EN

Covid-dən 30 qat daha ölümcül bir epidemiya qapıdadır

ABŞ-ın Luiziana ştatında bir nəfər H5N1 kimi tanınan quş qripi virusundan dünyasını dəyişib. ABŞ-da quş qripi ilə əlaqəli ilk məlum ölüm elmi ictimaiyyətdə böyük narahatlıq yaradıb.

News24.az xəbər verir ki, mərhumdan götürülmüş nümunələr virusun insanın yuxarı tənəffüs yollarının hüceyrələrinə bağlanma qabiliyyəti qazandığını göstərib. "New England Journal of Medicine" Kanadanın Vankuver şəhərində xəstəxanaya yerləşdirilən 13 yaşlı qızda da oxşar mutasiyanın aşkar edildiyini açıqlayıb. Quş qripi virusunun insanlar arasında daha asan yayılmaq üçün təkamülə keçə bilməsi ehtimalı elm adamlarını qorxudur.

Bu təkamül baş verərsə, dünyada Covid-19-un səbəb olduğu ölümlərin sayını ötəcək pandemiya riski daha yüksək ola bilər.

Xatırladaq ki, quş qripi ilə bağlı qorxular sonuncu dəfə 2004-cü ildə Taylandda bir qız anasına və xalasına virus ötürdükdə gündəmə gəlib. O zaman quş qripinin t*rror qədər böyük təhlükə olduğu bildirilib və Britaniya hökuməti fövqəladə hallar xidmətlərinə 750.000 ölümə hazırlaşmaq üçün xəbərdarlıq edib.

Bu yaxınlarda Şimali Amerikada quşçuluq ciddi şəkildə təsirləndi və virus bir çox məməli növlərinə də yayılıb. Müxtəlif heyvanlar, o cümlədən siçanlar, minkslər, dələlər, keçilər, tülkülər, su samurları, ayılar, dağ aslanları, suitilər, delfinlər və ev pişikləri yoluxub. Zooparklar da bu vəziyyətdən təsirlənib. Vaşinqton qoruğundakı böyük pişiklərin yarıdan çoxu ölüb.

Qeyd edək ki, ötən ayın sonunda quş qripinə yoluxmuş amerikalıların sayı 66 nəfərə çatıb. Halbuki əvvəlki iki ildə bu rəqəm cəmi 2 idi. Amma yaxşı xəbər odur ki, insanların çoxu xəstəliyə birbaşa toyuqdan və ya mal-qaradan yoluxmuşdu və xəstəlik çox yüngül keçirmişdilər.

Daily Mail-də yer alan xəbərə görə, pandemiya başlayarsa, onu dayandırmaq son dərəcə çətin olacaq. İndiyədək quş qripinə yoluxan 900 nəfərin təxminən yarısı dünyasını dəyişib. İnfeksiyalar yayıldıqca bu dəhşətli ölüm sayı azala bilər, lakin bəzi ekspertlər ölüm nisbətinin 25-30 faizə çata biləcəyindən narahatdırlar. Bu göstərici Covid-19-dan ölüm nisbətindən xeyli yüksəkdir.

Mütəxəssislər bildirirlər ki, yeni pandemiya vəziyyətinə hazırlaşmaq üçün daha yaxşı peyvəndlər hazırlanmalı, virusa qarşı dərmanlar hazırlanmalı və onların sürətlə yayılması yolları tapılmalıdır. Belə bir epidemiyanın qarşısını almaq üçün daha güclü səhiyyə infrastrukturunun yaradılması da çox vacibdir.

Günel Məlikzadə


Chosen
12
news24.az

1Sources