Son zamanlar Azərbaycanda estetik əməliyyatlar dəb halını aldığından ona üstünlük verənlərin sayı hər ötən gün bir qədər də artır. Halbuki bir neçə il əvvələ qədər estetik əməliyyat dedikdə, ağıla ən çox rinoplastika – burun əməliyyatları gəlirdisə, indi artıq estetik əməliyyatların əhatə dairəsi genişlənib. Artıq qadınlar abdominoplastika (qarın gərmə), popoplastika (omba böyütmə), mammoplastika (sinə plastika), liposaksiya (idmanla əriməyən piylərə tibbi müdaxilə) və bir sira riskli əməliyyatlara girməkdən də çəkinmirlər. Təəssüf hissilə də olsa, qeyd etməliyik ki, az qala hər gün plastik əməliyyatlar nəticəsində yaşanan faciələrin, insan ölümünün və digər ciddi fəsadların şahidi oluruq.
İnsanın xarici görünüşündə hansısa bir qüsur varsa və bu onda kompleks yaradır, depressiyaya salırsa, əlbəttə estetik əməliyyat etdirə bilər. Lakin bir çox qadınlar ehtiyac oldu-olmadı bu riskli əməliyyatlara üz tutur, araşdırmadan bu sahədə işinin peşəkarı olmayan həkimlərə müraciət edirlər. Nəticədə isə gözəlləşmək əvəzinə həddən artıq qorxunc hala düşür və sağlamlıqlarına ciddi zərər dəymiş olur.
Təəssüfləndirici hal odur ki, bu gün artıq bəzi kişilər də xarici görünüşündə lazımsız dəyişikliklər etməyə başlayıb.
Məsələn, “İnstagram”da “Qulaq qırmaq” adı ilə fəaliyyət göstərən səhifələr mövcuddur. Yüzlərlə paylaşımı olan səhifəyə yazılan şərhləri gördükdə aydın olur ki, bir çox gənc bura üz tutaraq, sağlam qulağını qırdırır.
Maraqlıdır, insanların bu cür əməliyyatlara üstünlük verməsi hansı səbəbdən yaranır? Niyə əksər qadınlar gözəl görünmək üçün ən riskli əməliyyatlara girir? Qulaqlarını bilərəkdən sındıran kişilərdə özgüvən problemi varmı? Yeni nəsli bu cür bəlalardan qorumaq üçün nə etməliyik?
Mövzu ilə bağlı Publika.az-a danışan klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirdi ki, estetik əməliyyatların və sosial mediada yayılan zərərli trendlərin artması psixoloji problemlər yaradır:
“İnsanların özünüdərketmə prosesində sağlam yanaşma formalaşdırmaq üçün həm fərdi, həm də ictimai səviyyədə addımlar atılmalıdır. Düşüncənin sağlamlığı hər bir fərdin özünü olduğu kimi qəbul etməsindən başlayır. Sosial mediada və reklamlarda təbliğ edilən gözəllik standartları insanların bədənlərinə tənqidi yanaşmasına səbəb olur. Gözəllik standartlarının təsiri altında insanlar özlərini daha cazibədar hiss etmək və cəmiyyətdə qəbul olunmaq üçün riskli əməliyyatlara müraciət edirlər.
Cəmiyyətdə gözəlliklə bağlı formalaşan sərt standartlar insanların özlərinə daha tənqidi yanaşmasına səbəb olur. Sosial mediada yayılan mükəmməl bədən obrazı insanlarda özünəinamsızlıq yaradır və estetik dəyişikliklərə təhrik edir. Texnologiyanın inkişafı da bu marağın artmasında böyük rol oynayır. Əməliyyatlar indi daha sürətli, ağrısız və təhlükəsiz keçirildiyi üçün bu prosedurlar adi tibbi müdaxilə kimi qəbul edilir. Ancaq bu asanlıq bəzən təhlükəli nəticələrə gətirib çıxara bilər”.
Kişilər arasında yayılan və "Qulaq qırmaq" kimi tanınan yeni trendən danışan psixoloq bunun xüsusi narahatlıq yaratdığını qeyd etdi:
“Bu prosedur sağlam qulaqların bilərəkdən zədələnməsi və “unikal görünüş” əldə etmək məqsədilə edilir. Bu davranışın arxasında özgüvən problemi və diqqət çəkmək arzusu dayanır. Bu trend sosial media vasitəsilə geniş yayılaraq gənclərin marağını artırır. Bu davranışlar əsasən diqqət mərkəzində olmaq və ya başqalarından fərqlənmək istəyindən qaynaqlanır. Sosial mediada belə trendlərdən təsirlənən gənclər özlərini başqaları ilə müqayisə edərək, bu cür riskli addımlar atırlar.
Bu cür tendensiyalar bir sıra mənfi nəticələrə səbəb ola bilər. İlk növbədə, fiziki zərər riski artır. Riskli əməliyyatlar bədəndə daimi problemlər və hətta həyat üçün təhlükəli vəziyyətlər yarada bilər. İkinci problem isə psixoloji travmalardır. İnsanlar bəzən əməliyyatların nəticəsindən razı qalmır, bu isə dərin məyusluq və özünə qarşı nifrət hissinə səbəb ola bilər. Üçüncüsü, belə trendlərin gənclər arasında normallaşması onların yanlış davranışları təqlid etməsinə gətirib çıxarır”.