EN

Ridle Baku “Volfsburq”u “Leypsiq”ə dəyişdi

Futbol üzrə Almaniya millisinin və “Volfsburq”un sağ cinah müdafiəçisi Ridle Baku bundan sonra “Leypsiq”in formasını geyinəcək.

Arena.az bu barədə Almaniya klublarının rəsmi saytlarına istinadən xəbər verir.

“Leypsiq” bu transfer üçün 4,5 milyon avrosundan keçib. 26 yaşlı futbolçu yeni klubu ilə 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqaviləyə imza atıb.

Ridle Baku “Maynts”ın yetirməsidir. O, “Volfsburq”a 2020-ci ilin oktyabr ayında 10 milyon avro müqabilində keçmişdi. Sağ cinah yarımmüdafiəçisi və vinger kimi də oynamağı bacaran Baku, “Volfsburq”un heyətində 166 oyun keçirib, 20 qol vurub, 25 məhsuldar ötürmə müəllifi olub.

Baku Almaniyanın U-18, U-19, U-20 və U-21 yığmalarında oynadıqdan sonra 2020-ci ilin noyabrında əsas millidə debüt edib. O, Almaniya millisinin heyətində 4 oyun keçirib, 1 qol və 1 assistlə yadda qalıb.

“Volfsburq” Ridle Bakudan başqa daha iki oyunçusu ilə vidalaşıb. Belə ki, müdafiəçi Sedrik Seziger Bundesliqanın digər təmsilçisi “Auqsburq”a, dayaq yarımmüdafiəçisi olan Bartol Franyiç isə Zaqreb “Dinamo”suna (Xorvatiya) icarəyə verilib.

Sedrik Seziger peşəkar karyerasına İsveçrənin “Ksamaks” klubunda başlayıb. “Qrassopper” və “Yanq Boyz”da da oynamış 26 yaşlı isveçrəli futbolçu “Volfsburq”a 2023-cü ilin iyul ayında 5 milyon avro müqabilində keçmişdi. O, Bundesliqa klubunun heyətində cəmi 34 oyun keçirib, məhsuldarlıq nümayiş etdirməyib.

İsveçrənin U-18, U-19, U-20 və U-21 yığmalarında da oynamış Seziger ölkəsinin əsas millisində cəmi 4 matç keçirib, fərqlənə bilməyib.

Bartol Franyiç isə elə Zaqreb “Dinamo”sunun yetirməsidir. 24 yaşlı xorvat futbolçu “Volfsburq”a 2022-ci ilin oyulunda 7,5 milyon avro müqabilində keçmişdi. O, Bundesliqa təmsilçisinin heyətində cəmi 20 oyuna çıxıb, fərqlənə bilməyib. Yarımmüdafiəçi əvvəlki illərdə “Darmştadt” və Donetsk “Şaxtyor”unda da icarədə olub.

Xorvatiyanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış Franyiçə əsas millidə debüt etmək qismət olmayıb.

Chosen
7
arena.az

1Sources