EN

Murat Şahin - “Hatayspor”un yeni baş məşqçisi!

Türkiyəli futbol mütəxəssisi Murat Şahin Super Liqa təmsilçisi “Hatayspor”un baş məşqçisi vəzifəsinə təyin olunub.

Arena.az bu barədə Hatay təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.

Belə ki, bir müddət öncə həm prezidentsiz, həm də baş məşqçisiz qalan “Hatayspor”un rəhbərliyinə Hikmet Çinçin gətirilib. Onun ilk qərarlarından biri isə komandanın “sükanı arxasına” 48 yaşlı mütəxəssis Murat Şahini gətirmək olub. Tərəflər 1,5 illik müqaviləyə imza atıblar.

Qeyd edək ki, Murat Şahin baş məşqçi postunu dekabr ayında tərk etmiş Rıza Çalımbayı əvəz edib. Hansı ki, təcrübəli mütəxəssis komandanın uğursuz nəticələri səbəbindən istefaya göndərilmişdi.

Rıza Çalımbay 2024-cü ilin sentyabr ayında “Hatayspor”un baş məşqçisi təyin edilmişdi. O, bu komandanı cəmi 15 oyuna çıxarıb, 3 qələbə, 5 heç-heçə və 7 məğlubiyyət görüb. Top fərqində isə bərabərlik qeydə alınıb – 19:19.

“Hatayspor” Türkiyə Super Liqasının turnir cədvəlində 9 xalla 19 komanda arasında 18-ci pillədə qərarlaşıb. Hatay təmsilçisi bu mövsüm keçirdiyi 18 oyunda cəmi 1 qələbə qazanıb, 6 heç-heçə edib, 11 oyundan məğlubiyyətlə ayrılıb.

Maraqlıdır ki, bu, Murat Şahinin baş məşqçi kimi ilk sınağıdır. O, indiyə qədər daim köməkçi məşqçi kimi fəaliyyət göstərib. Türkiyəli məşqçi “Eyüpspor”, “Qaziantepspor”, “Sivasspor”, “Kayserispor”, “Əskişəhərspor”, “Konyaspor”, “Alanyaspor”, “Yeni Malatyaspor” və “Beşiktaş”da çalışıb.

Chosen
9
arena.az

1Sources