EN

“Fənərbaxça” və “Qalatasaray” 2025-ə qələbə ilə başladı - İCMAL

Türkiyə çempionatında iki həftəlik fasilə cümə günü keçirilən iki qarşılaşmayla başa çatdı. Sami Uğurlunun təyinatından sonra yüksəlişə keçən “Alanyaspor” “Konyaspor”u evə əliboş yola saldı. “Beşiktaş” isə 2024-ü necə inamsız keçirmişdisə, 2025-ə də o cür inamsız başladı. İstanbul nəhəngi Rizədə zəif performans sərgiləyərək 1 xala şükür etdi. “Qartal”ın heyətində ən yaxşı futbolçu təkcə ilk 20 dəqiqədə üç dəfə komandasını real qoldan xilas edən qapıçı Mərt Günok oldu. “Ağ-qaralar” üçün yeganə təsəlli o oldu ki, bu rəqibə qarşı məğlubiyyətsiz seriya 23 oyuna çatdı (16 qələbə, 7 heç-heçə). Səfərdəki qələbəsiz seriyası 6 oyuna yüksələn “Beşiktaş”ın son 9 turda cəmi 1 qələbəsi var. Həmin qələbə də “Fənərbaxça”ya qarşı evdəki derbidə əldə olunub (1:0).

Şənbə günü daha 4 oyun keçirildi. “İstanbul BŞ”yə Adanada 3 xal qazanmaq üçün 1 qol kifayət etdisə, “Antalyaspor” gözlənilmədən öz meydanında debütant “Eyüpspor” önüdə pərən-pərən düşdü. Günün və turun əsas oyunu “Rams Park”da keçirildi. Lider “Qalatasaray” tura 4-cü pillədə daxil olan “Göztəpə”ni qəbul etdi. İzmir təmsilçisi güclü rəqibini çempionat çərçivəsində səfərdə son 52 ildə məğlub edə bilməmişdi və bu seriyaya son qoymaq istəyirdi. Oyun qonaqlar üçün uğursuz başladı və Osimhen artıq 10-cu dəqiqədə penaltidən fərqlənməklə superliqada 10-cu qolunu vurdu. Amma Stonimir Stoylovun komandası ilk yarının ortalarında hesabı bərabərləşdirdi. Kəskin əks-hücum zamanı Sançesi qabaqlamağı bacaran Romulo topu yaxın küncə göndərdi. Nəticə ilə barışmaq istəməyən son çempion 2-ci hissədə təzyiqi artırdı. Kərəm Aktürkoğlunun ayrılmasından sonra yeni səviyyəyə yüksələn Yunus Akgün yenə qəhrəmana çevrildi. O, 61-ci dəqiqədə işlək olmayan sağ ayağıyla topu uzaq küncə göndərərək ardıcıl 4-cü turda qol sevinci yaşadı. Qalan müddətdə meydan sahiblərinin qapısı önündə iki epizod yaşandı. İlk halda Yakobs son anda rəqibə mane oldusa, 85-ci dəqiqədəki epizod çox böyük müzakirələrə səbəb oldu. Torreyra cinah asmasının qarşısını kəsmək istəyərkən açıq-aşkar əllə oynadı. Amma hakimin penalti təyin etməyə cürəti çatmadı!

Beləliklə, bu qalmaqallı qələbə ilə “Cim-Bom” rəsmi matçlarda məğlubiyyətsiz seriyanı 21 oyuna, xalını isə 47-yə çatdırdı. Bu, 17-ci oyunlar üçün turnirin yeni rekordudu. Əvvəlki rekord ötən mövsüm 17 oyuna 46 xal toplayan “Fənərbaxça”ya məxsus idi. Onu da bildirək ki, “Göztəpə” İstanbulda ardıcıl 10-cu dəfə “Qalatasaray”a məğlub oldu. Günün digər oyununda “Trabzonspor” derbidə səfərdə “Samsunspor”a uduzmaqla növbəti dəfə fanatlarını üzdü. 17-ci oyunu 19 xalla tamamlayan Trabzon təmsilçisi antirekordunu təkrarladı. Komandanın daha öncə yalnız 2006/207-də 17 oyundan sonra 19 xalı olmuşdu. Şenol Günəş isə Türkiyə çempionatında ardıcıl 5 səfər oyunundan xalsız ayrılan ilk məşqçi kimi pis mənada klub tarixinə düşdü.

Bazar gününün oyunları heç-heçələrlə start götürdü. “Qaziantep” “Kasımpaşa” ilə səfər oyununda məğlubiyyətdən qurtuldusa, “Kayserispor” Bodrumda qələbəni əldən verdi. “Qalatasaray”ın qələbəsindən sonra zirvədən 11 xal geri düşən “Fənərbaxça”nın autsayder “Hatayspor”la oyunda çətinliklə üzləşəcəyi gözlənilmirdi. Çünki çox zəif mövsüm keçirən və bir müddət öncə Rza Çalımbayla vidalaşan Hatay təmsilçisi bu oyuna idman direktoru (!) Yılmaz Balın başçılığı altında çıxmışdı. Mourinyo bu dəfə irəlidə Ən-Nəsiri ilə Cekoya eyni anda şans vermişdi. İlk qolu məhz bu futbolçular təşkil etdi və Ən-Nəsiri Cekonun ötürməsindən sonra ardıcıl 3-cü turda fərqlənməyi bacardı. Mərakeşli forvardın karyerasında sonuncu dəfə belə seriya 2019-un noyabrında “Leqanes”də çıxış etdiyi dönəmdə olmuşdu. 33-cü dəqiqədə qonaqların nadir hücumlarından biri qolla nəticələndi. Butobbanın zərbəsindən sonra top Cikuya dəyərək tora daxil oldu. Amma fasilə ərəfəsində Ən-Nəsiri yenə səhnəyə çıxdı. Qapıçının qaytardığı top müdafiəçiyə dəyərək təcrübəli forvardın önünə düşdü və o, başla boş qapını dəqiq nişan aldı. İkinci hissə o qədər də maraqlı keçmədi və İrfan Can Eğribayata, demək olar, iş düşmədi. Yeganə diqqətçəkən epizod son saniyələrdə yaşandı. VAR-ın müdaxiləsindən sonra qazanılan penalti zamanı Ceko topu qapının üstündən vurdu. Beləliklə, həm “Fənər”, həm də “Qalatasaray” ilə qələbə ilə başladı və zirvədə 8 xallıq fərq qorundu.

18-ci tur
Qalatasaray - Göztəpə 2:1
Osimhen, 10-p. Yunus Akgün, 61 – Romulo, 27.
Qalatasaray: Muslera, Kaan Ayhan, Sançes, Abdulkadir Bardakcı, Yakobs (Berkan Kutlu, 87), Sara, Torreyra, Yunus Akgün (Yelert, 90+2), Mertens (Şallai, 74), Barış Alpər Yılmaz (Nelsson, 90+2), Osimhen (Batşuayi, 87).

Fənərbaxça – Hatayspor 2:1
Ən-Nəsiri, 15; 45+5 – Butobba, 33.
Fənərbaxça: İrfan Can Eğribayat, Osayi-Samuel (Mərt Müldür, 70), Çağlar Söyüncü, Ciku, Levent Mercan, Kostiç, Amrabat, Fred, Tadiç (Şimanski, 76), Ceko, Ən-Nəsiri.

Çaykur Rizəspor – Beşiktaş 1:1
Fernandeş, 38-öz qapısına – Muçi, 45+3.
Beşiktaş: Mərt Günok, Svensson (Onur Bulut, 87), Tayyip Sanuç (Əmirhan Topçu, 41), Uduoxay, Zaynutdinov, Salih Uçan (Ndur, 74), Əl Musrati, Rafa Silva, Fernandeş, Muçi (Oksleyd-Çemberleyn, 74), İmmobile (Semih Kılıçsoy, 74).

Samsunspor – Trabzonspor 2:1
Holse, 30; 75 – Banza, 49.
Trabzonspor: Uğurcan Çakır, Maleyro, Sərdar Saatçı, Bataqov, Ərən Elmalı (Arif Boşluk, 90+1), Lundstram, Ozan Tufan (Enis Destan, 77), Cihan Çanak (Umut Günəş, 73), Çam (Poyraz Yıldırım, 90+5), Nvakaeme, Banza.

Adana Dəmirspor – İstanbul BŞ 0:1
Davidson, 32.
İstanbul BŞ: Muhammed Şengezer, Duarte (Əmrə Kaplan, 85), Həmzə Gürələr, Opoku, Lima, Onur Ərgün (Berat Özdəmir, 46), Kemen (Ömər Bəyaz, 85), Krespo (Fiqeyredo, 59), Dəniz Türüc, Davidson, Pyontek.

Antalyaspor – Eyüpspor 1:4
Safuri, 48 – Tiam, 32; 35-p. Ahmed Kutucu, 41. Ampem, 62.

Kasımpaşa – Qaziantep 2:2
Da Kosta, 7; 41 – Okereke, 9. Xəlil Dərvişoğlu, 83.

Alanyaspor – Konyaspor 2:1
Makuta, 9. Kordova, 54 – Kramer, 90+6.

Bodrum – Kayserispor 1:1
Cenk Şən, 76 – Bahoken, 48.

1. Qalatasaray 17 15 2 0 49-20 47
2. Fənərbaxça 17 12 3 2 42-16 39
3. Samsunspor 17 10 3 4 31-18 33
4. Eyüpspor 18 8 6 4 29-19 30
5. Göztəpə 17 8 4 5 32-23 28
6. Beşiktaş 17 7 6 4 26-19 27
7. İstanbul BŞ 16 7 5 5 28-23 26
8. Qaziantep 17 6 4 7 24-26 22
9. Kasımpaşa 17 4 9 4 24-25 21
10. Alanyaspor 17 5 6 6 18-20 21
11. Çaykur Rizəspor 17 6 3 8 17-26 21
12. Antalyaspor 17 6 3 8 21-32 21
13. Konyaspor 17 5 5 7 19-25 20
14. Trabzonspor 17 4 7 6 25-24 19
15. Sivasspor 17 5 4 8 20-27 19
16. Kayserispor 17 3 7 7 17-33 16
17. Bodrum 17 4 3 10 13-23 15
18. Hatayspor 17 1 6 10 15-29 9
19. Adana Dəmirspor (-3) 17 2 2 13 15-37 5

Bombardirlər: Pyontek (İstanbul BŞ) – 12, Banza (Trabzonspor) – 11, Osimhen (Qalatasaray), Tiam (Eyüpspor) – 10, Ceko (Fənərbaxça), İmmobile (Beşiktaş) – 9.

Turun rəqəmi
150 – Okan Buruk baş məşqçi kimi Türkiyə çempionatında 286-cı oyununda 150-ci qələbəsini qazandı. Bununla da o, turnirin tarixində Fatih Terim (247) və Mustafa Dənizlinin (256) ardından 150 qələbə həddinə ən tez çatan 3-cü yerli məşqçi oldu. Buruk “Qalatasaray”a gələnə qədər (2013-21-ci illərdə) “Elazığspor”, “Qaziantepspor”, “Sivasspor”, “Göztəpə”, “Akhisarspor”, “Çaykur Rizəspor” və “İstanbul BŞ”də işləmişdi. O, bu qələbələrdən 74-nü əvvəlki klublarında, 76-nı “Qalatasaray”da qazanıb. Yəni 51 yaşlı mütəxəssis superliqa çərçivəsində karyerasının son 3 mövsümündə ilk 8 ilindəkindən daha çox qələbə qazanıb!

Turun ulduzu
Karl Holse (Samsunspor) – bu tur ulduz seçilməyə çox namizəd var idi. Çünki 4 futbolçu dublla yadda qaldı. Amma biz prinsipial Qaradəniz derbisinə damğa vuran Holseyə üstünlük veririk. Türkiyədə ikinci mövsümünü keçirən danimarkalı forvard indidən ötənilki göstəricisini yaxşılaşdırıb. O, 2023/24-də superliqada 33 oyuna 5 qol vurmuşudsa, bu mövsüm 16 oyunda artıq 7 dəfə fərqlənib. Onu da bildirək ki, Holse “Samsunspor”un heyətində çempionat matçında “Trabzonspor”a qarşı dubl edən ilk əcnəbi futbolçu oldu!

Turun sitatı
Sərgən Yalçın, futbol şərhçisi:
“Göztəpə”nin penaltisi verilmədi. “Qalatasaray” camiəsinə məsləhətim budu ki, hakimlər haqda heç nə danışmasınlar, əksinə, federasiyaya və hakimlərə təşəkkür etsinlər. Türkiyə futbolunda hakimlərdən şikayət edəcək ən son camiə “Qalatasaray”dı. Kim də danışsa, onlar danışmasın. Son oyunda da bunu gördük. İstəsələr, lap 20-30 il əvvələ gedək. Onların əleyhinə heç nə olmur. Ona görə də televiziyaya çıxıb hakimlər haqda danışmalarına ehtiyac yoxdu”.


Oyundan sonra
Okan Buruk, “Qalatasaray”ın baş məşqçisi:
“Fasilədən sonrakı ilk matçlar, adətən, çətin keçir. Əslində “Göztəpə” gözlədiyimiz kimi oynadı. Onların zatən bir oyun planı var. Matçdan çox da zövq almadım. Bir ara “Göztəpə”nin özü kimi oynamağa başladıq. İrəlidə yaradıcılığımız azaldı. İlk yarıda qapımız önündə yalnız bir dəfə təhlükəli vəziyyət yarandı ki, onu da qola çevirdilər. Ancaq ikinci hissədə onların fürsətləri daha çox oldu. İrəlidə daha yaxşı oynaya bilərdik. Ayın 13-də “transfer pəncərəsi” açılacaq. Həm almaq istədiklərimiz, həm də bizdən ayrılmaq istəyənlər var. Xal fərqi az deyil. Amma bu yarışın sona qədər davam edəcəyini düşünürəm. Əsas odu ki, heyətimizi qoruyaraq güclü şəkildə yolumuza davam edək”.


Joze Mourinyo, “Fənərbaxça”nın baş məşqçisi:
“Türkcə bilmədiyim üçün TV izləmirəm, qəzet oxumuram, sosial şəbəkəni təqib etmirəm, amma mənim də düşüncələrim var. 35 illik karyeramda belə bir şey (“Qalatasaray”ın xeyrinə olan hakim səhvlərini nəzərdə tutur – red.) görməmişəm. Bu, bütün çərçivələri aşır. Bir klubun təkbaşına bu sistemin öhdəsindən gələcəyini düşünmürəm. Bu, sizin və bu ölkədəki uşaqların liqasıdı. Siz bu liqada yaşananlardan məmnunsuzsa, belə də qalmaqda davam edin. Bu liqanın bəxti onda gətirib ki, xaricdə izlənilmir! Fərqi azaltmağımız üçün biz qalib gəlməli, rəqibimiz xal itirməlidi. Biz qalib gəlməkdə davam edəcəyik. Amma rəqib bu gedişlə necə xal itirəcək? Buna qədər türkcə “günaydın”, “toplantı” kimi sözləri bilirdimsə, indi də “skandal” sözünü öyrənmiş oldum. Dünəndən bu günə ancaq bu sözü eşidirəm. Bu gün yaxşı oynadıq. Çox fürsətləri əldən verdik. Rəqibin qapıçısı da günündə idi. 7-8 qol vura bilərdik. Oyunumuzdan razıyam, amma bu qədər şans qaçırmağımız xoşuma gəlmədi. Son iki oyunda rəqiblərimizə 5 qırmızı vərəqə göstərilməli idi. Hər şeyə rəğmən, yolumuza davam edəcəyik. Amma siz jurnalistlər və insanlar nədən qorxursuz? Sizcə, bu qədər xal fərqi oynanılan futboldanmı qaynaqlanır? Məndən soruşmayın. Həqiqətləri deyin!”


Halim Okta, “Beşiktaş”ın məşqçisi:
“Oyun üçün seçdiyimiz planı tam həyata keçirə bilmədik. Topu çox asanlıqla rəqibə verirdik. Bu da bəzi anlarda qapımız önündə ciddi təhlükələrin yaranmasına səbəb olurdu. Topu ayağımızda daha yaxşı saxlaya bilərdik. Bunu edə bilməməyimizin səbəblərindən biri fiziki cəhətdən istənilən səviyyədə olmamağımızdı. Əvvəlki oyunlarda olduğu kimi, bu dəfə də bu problem gözə batdı. Təqvim o qədər sıxdı ki, fiziki məşqlər keçməyə vaxt qalmır. Bu durum həm də zədələrin artmasına səbəb olur. Bu gün də ilk yarıda məcburi dəyişikliyə əl atmalı olduq. İmmobile çox istəkli görünsə də, 70-ci dəqiqədə həkim məsləhəti ilə onu da əvəzləməli olduq. Amma bu çətin dönəmdən bir təhər çıxmağa çalışacağıq”.
Chosen
12
football-plus.az

1Sources