EN

Yatılı məktəblərdə şagirdlər daha məsuliyyətli böyüyür

Bu gün bir çox valideyn övladlarının aşağı siniflərdən etibarən yatılı məktəblərdə təhsil almasını dəstəkləyir. Lakin bəziləri hesab edir ki, bu seçim uşaqların gələcək inkişafına mənfi təsir göstərə bilər.

 

Maraqlıdır, bu vəziyyətin uşaqların həyatına təsiri nə qədər realdır? Ümumiyyətlə, kiçik yaşlardan ailədən uzaq bir mühitdə təhsil almaq həmin uşaqların gələcəyinə necə təsir edir?

 

AzEdu.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirib ki, yatılı təhsil müəssisələrində təhsil alan şagirdlər müstəqil qərarlar qəbul etməyi öyrənir və daha bacarıqlı olur:

 

“Yatılı təhsil müəssisələri, istər Azərbaycanda, istərsə də xarici ölkələrdə iki əsas istiqamətdə fəaliyyət göstərir. İlk növbədə, xüsusi təyinatlı akademiyalar var. Bu kateqoriyaya Dövlət Təhlükəsizlik Xidmətinin Akademiyası, Polis Akademiyası, Daxili Qoşunlar Akademiyası, Dövlət Sərhəd Xidməti Akademiyası, Fövqəladə Hallar Nazirliyinin Akademiyası və hərbi akademiyalar daxildir. Bu təhsil müəssisələrində tələbələr həftə içi beş gün yataqxanada qalır və yalnız həftə sonları evə getməyə icazə verilir.

İkinci istiqamət isə özəl və bəzi dövlətə bağlı təhsil müəssisələridir. Bu müəssisələrdə şagirdlər həftə içi yataqxanada qalır, həftə sonları isə evə gedə bilirlər. Bu məktəblərə 4, 5, 6, 9 və 11-ci siniflərdən başlayaraq qəbul olunur”.

 

Həmsöhbətimiz əlavə edib ki, ibtidai sinif dövründə uşaqların valideynlərinin yanında böyüməsi daha məqsədəuyğundur:

 

“Lakin ibtidai sinifi bitirdikdən sonra yatılı məktəblərdə təhsil almağın uşaqlar üçün ciddi bir maneə yaratmadığını düşünürəm. Bu prosesdə valideynlərin diqqətli olması vacibdir, çünki bəzi uşaqlar müxtəlif təzyiqlərlə üzləşə bilər, bu isə onların inkişafına və ya müstəqilliyinə mənfi təsir göstərir. Buna görə də valideynlər mütəmadi olaraq məktəb rəhbərliyi və müəllimlərlə əlaqə saxlamalı və görüşlər keçirməlidir.

Yatılı təhsil müəssisələri yalnız Azərbaycanda deyil, inkişaf etmiş xarici ölkələrdə də geniş yayılıb. Valideynlər bu təhsil formasına böyük maraq göstərir, çünki yatılı məktəblər şagirdlərə müstəqillik qazandırır və onların məsuliyyət hissini artırır. Burada şagirdlər evdə valideynlərin göstərdiyi xidmətləri özləri həyata keçirməli olurlar. Məsələn, yatağın yığılması, ayaqqabıların təmizlənməsi, yeməkdən sonra qabların yığılması kimi işlər şagirdlərin öz məsuliyyətinə düşür.

Bundan əlavə, şagirdlər öz qayğılarına özləri qalır ki, bu da onların şəxsiyyətinin daha sağlam inkişaf etməsinə səbəb olur. Yatılı təhsil müəssisələrində təhsil alan şagirdlər müstəqil qərarlar qəbul etməyi öyrənir və daha bacarıqlı olur”.

 

Ekspert vurğulayıb ki, ev şəraitində böyüyən uşaqlarla yataqxana şəraitində böyüyən uşaqlar arasında böyük fərqlər müşahidə olunur:

 

“Yataqxanada böyüyən şagirdlər geyim, səliqə-səhman və müstəqil davranış baxımından daha fərqlənir və inkişaf edir. Halbuki ev şəraitində böyüyən uşaqların bəziləri hətta yataqlarını yığmaq və ya yemək qablarını masadan götürmək vərdişlərinə malik olmur.

Nəticə etibarilə, yatılı təhsil müəssisələri uşaqların şəxsiyyət və bacarıqlarının inkişafında mühüm rol oynayır və onların daha müstəqil və məsuliyyətli fərdlərə çevrilməsinə kömək edir”.

Chosen
15
azedu.az

1Sources