EN

Plastik əməliyyatın qurbanları - Onlar ölümləri ilə hər kəsi SARSITDILAR

Burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün əməliyyat olunan 30 yaşlı Nəzrin Mansurovanın vəfatı bu məsələyə ictimai diqqətin artmasına səbəb olub. Artıq faktla bağlı cinayət işi açılıb və ciddi araşdırmalar aparılır. 

Amma təəssüflər olsun ki, Nəzrin Mansurovanın vəfatı ölkəmizdə ilk deyil və bundan öncə də gündəmi sarsan buna bənzər hadisələr yaşanıb. 

Redaktor.az estetik əməliyyatlar sonrasında ölüm faktı qeydə alınan və medianın gündəmini zəbt edən bəzi hadisələrin xatırlatmasını təqdim edir:

Gəncə sakini 17 yaşlı Aygül Orucovanın estetik əməliyyatdan sonra dünyasını dəyişməsi xəbəri hər kəsi təəccübləndirmişdi. Gəncə şəhərində burun əməliyyatı keçirən yeniyetmə narkozdan ayılmayaraq vəfat etmişdi.

Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbəsi olan Mürsəlova Leyla Namiq qızı "StarMed” klinikasında burun əməliyyatının qurbanlarından biri olmuşdu. Tələbə qıza əməliyyat üçün narkoz verilən kimi o, dünyasını dəyişmişdi. Mərhumun həkimi Nəzrin Mansurovanın əməliyyatını həyata keçirən Sənan Mehdiyev olmuşdu. Məlumata görə, onun ölümünə səbəb narkozun dozasının yüksək olması göstərilib.

"Zəfəran Hospital"da da bu tip ölüm hadisəsi baş verib. Belə ki, Siruz Qoçxani adlı həkim tərəfindən liposaksiya əməliyyatı edilən 22 yaşlı Leyla iki gün sonra xəstəxanada ölmüşdü. 

"Baku Medical Plaza”da ölüm faktı qeydə alınmışdı. 1996-cı il təvəllüdlü Turanə Musazadə klinikaya müraciət edərək xarici görünüşündən narazı olduğunu bildirib. O, müayinə edilərək əməliyyata alınıb. T.Musazadə plastik cərrahiyyə əməliyyatı zamanı vəfat edib. Məlumata görə, T.Musazadə daha öncə də 2 dəfə plastik əməliyyat keçirmişdi.

2021-ci ilin may ayında Arzu Süleymanova adlı xanım "Azər-Türk Med” klinikasında keçirdiyi plastik əməliyyatdan sonra komaya düşmüşdü. Daha sonra o, may ayının 15-də yerləşdirildiyi Respublika Neyrocərrahiyyə Xəstəxanasında vəfat etmişdi.

2023-cü ildə "MedEra" hospitalında bu kimi daha bir ölüm faktı qeydə alınmışdı. Burada, klinikanın əməkdaşı olan və resepşn vəzifəsində çalışan Aygün adlı xanım həmin hospitalda çalışan plastik cərrah Günel Bayramlıya bədən şəkilləndimə əməliyyatı etdirib. Əməliyyatdan sonra xanım özünü narahat hiss etdiyini bildirib. Evdə halı daha da pisləşən Aygün tromplaşmadan dünyasını dəyişmişdi.

Ən yaxın tarixə nəzər salsaq görərik ki, bu kimi faktlar ildən-ilə daha da kütləvi hal almağa başlayıb. Belə ki, son iki ay ərzində plastik əməliyyat etdirən daha bir neçə xanımın ölüm xəbəri mətbuatın gündəminə düşüb. 

Onlardan ilki, 23 yaşlı "tiktoker” Nərmin Mehdiyeva qarın gərmə və bədən şəkilləndirmə əməliyyatı etdirdikdən sonra dünyasını dəyişməsidir. Qızın anası Şahnaz Mehdiyeva qeyd edib ki, əməliyyatdan bir müddət sonra xəstənin yarasından çirkli su axmağa başlayıb. O dərman almağa gedərkən yaşadığı binanıın həyatında yıxılaraq dünyasını dəyişmişdi.

Və plastik əməliyyatların son qurbanı olan Nəzrin Mansurova. Yanvar ayının 3-də burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün cərrah Sənan Mehdiyev tərəfindən əməliyyat olunan 30 yaşlı Nəzrin, komadan ayılmayıb və vəfat edib. 

Plastik cərrahiyyə, şübhəsiz ki, özgüvəninizi və görünüşünüzü əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Lakin nəzərə almaq lazımdır ki, hər hansı bir əməliyyat kimi, bu zaman da ölüm riski olduqca aşağı olsa da, mövcuddur və göz ardı edilə bilməz. Buna görə də xəstələrin ixtisaslı cərrahı və nüfuzlu klinikanı diqqətlə seçmələri tövsiyyə olunur. Sağlamlıq testləri və müxtəlif həkimlərlə məsləhətləşmə də daxil olmaqla əməliyyata hərtərəfli hazırlıq eyni dərəcədə vacibdir (azxeber.com). 

 

Chosen
9
2
redaktor.az

3Sources