə və demokratiya prinsiplərinə uyğun addımını göstərə bilər.
Əks halda, Ermənistanın "Avropa demokratiyası" iddiaları şübhə altına alınır”.
B.Quliyev hesab edir ki, ATƏT və Avropa Komissiyası azərbaycanlıların hüquqlarının bərpası məsələsində kifayət qədər təsirli mövqe ortaya qoymalı və insan hüquqları ilə bağlı müvafiq mexanizmləri işə salmalıdır.
“Qərbi azərbaycanlıların öz yurdlarına qayıdış hüququnu dəstəkləməsi lazımdır. Avropa Komissiyasının bu məsələyə laqeyd yanaşması onun insan hüquqları sahəsindəki obyektivliyini sual altına qoyur”.