EN

''Əl-Nəsr''dən Ronaldoya növbəti astronomik təklif

2023-cü ildən bu yana karyerasını Səudiyyə Ərəbistanı təmsilçisi ''Əl-Nəsr''də davam etdirən Kriştiano Ronaldonun mövsümün sonunda komandadan ayrılacağı ilə bağlı söz-söhbətlər yayılmışdı.

''Football-plus.az'' xəbər verir ki, Ronaldonun mövsümün sonunda bitəcək müqaviləsini yeniləməyəcəyi deyilirdi. Onun ''Əl-Nəsr''in son çempion ''Əl-Hilal''ın kölgəsində qalmasından təngə gəldiyi və Amerikaya yollanacağı iddia olunurdu. Amma portuqaliyalı ulduzu qətiyyən əldən buraxmaq istəməyən ''Əl-Nəsr'' ona əvvəlki şərtlərlə yeni birillik müqavilə təklif edib.

Fevralda 40 yaşı tamam olacaq Ronaldo 2024-cü ildə Səudiyyə Ərəbistanında 285 milyon avro qazanaraq ilin ən çox qazanan idmançısı olmuşdu. Bu məbləğin 85 milyon avrosu ona imic reklamlarından, 200 milyon avrosu maaş kimi ödənilmişdi. ''Əl-Nəsr'' rəhbərliyi yenə Ronaldoya 200 milyon avroluq məvacib təklif edib! DÇ-2026-da iştirak etmək istəyən əfsanəvi portuqaliyalının bu təklifi qəbul edəcəyi gözlənilir.

Bu da o deməkdi ki, Ronaldo həftəlik 3,8 milyon avro, günlük 500 min avro qazanmaqda davam edərək 2025-də də dünyanın ən çox qazanan idmançısı statusunu qoruyacaq.

Yeni müqavilə 2026-cı ilin iyununa qədər nəzərdə tutulub. Qeyd edək ki, ''Qızıl top''un beşqat qalibi bu yaxınlarda peşəkar karyerasının 917-ci qolunu vurdu. ''Əl-Nəsr''də o indiyə qədər 89 rəsmi oyunda 80 dəfə fərqlənib.

ƏLİ

Chosen
12
football-plus.az

1Sources