Ölkənin birinci bankı Kapital Bank-ın İdarə Heyətinin Sədri, Baş İcraçı direktor Fərid Hüseynovun dünyanın ən nüfuzlu jurnallarından biri olan “TIME” jurnalının xüsusi buraxılışında müsahibəsi yayımlanıb.
Müsahibədə Hüseynov Kapital Bank-ın 150 illik zəngin tarixindən və bu illər ərzində ölkənin bankçılıq sektoruna gətirdiyi innovativ həllərdən bəhs edib. O, bankın rəqəmsal transformasiya prosesində süni intellektin tətbiqinə xüsusi diqqət yetirdiyini və bunun nəticəsində müştərilərə təqdim olunan rəqəmsal həllərin keyfiyyətinin əhəmiyyətli dərəcədə artdığını vurğulayıb. Bankın sədri, eləcə də Kapital Bank-ın yaşıl bankçılıq prinsiplərinə sadiq qalaraq ətraf mühitin mühafizəsinə töhfə verdiyini və müştəri məmnuniyyətini hər zaman ön planda tutduğunu bildirib.
Kapital Bank-ın qeyri-neft sektorunda ölkə iqtisadiyyatının inkişafına dəstək olan maliyyə institutlarından biri olduğunu qeyd edən Hüseynov, bu istiqamətdə bankın infrastruktur layihələrinə, təhsilin inkişafına yatırdığı investisiyalardan danışıb. “Yeni texnologiyanın gücündən tam istifadə etmək üçün güclü və istedadlı komandaya daim ehtiyac var və bu istedadların sizinlə qalmasını təmin etməlisiniz. Kapital Bank-ın Azərbaycanda beş milyondan çox müştərisi var. Bank olaraq bizi müştəri mərkəzli xidmətdə zirvələrə daşıyan əməkdaşlarımızın da daxili müştərilərimiz olduğunu və onların rifahına da önəm verməyin vacibliyini anlayırıq”. O, həm də 5000-dən çox əməkdaşı ilə Kapital Bank-ın ölkənin əmək bazarının inkişafına da əhəmiyyətli töhfəsini vurğulayıb.