EN

“Xalxın uşaqlarının” parlamenti

Sevinmişdik axı. Dedik şükür, bizdə də olar. Özümüzünkü olar da.  

O da gəldi belə oldu... 

Yaxşı, gəlin izah edim. Özgə ölkələrdən gələn davalı, hay-küylü parlament xəbərlərinə, deputat qırğınlarına, saçyoldu, köynəkcırdılara, xülasə “xalxın parlamentlərinə” qısqanclıqla, paxıllıqla baxmaqdan yorulmuşduq. Neçə vaxtdı gözləyirdik ki, öz xalqımızın uşaqlarının parlamenti hazır olsun, oturaq ekran qarşısında, sevinək, fərəhlənək. Bilirdik axı “parlamentin” tərkibində maraqlı bəylər, ondan da maraqlı xanımlar olacaq. Neçə illərdir ara-ara hansısa təşkilatlarda birləşib, yaxşıca dava-şava edib dağılışan adamlar vardı içlərində. Qısası, əməllicə ümidlənmişik. 

Axır ki, gözlənilən gün gəlib çıxdı. 

“Bütün xalq maraqla keçdi ekran arxasına” deyəcəyəm, amma ağ eləmiş olaram. Hətta şəxsən mənim özüm sonradan xəbər tutdum. Dedilər kimsə-kiməsə basqı edib nəticədə ölüm-itim olub, kimsə-kimisə xain çıxarıb, intihara sürükləyir, nəticədə ölüm-itim olacağı gözlənilir. Dedim bir baxım görüm nə baş verib. Axtarış verib bir neçə video tapdım. Özümə yazığım gəlmədi, “fırlada-fırlada” da olsa, bir xeyli hissəsiniizlədim. Amma Sizə yazığım gəldiyi üçün, dedim qoy qısaca vəziyyəti yazım, vaxtınızı hədər edib baxmayasınız. 

Nə az-nə çox, düz səkkiz saatlıq videonun ilk iki saatını bir yerə yığılmış bir xeyli ağsaqqal ağbirçək, ortayaşlı gənc və sairə insanlar səsvermədəki “bitərəf” söhbətinin müzakirəsinə həsr elədilər.  Bir neçəsi dedi, səsvermə olsa bitərəf qalan da olmalıdır, xeylisi dedi yox e, biz bitərəf ola bilmərik, ya ağıq, ya qara! Beləcə düz iki saat ordan burdan danışıb, sonda hamısı bitərəf qalıb, keçdilər ikinci, “no oçen vajnı” məsələyə. Ki, “parlamentdə” fraksiya ola bilər, ya yox?

Özlərinin yazdığı reqlamenti özləri müzakirəyə çıxarıb başladılar cürbəcür fikirlər yürütməyə. Biri dedi 13 nəfər bir yerə yığışıb fraksiya, yəni qrup yarada bilər. Bir yaşlısı dedi mən qrupun əleyhinəyəm, ordan bir cavanı qayıtdı ki, “niyə ki, qoy qrup olsun, qrup yaxşıdır.” Sonra “deputatlardan” biri qayıtdı ki, nəyinki 13 hətta milli azlıqdısa 5-6 nəfər də qrup yarada bilər.

O birisi “milli azlıq” sözünü eşidib “cinsi azlıq” söhbətini atdı ortaya. Milli cinsiyə, cinsi də qeyri-milliyə qarışdı, mikrafonları yandırdılar, hamı danışdı, söndürdülər, heç kəs danışa bilmədi, nə isə ki, qabaqda gedən ağıllılarından biri “Evrika” qışqıran Arximed kimi dedi ki, “səsə qoyulsun!” 

"Fraksiya” söhbəti ilə başlayıb “cinsi ağlıq” söhbətinə qədər gedən məsələni səsə qoydular, daha doğrusu səsə qoymaq istədilər. Birinci dəfə səsə qoydular, hamı əl qaldırdı, səs verdi, di gəl alınmadı. Yaşlılardan biri Hacı dayı ədasıyla məsləhət verdi ki, gəlin başdan başlayaq. Başdan başladılar. 

Yenə alınmadı. 

Səsverməni elan edən “deputat” dedi ki, yox e, nəsə düz ifadə edə bilmirəm, dolaşdırdılar məni. Digər “deputat”dan xahiş elədilər, o elan elədi səsverməni. Saydılar, saymaladılar 16 “deputat” əskik çıxdı. Sonra biri iddia elədi ki, həm lehinə, həm əleyhinə səs verənlər olub məsələnin. İstədim deyəm ki, əgər elədirsə, itən “deputat” sayı 16 deyil, daha çoxdur. İtiklərinizi yaxşı axtarın, birdən yadıma düşdü ki, mən “deputat” deyiləm axı.

Sən demə necə qapdırmışamsa, artıq prosesin içində hiss edirəm özümü. Nəysə ki, ikinci səsvermə də alınmadı, lap “Bəxtiyar” filmindəki “Hüseynova bacıları” kimi, bir-birlərinə baxıb dedilər: “ Zəhraaaa, gəəə bir də”. 

Fraksiya və ya qrup söhbəti üçüncü dəfə səsə qoyulduqdan sonra əsas çoxluq dedi ki, maddə saxlanılsın. Bu yerdə “Xalq parlamenti mənim övladımdır” deyən qaqaş başladı cığallığa. Yerdən biri dedi ki, “cırnama, niyə cırnıyırsan?” Amma nə xeyri, qaqaş necə əsəbləşdisə, dedi yox e, hər şey ortaya çıxmalıdır. 

O bağlı telefonların arxasındakılar kimdi? 

Bizim bu adda “deputataımız” yoxdur, kimdi onlar? Biri dedi ki, mənəm, filankəsəm, kişinin telefonuynan girmişəm, özümdə meqabayt az idi. O biri dedi ki, “A kişi, mənəm də, filankəs bəyəm, xalam oğlunun telefonundan girmişəm.”  “Bəlkə elə o yazığın xalaoğlusu da “deputat”dı, ikisi bir telefondan giriblər. Burda nə var ki, böyüdürsüz?”  demək istədim, yenə yadıma düşdü ki, mən sadəcə videoya baxıram. Adamı meydanın tutmağı yaman şeydi ye...

Keçdilər özlərinə rəhbər seçməyə. 

Namizədlər verdilər, çıxışlar elədilər, xeyir-dua, alqış, zad. Amma ən ciddi söhbəti bir dayı elədi, dedi ki: “A bala, di seçin qurtarın. Gecdi, gecə saat 12-di, camaatın işi gücü var”. Vallah-billah məhz belə dedi.

(Siz indi düşünürsünüz ki, mən hadisəni bəzəyirəm. Belə düşünüb gedib o həmin “iclasın” videosun tapıb baxacaqsınız, amma etməyin. Nəyə deyirsiniz and içim ki, bütün dediklərim baş verirdi.)

Hə elə ki, səsverməyə gəlib çıxdılar, yenə kinonun “davalı yeri” başladı. 

Nəticədə bayaqkı o “bu parlament mənim övladımdı” deyən adam “övladını” ortada qoyub, acıq eliyib çıxıb getdi. Bunlar da ona məhəl qoymadılar, seçib-seçildilər. Nəticədə seçilənlərdən birinin 70 yaşını təbrik edən bir xala, arzu elədi ki, “İnşallah 80 yaşını da elə burda qeyd edərik” və bu gözəl arzu ilə də dağılışdılar. Birinin ağlına gəlmədi deyə ki, bəs biz bunu yaratmışıq hakimiyyətə gələk. O tərəfdən də özümüzə 10 il burda olmağı arzu edirik? Heç yaxşı arzu olmadı...

Arama motorunda çıxan ikinci videoda həmin o “parlament atası” öz kanalında odlu-alovlu çıxış edirdi. Deyirdi ki, bəs xəbəriniz olsun, “Xalq parlamenti” iflas elədi. Çox ciddi arqumentlər, elmi fikirlər irəli sürürdü. Məsələn: “Basməmmədi namizədlər” əsas arqumentlərdən biri idi. Digər elmi arqument isə “Qrupbazlıq” idi. “Eks deputat” (artqı istefa vermişdi kişi) hardasa düz yarım saat bu məsələləri “elmi şəkildə” izah etdi. “Natiq”  nəticə olaraq onu dedi ki, onun övladı olan “xalq parlamenti” ölü doğulmuş uşaqdır.

Bu yerdə məni fikir götürdü ki, mən baxdığım o səkkiz saatlıq yığıncaq əslində uşaq doğuzdurma videosu imiş? Uşaq ölü idisə, tezbazar “kesirka” eləmək daha düzgün olmazdımı? Nə deyim vallah...

Atalar üçdən deyib deyə, üçüncü videoya da baxdım. 

Bu videoda da okeanın o tayındakı jurnalist “yengə”, “ Xalq parlamentinin” “gülü burnunda sədri” ilə nəsə müsahibəfason bir şey edirdi. Qarasaqqal “sədr” isə dil boğaza qoymadan deyirdi ki, bəs filankəsin əli dirsəyəcən filankəsin qanına batıb. Yenidən fikir məni götürdü, görəsən mənim baxdığım o səkkiz saatlıq video nə videosu imiş? 

Deyirəm də, yaxşıca sevinmişdik. 

Deyirdik “xalxın uşaxları” parlament düzəldir, baxıb fərəhlənəcəyik. Yenə sevincimiz qursağımızda qaldı...

Bizim.Media

Chosen
12
bizim.media

1Sources