EN

Həm savaşdım, həm sevişdim bu qızla - Həmid Herisçi

Kulis.az Həmid Herisçinin “Emmet Kentli” imzası ilə yazdığı şeirləri təqdim edir.


RUHLAR MƏNİM QONŞUMDUR

Masanın bir tərəfi
soyuq divara söykənibsə,
demək,
arxasında oturanların biri ölüb...
Sən bunu görüb
cahanın faniliyini
anlayacaqsan,
incə bir hərəkətinlə
o masanı divardan
aralayacaqsan...
Orda mərhumların ruhunu
oturdacaqsan...
Orda
sənin atan otururdu,
sənin atan!
Geciksə də
gələcək o, bir gün
o biri dünyadan...
çağıracaq bir gün səni
o biri otaqdan...


TABUTUNU YONACAQ RƏNDƏ

Dərin sükutməzarlığa tam hakimdi.
Bənnanın iti baltası, qəfil, daşa dəydi.
Səsi, ancaq daxilimi oyatdı.
Zahirdə elə əvvəlkiydim.
Tabutumu yonacaq
RƏNDƏ!
BƏNDƏ!
NÜMAYƏNDƏ!
OYUNDAN TAM KƏNAR VƏZİYYƏTDƏ,
FUTBOLUN 89-cu
DƏQİQƏSİNDƏ
Bax, bu gördüyum mənzərədəydi.
BƏLKƏ DƏ.

Bu Tağıyev Azər, bizim ailə məzarlığımızda divar, gor qonşusudur.
HƏM DƏ
Dünyasını dəyişib 30 apreldə.
Eynən mən doğulduğum
Tarixdə!
BƏXTƏ BAX EY,
BU BƏDBƏXTDƏ!
Bir gün
MƏNLƏ DƏ
Qonşu olacaq.
Eyni tarix bir mənzərədə.
Ancaq fərqli
QƏBİRLƏRDƏ!
EYNİ RƏQƏMLƏRDƏ!

Tabutunu yonacaq
RƏNDƏ
BƏNDƏ
NÜMAYƏNDƏ
bax bu gördüyum mənzərədəydi.

Rəndə təzəydi.
Məni yonmaq həvəsində,
musiqisindəydi.
Buludların kəfənindəydi
Sütunsuz göylərim.
Məsum mələyim.
Mənsiz mələyim.

Ancaq, sən tələsmə,
uyma, məzarım üstəki
BU SUİ-QƏSDƏ
tabutumu yonacaq rəndə...
Bəndə!

Sən də, Brut, sən də...

\


MODERN BAYATI-ŞİRAZ

Mafiya babası Eskobardan yox,
Kafe-barlardan yox...
Dənizkənarı bulvardan yox...
Elə bil, lay divarlardan,
Ayrıldı, qopdu, peyda oldu bu gözəl qız.
Restoran menyusuna gözucu baxıb
öz musiqisini pıçıldadı:
“Tomatsız…”
Axırı lap şahanəydi: “Uzatmayasız”.

Sonra qarışdı Nizami küçəsinin nizamsız boz kütləsinə.
Tanış heykəllərinə, yad bütlərinə.
Son izlərini “Cinema Plus” kinoafişaları tərəfdə itirdim.
Şanssızdım.
Bütün seansları, serialları ötürmüşdüm.
Ölü divarların əlvan film anonsları ilə
Kifayətlənməli oldum.
“Qaçdı-Tutdu” Filmi 28 noyabrdan 28 Mall Cinema-da. Axırda bir nəfər sağ qalacaq!” afişasının həyəcanlı elanı, deyəsən, elə mənim barəmdəydi.
Şanssızdım.
Qadınsızdım.
Kinoafişanın qaçan həriflərində
O qızın adını axtardım
Tapdım hətta.
Hollivudda da
Oxşarı vardı
Eyni adda.
Adının son hecası
dilimdə uzandıqca
Həm savaşdım, həm sevişdim bu qızla.
Sonra, bütün radiolarda bu sevgi, bu musiqi davam edirdi.
Eyni avazla.
Eyni cazla.
Hamı qoşuldu
Bu bayatı-şiraza.

TOY GÜNÜMDƏ

Toy günümdə
Özümü, üzümü qəfil
görmədim toy güzgümdə.
Sonra gördüm necə divardan silindi,
itdi
Qalın qara kölgəm də.
Məəttəl qaldım...
Məcbur qəzetlərə, “Yeni Musavat”a baxdım...
Rusca qəzetləri də yoxladım...
Axır, gördüm dünyanın siyasi xəritəsindən
Silinib doğma ölkəm də!
Toy günümdə - 12 iyun 1993-cü ildə
Hökumət yoxdu Bakıda.
Ay da, günəş də sallanırdı
Dar ağacının yoğun kəndirində
Göydə.
Toy günümdə - 12 iyun 1993-cü ildə
Taxt-tacda, hakimiyyətdə
Bircə məndim.
Vəzifədəydim.
Bir günlük xəlifəydim.
Zay bir ifadə donub qalmışdı hamının sifətində.
Aeroport yolunun sürət zolağı bombalamboşdu.
Polisləri tamam sərxoşdu,
Bu mənzərə kimə xoşdu?
Qəfil ürəkləndim.
Cürətləndim.
Bildim
Bu qopuq qəlpələri, zərrələri,
Sınmış mənzərəni
Yenidən yığmalıyam, sığışdırmalıyam
Toy güzgümün tərkibinə!
Toy günümdə Azərbaycanı döymüşdülər
Ölümünə...
Qəfil, bircə fitə, fitimə
İki fərqli ünvandan, bu ölü dünyamdan
bir cüt göyərçin qalxdı
xeyli aralı uçub, axır birləşdilər
ən uzaq üfüqdə
barmağımdakı üzük də
Parıldadı həmin saniyədə.
Yığdım, cəmlədim bütün sınıqları,
Qəlpələri, zərbələri,
Sınıq mənzərələri
öz toy güzgümdə
Dirildik qəfil
Bu came-cəmdə.
Mənim toy günümdə.
12 iyun 1993-cü ildə.
Telegüzgüdə.


QİYMƏTİM

1998-ci ildə
Ermənistan-Azərbaycan jurnalistlərinin görüşünü
İrəvanda hazırlamış Kanada hökuməti
Həyatımı 350 min dollar civarında sığortalamışdı.
Razılaşdırmışdı.
Sənədi imzalatdırmışdı
Mənə, Bakı rəsmilərinə,
Ermənilərə…

Həyatımın dəqiq qiymətini o vaxt bildim.
Azca sevindim…
Ancaq bildirmədim,
Özümü kiçiltmədim
Üzdə göstərmədim
Bu sevincimi…
İmzaladım masadakı müqaviləni.

İndi, otuz il sonra
Həmin rəqəmləri
Müqaviləni,
Bir killerə göstərdim...

Dedim: öldürsən əgər məni...
Məbləği sənlə bölürşərdim...

Dedi: həəə... o əjdahadı...
Bahadı...
Zirehli tısbağadır.

Mən isə, dükanlardakı endirimlərdən
İlhamlandım, deyəsən...
Dedim: bəlkə, aşağı enəsən?

Bu Həmidi lap ucuz öldürəsən?

Killler, inanmadı sənədə...
Gözlərinə.
Dedi, bu sənsən?
Hələ özünü öldürməyibsən?
Məbləği hələ bölüşdürməyibsən?
Səfehsən lap... səfehsən...
İndi sənə nə o yaşı verərsən...
Nə o qiyməti...

Gəl imzala yeni sənədi.
Unut köhnəsini.
Endirimli olacaq bu dəfə qiymət,
Endirimli...

AMERİKALI MƏLİKMƏMMƏD

Çox seriyalıdır “Məlikməmməd nağılı”
Bu nağılın lap axırı,
Sonadək qıcqırmış çaxırı
Həlledici, gizli son kadrı
Amerikadakı məxfi faylları
ABŞ yazarı Stiven Kinqin
"Survivor Type" hekayəsindədir.
Eyni sürətdədir,
eyni müqədddəs surədədir.
Yarıuçuq sərdabədədir.
Qotika xərabəliklərindədir.
Demək, süjet belədir:
Gəmi batıb, yeganə sərnişini - cərrah Richard Pine Pinzetti, təkbaşına kimsəsiz adadadır.
Deyirsiz, yamaqlı bir çadırdadır?
Yox. Buludların ağır yükü altındadır.
Acdır.
Nəyi dişinə vurursa, görür, bərkdir,
Qupquru qaxacdır.
Bir müddət aclığa dözür.
Yaxın adaya tərəf uğursuzcasına
bir üzür, iki üzür...
Axır, son həşaratları yeyib,
“Lənət şeytana!” deyib
özündən, acı taleyindən küsür.
Ətrafını gözləriylə yaxşı-yaxşı,
uzun-uzadı süzür...
Baldırından Məlikməmməd kimi
bir parça ət qopardıb üzür...
Bütün ağrılara dözür...
Bilmirəm, bu kimin beynidir
Ancaq, süjetlər tam eynidir.
Deməzdim tam yenidir.
Hə... “Məlikməmməd nağılı”nın sonu,
Bir qolu, çox vacib gizli boyu
İndi day azərbaycanca yox…
təmiz ingiliscədir.
Satmışıq…
Müəllif haqları
Artıq Stiven Kinqdədir.
Hə… Hələ uşaqlıqda hiss etmişdim
Bu Məlikməmməd ingiliscə də, deyəsən, bilir...
Bəlkə də elə ingilisdir.
şlyapalı bir iblisdir.
Ən adi xarici turistdir.
Ağ dünya ilə qara dünyanın arasında.
Yaşayır indi okeanın o tayında.
Amerikada.
İnterpol axtarışındadır.
Dosyesində yazılıb: “Dərin çapıq var baldırında”.

QƏTL GÜNÜ

Belə mərhumların mürdəşirləri də
Çox yaşamır sonra…
Üçdüyməli köynəkləri,
Andırları, soxaları
Tez götürülür üzdən.
Tez gizlədilir.
Yarımçıq əlyazmaları da
Həmçinin.
Potoloqoanatomun imzası isə,
Oxunmur sonra.
Hətta zərrəbinlə belə.

Hər iki mərhum – Kamil Nərimanoğlu və Arif Acalov eyni gündə,
bir ay fasilə ilə öldülər.
Biri 16 noyabrda, digəri 16 dekabrda.
İkisi də təxminən eyni peşəni, taleyi, ölümü bölüşdü.
İkisi də Elçibəyin müavini işləmişdi.
İkisi də Bakıya təzəcə gəlmişdi.
İki filoloq. Semiotik.
Azca nevrotik.
Eyni 16 rəqəmi…
Serial qatil, vallah, Əzrailə oxşamır.
Daha realdır, deyəsən.
Globalinfo.az xəbər verir ki, Kamil Vəli xalq hərəkatında iştirak edib. 1992-93-cü illərdə Elçibəy hakimiyyətində baş nazirin müavini vəzifəsini tutub. AXC(P)də sədrin müavini olub.
Bir ay öncə Türkiyədə yaşayan daha bir azərbaycanlı alim Arif Acalov da Bakıda yol nəqliyyat qəzasında həyatını itirdi. O da Əbülfəz Elçibəyin müşaviri olmuşdu.
Jurnalist, şair Həmid Herisçi hər iki alimin ölümünü mistik adlandırıb.
Deyib: bu dəfə Aqata Kristi detektivini biz yox…
Həyatın özü yazdı.
Deyib: bizə bu da azdı.
Deyib: qənaət etdiyiniz kağızı…
Deyib:
Hələ üçüncüsü də var.
Ancaq bu üçüncünü
Buraxıb iş-gücünü
kimsə axtarmayacaq.
P. S. Vacib detal - Kamil Vəli Nərimanoğluya bəzən KVN,
Yəni “Şən və hazırcavab” deyərdik öz aramızda, dar çərçivədə.
Axırmacalda
Əzrail də
Məhz bu adı səsləndirib.
Sənədləşdirib.


MƏMMƏDNƏSİR TİNİNDƏ

Yasamaldakı xudmani, sakit, ucuzvari “Uran” hotelində tək-tənhaydım. Televizorumda köhnə ağqara “Yeddi oğul istərəm” kinofilminin ilk kadrları sakitcə titrəyirdi - bayquş ulayır, qara qarğa bir quru budaqdan qopub, digərinə doğru qanadlanırdı. Meyvə ağacınını yoğun şah budağında bu dəfə armud yox... alma yox... insan cəsədi yırğalanırdı.
Düzü, nə bu qarğa uçuşunu, nə bu yetim cəsədi axıracan təqib edə bilmədim. Görünür, TV-də yox... öz canlı həyatımda oxşar filmə baxmalıydım.
Canlı rejimdə, sulu-sulu görməliydim sonrakı oxşar həyəcanlı hadisələri. Atışma səhnələrini.
Qədim məzardaşları arasında ölülərlə dirilərin əbədi, bitib-tükənməyən döyüşünü.
Hiss etdim - dəhlizə açılan qapının arxasında kimsə var.
Əlimi silaha uzatdığım vaxt cib telefonuma xaricdən, çox-çox uzaqlardan zəng gəldi.
Eşitdiklərimə təəccübləndim.
- Həmid bəy?
- Özüdü ki var.
- Təcili olaraq qaldığınız hoteli tərk edin. Özünüzü elə aparın ki, guya heç nə baş verməyib. Həyatınız təhlükə altındadır. Taleyiniz tükdən asılıdır.
Telefonu sağ qulağımdan ayırıb sol qulağıma sıxana qədər danışıq bitdi.
Son bəzi çox vacib sözləri eşitmədim. Qulağımdan qaçırdım.
Detektiv kinofilmlərin ritmi, surəti qəfil, bax, bu cür həyatıma sıçradı. Hərəkətlərim əvvəlcədən ölçülü-biçiliydi sanki. Astaca pəncərəni aralayıb eyvana adladım. Su navalçalarından ehtiyatla sallana-sallana aşağı sürüşdüm.
Navalça qarmaqlarından hər dəfə yapışıb bir pillə aşağı endikcə, son şeirimdən bir sətiri dönə-dönə təkrarlayırdım: “Mən navalçaları yağışa layiq yol bilmirəm”.
Hə... ağzım faldı. Bu paslı navalçalar indi yağışa yox... mənə çox yaraşırdı.
İki-üç dəqiqədən sonra məni artıq bu lənətəgəlmiş hoteldə kimsə aşkarlaya bilməzdi...
Qəribə əhvalat idi lap...
Kinoya oxşayırdı.
Endiyim yerdə kimsə hirsindən bir topa “Topaz” lotoreya biletini cırıq-cırıq etmişdi. Hirsi soyumamışdı. Bir qadın fotoşəklini də, üstəlik, didib parçalamışdı.
Küləyin bircə həmləsi bəsdi bu biabırçılığa.
Qanrılıb geri baxanda gördüm, day bu tində artıq heç kim yoxdu.
Bir həsirdi, bir də Məmmədnəsir.
P. S. Xalq yaddaşımızdakı “Məmmədnəsir” qədim assuriya hökmdarı Novuxadonossordan yadigardı. Yazığı burda tutub lüm-lüt soyublar.
Eləyiblər bir həsir, bir də Məmmədnəsir.

TATULAR DİRİLƏNDƏ

Divardakı “Ey insanlar, qulaq asın mənə, bir əclaflıq etdim dünən yenə” şüarına bir başqa xətlə “Xəbər gedib çatsın lap MTN-ə!!!” nidası artırılmış yerdə, həəə... dayandım. Fikirləşdim, niyə bəziləri ürək sözlərini məhz kor, lay divarlara açırlar? Səbəb nədi?
Tatulu əl qəbirdənmi xortladı bu vaxt? Yoxsa elə mənim daxilimdən? Özümdən? Yoxsa divardakı ən gözəgörünməz çatların birindənmi?
Ovcunun içi çox... çox dərin idi... dünyanın bütün nəzir pulları sanki sığardı bu dilənçi ovcuna.
Arxaya bir xeyli lal-dinməz addımlayıb axır soyuq divara dirəndim. Gördüm yox eyy... divara öz ürək sözlərimi yazmasan, bu divdi, əldi, nədi bilmirəm... məndən əlini üzən deyil.
- Əvvəl divara yazacaqsan ürəyindəkini. Sonra öz bədəninə.
Nə? Kim dedi bu sözləri? Bodi-art aşiqləri, həəə? Bilinmədi. Ancaq, acı həyat etiraflarımı bir gün nağıldakı kimi bu Məmmədnəsir tinində əvvəl kor divara, sonra...
Çox-çox sonra isə öz bədənimə, lap sonunda məzar daşıma yazacağım indidən bəlliydi.
Hə... həyatda, əslində, düz yox... tərs qanunlar işləkdi. Əvvəl həkim gəlir xəstənin üstünə, sonra Əzrail. Terrorçudan əvvəl jurnalist, telekamera gəlir labüd qəza nöqtəsinə. Sonra avara tamaşaçılar. Polis... Sonra... lap axırda terrorçu.
Qısası, belədi.
Bizdən sonra bir həsir qalacaq, bir də Məmmədnəsir.


TALE YÜKÜ

Anam Şölə xanım həmişə evimizdəki köhnə ağır kamoda kədərlə baxardı.
Sonra hamımıza:
- Kişi oğul istəyirəm, bu kamodu yerindən tərpətsin.
- İnşallah, Həmid böyüyüb tərpədər. – Atam Qafarzadənin cavabı həmişə eyniydi. Mənə tapşırmışdı o, bu ağır tale yükünü.
Evimizdə, həəəə, çoxdan, mən göz açandan köhnə Finlandiya kamodu var. Hitler zamanı istehsal edilib, deyilənə görə.
Arxasında da guya faşist nişanı, oxunulmaz qara-quralar var.
1945-ci ildə hərbi qənimət kimi Bakıya gətirilib.
Əldən-ələ ötürülüb. Sahibləri sırasında yəhudi həkimi də var, erməni taksi sürücüsü də. Ancaq bu sahiblərindən bir xatirə nişanı belə qalmayıb həmin kamod üzərində. Hamısı silinib, itib. Bircə köhnə almanca alın yazısı pozulmazdı. Arxasındadı.
- Zəlzələ də, Allah göstərməsin, bu kamodu silkələyə bilməyəcək. Zəlzələ də! Silkələnməyini, titrəməyini görmədim. Lap atana oxşayır, – anam Şölə xanım atamla həmin kamodu həmişə eyni tərəzi gözündə görərdi. Bir-birindən ayırmazdı.
Səthi çox hamardı. Bir gün dəmir pulları cibimdən çıxarıb atdım bu kamodun üzərinə.
Pulun biri, inanmazsız, böyrü üstə dik dayandı.
Lənətəgəlmiş faşizm... gör, rəndələri nə qədər itiymiş.
Qısası, əlim itidir.
Kazinolara mən kimiləri buraxmırlar.
Qumarbazlığım bu faşist meydançasından qanadlanıb.
- Ana, məni yaxşı yedirt. Güclənim. Bir gün komodumuzu mütləq divardan aralayacam. Yazısını oxuyacam.
İlk belə fürsət 1971-ci ildə düşdü əlimə.
Köhnə evimizdən ayırılıb təzəsinə köçümüz vaxtı baş verdi deşifrələmə. Kamodun kürəklərini, ya Allah deyib, nəhayət, soyuq divarlardan ayırdıq.
Gördük...

S.O.S.

Meyvə ağacda yox,
Göydə bitir...
Meyvənin ağaca, dünyaya nə dəxli var?
Bu məxluqlar
bizim dəyərimizi
axşam bazarının
ucuz qiymətləriylə hesabladılar,
meyvənin ağacda yox,
göydə bitdiyini
eh, bir anlasalar
bu nadanlar..
Saçları ağardıqca sifəti qaralan azərbaycanlılar!
Hamı canidi... hamı!
Görmürsüz, ay külbaşlar,
axtarışda olan canilərin şəklində
bütün insanlarla
bir oxşarlıq var?
Qurtar
mənimlə, ey həyat,
sənə rahatlıq vermir
cibimdəki qəpik-quruşlar?


TAMAM ŞOD
(XƏYYAM RÜBAİSİNƏ MODERN NƏZİRƏ)

Həqiqəti, aldanmayın, araşdırıcı özü tapmır heç vaxt.
Həqiqət özü... özü, gəlib tapır səni adətən.
Həmişə.
Baxmır, xəstəsən,
dirisən,
zibildəsən,
xaricdəsən,
ölüsən...
Özü gəlir qapına.
Ölü gəlir qapına
Deyir: "bəlkə, məni dirildəsən?"
***
Dünya kriminalistika dərsliklərinə düşmüş “Tamam şod” cinayət işi, müəmması da, ancaq və ancaq bax bu cür deşifrələnə bilər.
Tapmacanın qısa məzmunu belədir.
1948-ci ildə, uzaq Avstraliyanın Adelaida şəhərində qəribə hadisə qeydə alınır. Şəhər çimərliyində naməlum bir kişinin cəsədi aşkarlanır.
Mərhum çox güclü, gizli bir zəhərin təsiri ilə dünyasını dəyişmişdi. Kriminalistlər o vaxt bu işə çox diqqət yetirirlər. Hesab edirlər o, "Soyuq müharibə" qurbanıdır. Bəlkə də, məxfi sovet agentidir. Yaxınlıqdakı nüvə-raket poliqonunda nəysə axtarıb və s. və ilaxır.
Ən vacibi - cəsədin cibindən kiçik kağız parçası çıxır. Üzərindəki "tamam şod" yazısı bir müddət kriminalistləri çaşbaş salır. Axır, bəlli olur ki, bu ifadə ölməz Xəyyama məxsusdu.
Həyatın faniliyini, boşluğunu göstərən bu kağız parçası dünya kriminalistlərini indiyədək düşündürür. Həlak olmuş şəxsə məxsus daha bir dəlil - çamadan, az sonra şəhər vağzalının saxlama məntəqəsində aşkarlandıqdan sonra, məsələ daha da şişir.
Qısası, cinayət işi "Tamam şod" adını alaraq, dünyanın, kriminalistikanın ən böyük sirrinə çevrilir.
Detektivlər bu işi (Tamam Shud Case) kriminalistika şkalasında ən vacibi bilərlər. Sonralar bu işlə bağlı digər dəlillər də, faktlar da aşkarlanır.
Şeirin qoparıldığı Xəyyam “Rübaiyyat”ı (ingiliscə) bir başqa yerdə tapılsa da, bununla iş bitmir. Daha da qəlizləşir. Bəlli olur ki, həmin kitabda çox məxfi bir informasiyanın şifrəqramı da mövcuddur.
1948-ci il... Soyuq müharibə günləri... atom, raket sirləri... çimərlikdə aşkarlanmış cəsəd, bədəndəki zəhər izləri... və...
Və ölməz Xəyyamın "Tamam şod" rübaisi...
Hə... mənzərə, gördüyümüz kimi, çox qəlizdi.

***
Bir gün televizorda məşhur sovet dramaturqu Lev Şeyninin ssenarisi ilə 1964-cü ildə çəkilmiş "Бой без правил" filminə baxarkən, birdən barmağımı dişlədim.
Sonra Lev Şeyninin bioqrafiyasını oxuyub lap sarsıldım.
Lev Şeynin o vaxtkı sovet hüquq işçilərinin ən ciddi kadrıydı.
1937-ci il repressiyalarının baş cəlladı prokuror Vişinskinin müavini vəzifəsində çalışıb.
Kirovun qatili sayılan Nikolayevi də məhz o dindirib, biləsiz.
Gördüm, filmdə "Tamam şod" müəmmasını həll edəcək məqamlar az deyil.
Ssenari belədi: 1946-48-ci illər... Sovet və Amerika mütəxəssisləri raket texnologiyaları mövzusunda ciddi casus oyunlarına start verirlər.
Ceyms Qreyvud adlı bir ABŞ casusu xəyyamşünas İran alimi adı altında Moskvaya ezam edilir. Sənəddə göstərilən "Əli Qacar" adı saxtadır.
Moskvada keçirilən dünya xəyyamşünaslarının konqresində bu saxtakar tutularaq sovet kəşfiyyatına təhvil verilir. Qazamata girərkən xahiş edir ki, ona Hafizin şeirlər kitabını versinlər:
"— По моей просьбе, — продолжал Грейвуд, — мне дали в камеру стихи Омара Хайяма и ваш уголовно-процессуальный кодекс. Я с интересом изучаю то и другое. Статья двести шестая даёт мне право ходатайствовать о дополнении следствия".
1948-ci ildə baş tutan hər iki hadisəni tutuşdurdum.
Faktlar arasında sözsüz ciddi əlaqə mövcuddu.
Görünür, Ceyms Qreyvud nisbi adı altında gizlənən bir ABŞ casusu 1947-48-ci illərdə həqiqətən İran alimi Əli Qacar adı altında Moskvada həbs edilib. Sonra, görünür, Avstraliyaya göndərilib. Necə və nə cür, niyə? - indi buna cavab verə bilmərəm. Məqsəd, sözsüz, atom-raket texnolgiyaları ilə bağlıydı. Ancaq, səfər əsnasında nəsə alınmayıb. Nəticədə casus ya özü intihar edib, yaxud onu öldürüblər.
Filmə diqqətlə baxsaz, orda digər çox ciddi incəliklər, gizlinlər də var.
Qorxulu Hollivud filmlərinin ilk rejissoru Alfred Hiçkoka da yaxşı baxın. Filmlərinin hər birində bir qapalı mücrü, yaxud ağzı bağlı ağır çamadan görəcəksiz. Hiçkok buna “MacGuffin çamadanı” deyirdi.
Çamadanın açılmasını, öz müasirlərinin deyil, gələcək nəsillərin ixtiyarına buraxırdı.
Lev Şeynin də oxşar “MacGuffin çamadanı”, bağlı mücrü atıb öz ssenarisinə. Filmdəki əməliyyat-axtarış zabitinin “Lartsev” adını daşımağı da bununla bağlıdır. “Larets” rusca “qapalı mücrü” mənasını verir.
***
Həqiqəti, aldanmayın, araşdırıcı özü tapmır heç vaxt.
Həqiqət özü... özü gəlib tapır səni, adətən.
Həmişə.
Baxmır, xəstəsən,
dirisən,
zibildəsən,
xaricdəsən,
ölüsən...
Özü gəlir qapına.
Ölü gəlir qapına
Deyir: "bəlkə, məni dirildəsən?"

P. S. Ömər Xəyyamın eyniadlı rübaisinə müasir, modern nəzirəmdir bu mənsur şeirim.
Tək bu deyil... bütün digər mövzuların da nöqtəsini o qoyub.
Tamam şod.

Chosen
6
kulis.az

1Sources