EN

Azərbaycanda su ehtiyyatlarının azalmasının qarşısını almaq üçün hansı tədbirlər görülür?

Ekoloq Azərbaycanda su çatışmazlığının əsas səbəblərindən danışıb.

Su ehtiyatlarının azalması, dünya miqyasında əhalinin sürətlə artması, iqlim dəyişikliyi, sənayeləşmə və yanlış su idarəetməsi nəticəsində getdikcə daha çox ciddi bir problemə çevrilir. Bu proses, həm təbii su resurslarının tükənməsi, həm də onların keyfiyyətinin pisləşməsi ilə əlaqədar olaraq, insan həyatına, kənd təsərrüfatına və ekosistemlərə dərin təsir göstərir.

Bəs Azərbaycanda su ehtiyyatlarının azalmasının qarşısının alınması üçün hansı tədbirlər görülməlidir?



Məsələ ilə bağlı "Operativ Media"ya danışan ekoloq Rövşan Abbasov bildirib ki, Azərbaycanın su ehtiyatlarında əhəmiyyətli azalmalar müşahidə olunur:

"Azərbaycanda su ehtiyatları daha çox iqlim dəyişmələrinin və yuxarı axınlardan su götürmələrinin təsirinə məruz qalır. Bu səbəbdən də Azərbaycanın su ehtiyatlarında əhəmiyyətli azalmalar müşahidə olunur. Və bu azalmalara uyğunlaşmaq üçün Milli Su Strategiyası hazırlanmışdır. Bu strategiyanın əsasları isə ondan ibarətdir ki, mümkün qədər daha çox suya qənaət edilsin".

Ekoloq bildirib ki, Azərbaycanda su çatışmazlığının əsas səbəblərindən biri də həm suvarma əkinçiliyində, həm də içməli su sektorunda olan su itkiləridir:

"Müstəqil ekspertlərin hesablamalarına görə, Azərbaycanda ənənəvi üsulla suvarmada sahələrə verilən suyun 60-70 faizi itirilir, yalnız 30 faizi sahələrə gedib çatır. Və bunun təsərrüfat baxımından dəyişilməsi çox çətin məsələdir. Hal-hazırda bu istiqamətdə işlər gedir, amma işlər daha da sürətləndirilsə, daha yaxşı olar. Ayrı-ayrı iqtisadi regionlar üçün yenilənmə planları hazırlanmalıdır və bu mütləq bir mənada müəyyən imkanlarla həm ekspert, həm də maliyyə imkanları ilə uzlaşmalıdır. Çox yaxşı olardı ki, planların hazırlanması zamanı təkcə mühəndislər yox, həm də su menecerləri bu məsələlərdə iştirak etsinlər. Mən şəxsən gözləyirəm ki, bu problemlər daha tez həll olunsun. Təəssüf ki, hələlik bu sahədə irəliləyişlər kifayət qədər deyil".

Rövşən Abbasov digər vacib bir məsələnin isə yağıntılarla bağlı olduğunu bildirib:

"Qar ehtiyatları getdikcə azalır. Bu da iqlim dəyişmələrinin təsiridir. Bu, ona səbəb olur ki, akkumulasiya olunan su azalır və bu, o deməkdir ki, yay aylarında ölkəmiz su qıtlığı yaşaya bilər. Amma qış hələ yeni başlayıb. Yanvar-fevral-mart aylarında da qar yağır. Bir qədər səbirli olub, o ayları da müşahidə etmək lazımdır".

 Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) "Operativ Media"ya verilən məlumata görə, hazırda Azərbaycanda kifayət qədər su eytiyatı var:

"Şirin su ehtiyatlarımızın böyük hissəsi, təxminən 70 faizi transsərhəd çaylarının payına düşür. Buna misal olaraq şimaldan gələn Samur çayı ilə qidalanan Taxtakörpü Su Anbarını göstərmək olar. Hazırda ölkənin yerüstü su ehtiyatları 27 kubkilometr təşkil edir. Yeraltı sularının illik istismar həcmi isə 9 milyard kubmetrə yaxındır.  Hazırda kifayət qədər su eytiyatımız var. 
Respublikamızda 140-a qədər su anbarı var. Bunların ən böyükləri Kür çayı üzərindəki Mingəçevir, Şəmkir, Araz çayı üzərindəki Araz, Tərtər çayı üzərindəki Sərsəng su anbarlarıdır. Su anbarlarının ümumi sahəsi 87 min hektar, suyunun həcmi isə 22 kubkilometrə yaxındır".

Bildirilib ki, bu rəqəmlərə baxmayaraq ümumiyyətlə dünya su qıtlığı problem yaşır. Bu mənada biz hər qram suyumuza qarşı qənaətlə davranmalıyıq:

 

Azərbaycanın su resurslarının qorunması və səmərəli istifadəsi üçün "Azərsu"nun yaxın gələcəkdə planlaşdırdığı innovativ layihələr hansılardır?



Qurumun mətbuat katibi Ceyhun Musaoğlu bildirib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 10 oktyabr 2024-cü ildə  “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb:

"Milli Strategiyanın icrası su ehtiyatlarının artırılmasını, keyfiyyətli içməli su və suvarma suyu ilə təminatın yaxşılaşdırılmasını, həmin sahədə idarəetmənin müasirləşdirilməsini, habelə beynəlxalq konvensiyaların tələblərinə riayət edilməsi istiqamətində əməkdaşlığın inkişafını nəzərdə tutur. Milli Strategiya 2024−2040-cı illəri əhatə etməklə üç mərhələdə həyata keçiriləcəkdir: Birinci mərhələdə 2024−2027-ci illər ərzində zəruri infrastruktur yaradılması və idarəetmənin təkmilləşdirilməsi nəzərdə tutulur. 

2028−2030-cu illəri əhatə edən ikinci mərhələdə təməl şərtlərin möhkəmlənməsi əsasında “təmiz su və sanitariya”, “iqlim dəyişikliyinə qarşı mübarizə”, “dəniz ekosisteminin mühafizəsi” və “torpaq ekosisteminin mühafizəsi” kimi Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının qəbul etdiyi Dayanıqlı İnkişaf Məqsədlərinə üstün şəkildə yaxınlaşma təmin ediləcəkdir. 
2031−2040-cı illəri əhatə edən üçüncü mərhələdə hidroekoloji böhranların innovativ texnologiyalar əsasında effektiv idarə olunması, su ehtiyatlarının artırılması, habelə alternativ su mənbələrindən istifadəni genişləndirməklə dayanıqlı və keyfiyyətli suya tələbatın ödənilməsi təmin edilməsi planlaşdırılır".

 

O, həmçinin qeyd edib ki, su itkisinin qarşısını almaq üçün infrastrukturun yenilənməsi və texnologiyaların tətbiqi sahəsində müxtəlif addımlar atılır:

"Milli Strategiyada o da qeyd olunur ki, hidroekoloji böhranların innovativ texnologiyalar əsasında effektiv idarə olunması, su ehtiyatlarının artırılması, habelə alternativ su mənbələrindən istifadəni genişləndirməklə dayanıqlı və keyfiyyətli suya tələbatın ödənilməsi təmin ediləcəkdir.

Məişətdə, sənayedə, kənd təsərrüfatında istifadə oluna biləcək suların yenidən bərpası, yararlı hala gətirilərək təkrar istifadəsi əsas hədəflərdən biridir. Milli Strategiyanın Proqramında bu işləri görmək üçün müvafiq qurumlarla əlaqələndirici sistem qurulub. ADSEA bu istiqamətdə işlər görür. 

Onu da qeyd edək ki, yağış sularının idarə olunması Azərbaycan üçün yeni bir sahədir. 

“Bakı şəhərinin Baş Planı – 2040” sənədində şəhər ərazisində yağış drenaj boru xətləri ilə məişət kanalizasiya xətlərinin bir-birindən ayrılması, yağış sularının toplanması və təkrar istifadəsinin təşkili nəzərdə tutulub. Layihəyə uyğun olaraq müxtəlif səthlərdən yağış suları mərkəzi sistemin borularına yönləndirilərək borular vasitəsilə yeraltı anbarlara toplanacaq. Daha sonra yağış suları filtrasiya və sterilizasiya proseslərindən keçirilərək istehsal sahələrində və suvarmada istifadəyə yönləndiriləcək.
Ümumilikdə alternativ su mənbələrindən istifadə, tullantı sularının təkrar, o cümlədən yağış sularından təkrar istifadə müşahidə edilən iqlim dəyişmələri fonunda günün aktual mövzularından olmaqla diqqət mərkəzindədir".


Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə ekologiya və ətraf mühitin mühafizəsi mövzusunun təşviq edilməsi istiqaməti üzrə hazırlanıb.



Nərmin Qocamanlı

1Sources