İlahiyyatçı Rəşad Hümbətovun musiqiyə qulaq asmağın İslam dini baxımından haram olduğunu, “əxlaqsızlıq və sapmalara yol açan bir vasitə” adlandırması ciddi mübahisə və müzakirələrə səbəb olub.
Bəs doğrudanmı İslam dini musiqini qəti qadağan edir? İslam mətnlərində musiqi ilə bağlı müsəlmanlara hansı göstəriş verilir?
Əvvəlcə ondan başlayaq ki, İslamın əsas mənbəyi hesab olunan Quran-Kərimdə musiqi ilə bağlı qəti göstəriş yoxdur. Bu səbəbdən də musiqi ilə bağlı görüşlər fərqlidir və daha çox hədislərə və təfsirlərə əsaslanır.
Bu da o anlama gəlir ki, islamda musiqini ilə bağlı birmənalı və qəti mövqe yoxdur. Məzhəb alimləri və təfsirçilər musiqi ilə bağlı fərqli görüşlər səsləndirib. Lakin ümumi xətt budur ki, islam birmənalı olaraq musiqini qadağan etmir, yalnız müəyyən qayda və şərtlər daxilində musiqiyə icazə verir.
Musiqi ərəb dilinə yunan dilindən keçib, klassik ərəb dili lüğətlərində onu “ürəyi rahatlaşdıran, xoş gələn səs” kimi tərif ediblər.
Ümumilikdə musiqi və ğina fərqlənir. Ğina insan ağzından çıxan səsdir, musiqi isə alətdən çıxan səsə deyilir. Ğina kəlməsinin isə bir neçə mənası var. Şadlıq gətirən səs, əyləndirici səs, uca səs, uzadılan səs, xoşlandırıcı səs və s.
Məşhur islam alimi Firuzabadi “əl-Qamus əl-Mühit” adlı əsərində belə qeyd edir: “Ğina səsdəndir və coşqu (tərəb) gətirir”.
Məşhur müsəlman alimi İbn əl-Əsir “ən-Nihayə fi ğəribil-hədisi vəl-əsər” kitabında ğinaya bu cür tərif verir: “Kim səsini yüksəltsə və uzatsa, ərəblər onun səsinə ğina deyərlər”.
İslam mətnləri ğinanı qadağan edir. Quran-Kərimin Loğman surəsinin 6-cı ayəsində belə buyurulur: “(İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən (tutduğu işin günahını anlamadan xalqı) Allah yolundan (islam dinindən) döndərmək və bu minvalla onu məsxərəyə qoymaq üçün mənasız (oyun-oyuncaq) sözləri satın alarlar. Məhz belələrini alçaldıcı bir əzab gözləyir)”.
Və ya Nəcm surəsinin 61-ci ayəsi (Siz (qəflət içində) oynayır-əylənirsiniz (ona etina etmirsiniz)) və ya Ənfal surəsi 35-ci ayədə (Onların Beytullahın (Kəbənin) yanındakı namazı (duaları) fit verib əl çalmaqdan başqa bir şey deyildir. (Ey müşriklər!) Etdiyiniz küfrə görə indi dadın əzabı!” musiqi və ya hüquqi terminlə ğina barədə olduğu iddia edilir. Bu ayələrdə birbaşa musiqi adı keçməsə də, burada insanları həddən artıq əyləncəyə sövq edən, Allahın dinindən uzaqlaşdıran səslər tənbeh olunur.
Eyni zamanda mötəbər hədislərdə Məhəmməd Peyğəmbərin (s.) sağlığında musiqidən istifadə olunduğu qeyd olunur. Məsələn, məşhur “Çağrı” filmində Mədinə şəhərinə yaxınlaşan peyğəmbəri insanlar dəf çala-çala, mahnı oxuyaraq qarşılayırlar. Bundan başqa bayramlarda Peyğəmbəri evində ziyarətə gələn insanların mahnı oxumaları barədə qeydlər var. Buradan görünür ki, ilkin İslam dövründə belə musiqilər fərqləndirlib.
Məşhur islam alimi İbn əl-Ərəbi yazır ki, savaş təbili çalmaqda bir qəbahət yoxdur, çünki bu əsgərlərə səbat, düşmənlərə qorxu verir. Burdan da göründüyü kimi, əyləncə üçün təbil çalmaq qadağan edilsə də, lakin məsələn, müharibə zamanı təbil çalmağa icazə verilir.
Həzrət Məhəmməd Peyğəmbər (s) buyurur: “Gözəlliklərin ən gözəlindən olanlar içərisində gözəl şer və gözəl nəğmədir”.
İmam Sadiq (ə): “Allah elə bir peyğəmbər seçmədi ki, gözəl səsi olmasın”.
İmam Kazımdan (ə) bayram günlərində mahnı oxumaq barədə soruşdular, o da cavab verdi: “Günah etməsəniz, eybi yoxdur”.
İmam Cəfər Sadiqdən (ə) toyda gəlin üçün oxuyan qadın müğənnilərə pulun verilməsi barədə soruşdular, imam buyurdu: “Eybi yoxdur, əgər həmin müğənni əxlaqsız olmasa”.
Məşhur islam alimi Qəzali, musiqini “haram, məkruh (bəyənilməyən), mübah və müstəhəb (bəyənilən) 4 qrupa bölür:
1. Dünya arzusu və şəhvət hissləri ilə dolub daşan gənclər üçün sadəcə bu duyğuları təhrik edən musiqi haramdır;
2. Vaxtlarının çoxunu buna həsr edən, musiqilə məşğul olmağı adət halına gətirən kimsə üçün məkruhdur;
3. Gözəl səsdən zövq alma xaricində bir duyğuya qapılmayan kimsə üçün musiqi mübahdır, sərbəstdir;
4. Allah sevgisi ilə dolub daşan, duyduğu gözəl səs özündə yalnız gözəl sifətləri hərəkətə keçirən kimsə üçün müstəhəbdir.
Müasir islam alimləri olan Ayətullah Seyid Sistani, Ayətullah Seyid Əli Xameneyinin musiqi ilə bağlı görüşü budur ki, “Eyş-işrət məclisinə xas olan ləhv və mütrib musiqi olmasa, günah deyil”.
Ancaq bəzi alimlər isə musiqini ümumiyyətlə haram hesab edir. Məşhur şiə fəqihi Əllamə Hilli də yazır ki: “Ğina haramdır və onu edəni günaha aparar. Bu, səsin boğazda qaynadılması (zəngulə halına salınması) və uzadılmasıdır. Ğina, onu eşidəni də günaha salar; istər Quranda olsun, istərsə də şeirdə”.
Ümumilikdə İslam alimlərinin baxışı budur ki, musiqi, sözləri və ritmiylə insanı Allaha yaxınlaşdırırsa, haramlardan uzaq edərsə icazəlidir, hətta bəyənilir. Əksinə, insanı şeytana yaxınlaşdırar, haramlara sövq edər və ya haramlara alət edilirsə, ağlını zəiflədib, hisslərinə əsir edərsə, o zaman bəyənilmir, hətta haram ola bilər.
Kənan Rövşənoğlu,
Xüsusi olaraq Musavat.com üçün