Qusar şəhərində bəzi mərkəzi küçələrin asfalt örtüyü yararsız vəziyyətə düşüb.
Bu barədə "Report"un Şimal bürosuna Qusar şəhər sakinləri məlumat veriblər.
Onların sözlərinə görə, rayon mərkəzində bir sıra küçələrə yeni asfalt örtüyü çəkilsə də, şəhərin Əmir Mustafayev və Tolstoy küçələri əsaslı təmir işlərindən kənarda qalıb. Sakinlər bildiriblər ki, şəhərin mərkəzində yerləşən bu küçələrin asfaltlanmaması onlar üçün müəyyən problemlər yaradır.
Xüsusilə, payız-qış mövsümündə yağıntıların intensivləşməsi nəticəsində həm piyadaların, həm də nəqliyyat vasitələrinin hərəkəti xeyli çətinləşir. Belə bir şəraitdə məktəblilərin qayğıları daha da artır – onlar nə qədər çalışsalar da, qeyd olunan küçələri palçığa bulaşmadan keçə, evdən məktəbə və ya əksinə, səliqəli vəziyyətdə gələ bilmirlər.
Sakinlər asfalt problemi ilə əlaqədar rayonun aidiyyəti dövlət qurumlarına təkrar-təkrar müraciət etdiklərini, hətta məsələyə məsul məmurların qəbulunda olduqlarını da bildiriblər. Lakin hər dəfə “Problemin həlli nəzarətimizdədir” cavabını alıblar. Ətrafdakı küçələrdən fərqli olaraq, adları çəkilən iki küçənin indiyə qədər asfaltlanmamasının səbəbi sakinlər üçün hələ də qaranlıq qalır.
Məsələ ilə bağlı Qusar Rayon İcra Hakimiyyətindən "Report"un yerli bürosuna bildirilib ki, haqqında danışılan küçələrdə təmir işlərinin cari ildə həyata keçirilməsi planlaşdırılır:
“Yolların asfaltlanması ilə bağlı qeyd edək ki, ayrılan maliyyə vəsaiti hesabına rayon ərazisində 2024-cü il ərzində 8 küçəyə asfalt örtüyü çəkilib. Rayonun müvafiq ərazisindəki ara yolların bu il asfaltlanması nəzərdə tutulur. Bu istiqamətdə işlər davam etdiriləcək”.