EN

“Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” – Hafiz Hacıyev

Hacıyevlərin iki məşhur nümayəndəsi artıq məhkəmənin hökmü ilə uzunmüddətli həbs cəzası alıb. Onlardan biri ictimai fəal Bəxtiyar Hacıyev, digəri İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevdir. Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilən Bəxtiyar Hacıyev 10 il müddətinə azadlıqdan məhrum edilib. Məlumat üçün bildirək ki, adıçəkilən şəxslərin ataları əmioğludurlar. Hər ikisi Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin əmisi nəvəsidir.

Hafiz Hacıyev qohumu Bəxtiyar Hacıyevə 10 il hökm oxunmasına necə baxır?

Globalinfo.az-da danışan H.Hacıyev Bəxtiyar Hacıyevin atası ilə öz atasının əmioğlu olduğunu vurğulayıb.

O, B.Hacıyevin həbsindən danışarkən bunları deyib:

“Elə bir zəmanəyə gəlmişik ki, hansısa məmurun nöqsanını deyə bilmirik, dərhal həbsə atırlar. Zamanında biz də həbs edilmişik. Bu gün dünyanın üzərimizə gəldiyi bir dövrdə bu cür yollara əl atmaq düzgün deyil. Bəxtiyar və ya digərləri bu ölkəyə nə pislik edə bilər? Əllərində top-tüfəngləri yox, orduları yox. Düşünürdüm ki, hər halda Bəxtiyara daha az və yüngül cəza verilər. Təəssüf ki, o məni zamanında dinləmədi. Dinləmiş olsa, hazırda dörd divar arasında olmazdı. Demirəm, Bəxtiyar tamamilə səhvsiz və pakdır. Lakin bu cəza onun üçün çoxdur. Biz partiyalar da ölkədə barışıq olmasını istəyirik. Adi yas yerinə gedəndə də insanlar ölkə daxilində olan sosial problemləri müzakirə edirlər. Prezidentin işinə kölgə salmaq istəyənlərə qarşı çıxanları isə həbsə atdırırlar”.

Hafiz Hacıyev zamanında özünün həbs olunma səbəbini açıqlayıb:

“Sürət Hüseynov hakimiyyətə gələndə mən nazir idim. Həmin dönəmdə S.Hüseynov məndən 600 min dollar pul istədi. Mən bunu rəhmətlik Heydər Əliyevə çatdırdım. Onda da Heydər Əliyev Ali Sovetin sədri və prezidentin səlahiyyətlərini icra edirdi. Açıq şəkildə dedi ki, Sürət qələt edir, get işinə davam elə. Lakin Hüseynov keçmiş baş prokuror Əli Ömərova məni həbs etdirməyi tapşırmışdı. Onun tapşırığına əsasən də 2,6 il müddətinə azadlıqdan məhrum edildim. Heydər Əliyev olmasa idi, Sürət Hüseynov məni öldütdürərdi”.

Partiya sədri hazırda həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyevin də əmisi nəvəsi olduğunu deyib:

vilyam

Vilyam Hacıyev

“Vilyamı o vaxt mənim xahişimlə icra başçısı təyin etmişdilər. Sonra bəzi hərəkətlərə yol verdiyi üçün həbs olundu. Keçmişə qayıtmaq istəmirəm. Düzü, heç biri ilə əlaqəmiz yoxdur. Hətta əzizlərimizin yas məclisində eyni masada əyləşsək də, bir-birimizlə danışmırdıq. Vilyam Hacıyevlə konkret nəyə görə danışmadığımız məlum deyil. Bəxtiyarla aramızda olan “düşmənçiliyə” səbəb isə Əlilərə, İsalara (Əli Kərimli ilə İsa Qəmbəri nəzərdə tutur – red.) qoşulmamağı tövsiyə etməyimdir. Amma qeyd edim ki, hər iki əmim nəvəsinin azadlığa qovuşması üçün müraciətlər etmişəm, gizlətmirəm də”.

Hafiz Hacıyev ona qəsd etmək istəyənlərin olduğunu düşünür:

“Zamanında İlham Əliyevə dəstək olduğum üçün məni hədələyən bəzi məmurların öz balaları bu gün vəzifədədirlər. Oturub, Azərbaycanın büdcəsini talayırlar. Əgər məni öldürməsələr, rezidentlə görüşüb, baş verənləri ona danışacam”.

Partiya sədri deyib ki, Hacıyevlər ziyalı nəsildirlər:

“Hacıyevlər ailəsini artıq dustaq ailəsi adlandırmaq olar. Fakt olaraq iki əmim nəvəsi həbsdədir. Bilirsiniz, nəslimiz böyükdür. Akademiklər, professorlar, imkanlı və ziyalı adamlar çoxdur. Biz hər zaman dövlətin və onun başçısının yanında olmuşuq”.

Xatırladaq ki, Bəxtiyar Hacıyev 2022-ci ilin dekabr ayında saxlanılıb.

O, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 206.1 (qaçaqmalçılığa köməklik etmə), 221.2.2 (bir qrup şəxs tərəfindən ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə müqavimət göstərməklə xuliqanlıq), 289.1-ci (məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə), 320.1 və 320.2-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə təqsirli bilinib.

2020-ci ilin may ayının əvvəllərində DTX-nin xüsusi əməliyyatı ilə həbs olunan İmişlinin sabiq başçısı Vilyam Hacıyev isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib. Lakin sonradan onun cəzası 8 il 6 ay müddətinə azaldılıb.

Chosen
15
turkustan.az

1Sources