EN

G-77 + Çin qrupunda sədrlik İraqa keçib

Qahirə, 14 yanvar, AZƏRTAC

İnkişaf etməkdə olan ölkələrin BMT və onun orqanları çərçivəsində fəaliyyət göstərən ən böyük hökumətlərarası təşkilatı G-77+Çin qrupunda sədrlik İraqa keçib.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Qeyd olunur ki, İraq bir il müddətinə sədr olacaq. Baş nazirin müavini, xarici işlər naziri Fuad Hüseyn bildirib ki, İraq bu qrupa sədrliyi dövründə üzv ölkələr arasında həmrəyliyi gücləndirməyə və ortaq məqsədlərə nail olmağa çalışacaq, eləcə də Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmağa, iqlim dəyişikliyinə qarşı mübarizəyə, Cənub ölkələri arasında əməkdaşlığın artırılmasına töhfə verəcək.

Diqqətə çatdırılıb ki, İraq beynəlxalq dialoqun gücləndirilməsi ilə qlobal problemlərin həllinə, həmçinin regional və beynəlxalq sabitliyin təmin edilməsinə sadiqdir. Bundan əlavə, terrorizmə qarşı mübarizədə, eləcə də zərəçəkmiş ölkələrə təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün dəstəyin davam etdiriləcəyi vurğulanıb.

G-77 qrupu inkişaf etməkdə olan 77 ölkənin imzaladığı “İnkişaf etməkdə olan 77 Ölkənin Birgə Bəyannaməsi” ilə 1964-cü il iyunun 15-də BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) Cenevrədə keçirilən ilk sessiyasında yaradılıb. Hazırda G-77-nin üzv ölkələrinin sayı 134-ə çatıb. Azərbaycan da Qrupun üzvüdür.

G-77 Birləşmiş Millətlər Təşkilatında inkişaf etməkdə olan ölkələrin ən böyük hökumətlərarası təşkilatıdır. Bu qurum Cənub ölkələrinə öz ümumi iqtisadi maraqlarını ifadə etmək, BMT sistemi çərçivəsində bütün əsas beynəlxalq iqtisadi məsələlərdə həmrəyliyi möhkəmləndirmək və inkişaf üçün Cənub-Cənub əməkdaşlığını təşviq etmək üçün imkanlar yaradır.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Chosen
15
1
azertag.az

2Sources