EN

MÜNASİBƏTLƏRDƏ MANİPULYASİYA - QHT psixoloqu yazır

Manipulyasiya münasibətlərin dinamikasıdır. Bir insanın başqa birini kontrol etməyi, hisslərinə və düşüncələrinə təsir etmək istəyidir. Münasibətlərdə istəyinə çatmaq və hökmranlığını saxlamaq üçün çox incə taktika və metodlardan istifadə edilir.

Manipulyasiya zamanla özünü göstərən bir prosesdir. Manipulyatorlar susmağı, şikayət etməyi, söz kəsməyi sevirlər.

Manipulyasiyanın ilkin əlamətləri:

  1. Sizi tədricən dostlardan, əzizlərdən uzaqlaşdırmaq: İlk başda bu çox incə şəkildə baş verir. O insan deyə bilər: “Ora niyə gedirsən? Mən sənsiz darıxacam!” Zamanla tələblər daha aqressiv formada özünü göstərəcək.
  2. Hər zaman dəstək gözləmək: O insan sizə qarşı səhv etsə də, siz ona dəstək olmalı və onu bağışlamalısınız.
  3. “Bunlar hamısı sənə görədir” kimi ifadələr: Hər an iradlar və şikayətlər eşidəcəksiniz.
  4. Susmağı sevmək: Sağlam münasibətlərdə tərəflərdən biri tək qalmaq istəyəndə bir müddət sonra geri dönərək açıqlama verir. Amma manipulyator tam əksinə davranır. Uzun zaman səbəbini demədən susur, sizin əzab çəkməyinizi, hətta yalvarmağınızı gözləyir.

Psixoloji manipulyasiya hər yaşda və hər cinsdə ola bilər. Kişilər daha çox fiziki aqressivliyə meyilli olsalar da, psixoloji manipulyasiyaya hər iki tərəf meyilli ola bilər. Manipulyasiyanın qurbanı ən çox travmalı insanlar, diqqətə və sevgiyə ehtiyacı olanlardır. Münasibətlərin ilk vaxtlarında manipulyator sizə komplimentlər deyir, gələcək planlar qurur, müsbət enerji verir.

Normal münasibətlərdə qurban və xilaskar olmamalıdır. Bu kimi toksik münasibətlər davam etdikcə insan fiziki, mənəvi, psixoloji tükənir. Münasibətlər davam etdikcə buna son qoymaq daha çətinləşir. İlk günlərdən “bəlkə yaxşı olar”, “zamanla düzələcək” kimi düşüncələrlə özünüzü aldatmayın. Əgər həyatınızda manipulyator varsa, sizə ağır gələcək hər şeyi təkrar-təkrar edəcək. Özünüzdə güc tapıb belə insanlardan uzaq durmağı bacarmalısınız. “Mənə şans ver”, “mənə zaman lazım”, “mən düzələcəm” kimi sözlərə inanmayın. İlk günlər yaxşı başlayan münasibətlər təkrar sizi üzəcək şəkildə davam edəcək.

Sevgiylə qalın!

 

Samirə İsmayılova

“Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin Psixoloqu

Chosen
3
qht.az

1Sources