EN

20 Yanvar: Tariximizin şəhid qanı ilə yazılmış hünər səhifəsi

Xalqımız bu tarixi təkcə hüzn günü kimi deyil, eyni zamanda, milli qürur və iftixar günü kimi anır

Hər bir tarixi hadisənin qiymətini zaman verir. 20 Yanvarın mənasını, tariximizdəki yerini və rolunu illər keçdikcə daha aydın dərk edirik. Vaxtilə ulu öndər Heydər Əliyev bu barədə danışarkən deyirdi: “1990-cı ilin 20 yanvarı Azərbaycan xalqının tarixinin ən faciəli, qara səhifəsi, həm də qəhrəmanlıq, rəşadət səhifəsidir. Biz o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərk edəcəyik və bəlkə də gələcək nəsillər buna daha doğru, daha düzgün qiymət verəcəklər. Ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin 20 yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olmuşdur”.

Həmin qanlı yanvar günündən 35 il ötür. İllər keçdikcə bu hadisəyə baxışlar dəyişir. Vaxtilə ağlayıb-sızlayır, qəm dəryasına batır, şəhid məzarlarına qərənfillər düzməklə təskinlik tapırdıq. İndi isə kədərlə yanaşı, ürəklərdə sonsuz qürur hissi də baş qaldırır. O zaman - qaranlıq səmada güllələrin parıldadığı, küçələrdə tankların şütüdüyü qış gecəsində azadlıq günəşinin doğmasından, həyatımızda başlayan dönüşdən hələ xəbərsiz idik. Bilmirdik ki, üstümüzə tankla hücuma keçən bu imperiyanın sonu çatıb və cəmi iki il sonra Azərbaycan yenidən müstəqil dövlət olacaq. Ötən 35 ildə həyatımız büsbütün, müqayisəyə gəlməz dərəcədə dəyişib, 90-cı ilin Bakısından, 35 il əvvəlki Azərbaycandan, demək olar, əsər-əlamət qalmayıb. İmzalar içində imzamız, bayraqlar sırasında bayrağımız, sözlər yanında sözümüz var. İllərin və zamanın axarında dəyişməz qalan isə xalqın şəhidlərə hörmət və ehtiramıdır. Azərbaycan xalqı ötüb keçən zamanın fonunda dünyanın soyuq üzünü, ədalətsizliyini, xalqımızın faciəsinə özgə dərdi kimi baxdığını da gördü. 90-cı ilin yanvarında Bakıya hücum əmri verən, yüzlərlə günahsız insanın ölümünə bais olan Mixail Qorbaçova Nobel sülh mükafatı verdilər. Təzada baxın: nahaq axıdılan qan və sülh mükafatı...

Torpaq uğrunda mübarizə tədricən azadlıq hərəkatına çevrilirdi

20 Yanvar faciəsinə bir günün, yaxud bir ayın ərzində baş verən hadisə kimi baxmaq olmaz. Rəsmi Moskva tərəfindən erməni separatizminə rəvac və dəstək verilməsi, respublika rəhbərliyinin mütiliyi və milli mənafeyə zidd mövqeyi xalqı hiddətləndirmiş, güclü etiraz dalğası doğurmuşdu. Böyüklü-kiçikli hamı küçə və meydanlara axışırdı. Mitinqçilərin sıraları günbəgün genişlənir, paytaxtın baş meydanında xalqın azadlıq istəyini əks etdirən şüar və plakatlar görünməyə başlayırdı. Beləliklə, əldən gedən torpaq uğrunda mübarizə tədricən azadlıq hərəkatına çevrilirdi. Can üstə olan imperiya çıxış yolu kimi Bakıda fövqəladə vəziyyət rejimi elan etdi, bundan bir nəticə hasil olmadığını gördükdə Azərbaycan paytaxtına qoşun yeritmək qərarına gəldi. 1990-cı il, 20 yanvar, saat 00:00. Bir neçə gün əvvəl Bakı ətrafında yerləşdirilmiş ordu birləşmələri beş istiqamətdən şəhərə soxuldu. Küçələrdə şütüyən tanklar və zirehli maşınlar qarşılarına çıxan avtomobilləri, insanları əzib keçir, əsgərlər heç kəsə aman vermirdilər. Yanvarın 20-də səhər hava işıqlaşar-işıqlaşmaz küçələrə axışan Bakı sakinləri indiki “20 Yanvar” dairəsində (onda həmin ərazi XI qızıl ordu meydanı adlanırdı) və ona yaxın küçələrdə dəhşətli mənzərələrlə qarşılaşdılar: tankların əzib keçdiyi cəsədlər, avtobuslar, yük və minik avtomobilləri, qar üzərindəki qan izləri... Xəstəxanalar yaralılarla dolu idi. Şəhərin mərkəzi küçə və meydanları tanklar və silahlı əsgərlər tərəfindən mühasirəyə alınmışdı. Yanvarın 19-dan 20-nə keçən gecə və sonrakı bir neçə gündə Bakıda və Azərbaycanın digər bölgələrində 147 nəfər qəddarcasına öldürüldü, 744 nəfər yaralandı, 800-dən çox insan qanunsuz həbs olundu. Öldürülənlər və yaralananlar arasında qadınlar və qocalar, hətta uşaqlar da vardı. Onlardan bəziləri ömürlük şikəst oldu. Bu hadisələrdən bir müddət sonra - 1990-cı ilin noyabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında çıxış edən Ulu Öndər faciə barədə danışarkən deyirdi: “Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda, Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin nəticəsidir. Mən belə fikirdəyəm ki, Böyük Vətən müharibəsi qurtarandan sonra Sovetlər İttifaqında, ölkənin daxilində - heç bir yerdə, heç bir regionda bu qədər, bu miqyasda qanlı qırğın olmamışdır... Bunun nə qədər böyük miqyasda olmağını onunla da ölçmək olar ki, bu hərbi aksiyanın həyata keçirilməsi üçün SSRİ müdafiə naziri Yazov, SSRİ daxili işlər naziri Bakatin vaxtından qabaq gəlib Bakıda oturub, bu əməliyyatlara rəhbərlik ediblər”.

Bəzi məlumatlara görə, hadisə ərəfəsində Bakıya və Bakı ətrafına Sovet ordusunun və daxili qoşunların Azərbaycan xalqına nifrət ruhunda köklənmiş 65 min nəfərlik kontingenti yerləşdirilmişdi. Qəddarlığın da misli-bərabəri yox idi. Hərbçilər fotomüxbirləri hadisə yerinə yaxın buraxmırdılar. Bununla belə, bəziləri həyatlarını təhlükəyə ataraq kütləvi qırğının ayrı-ayrı epizodlarını fotoobyektivə köçürə bilmişdilər. İmperiya ordusunun hərbi müdaxiləsinin, cəza əməliyyatının ağır nəticələrini əks etdirən bu ağ-qara fotoşəkillər qanlı cinayəti törədənlərə qarşı bir ittiham aktı olaraq qalır.

Azadlıq savaşından son mənzilə…

Şəhidlər son mənzilə görünməmiş izdihamla yola salındı. Xalq faciə qurbanlarını son mənzilə çiyinlər üstündə apardı. Şəhidlərin dəfni nə qədər ağır səhnə olsa da, bir o qədər də qürurverici məqam idi. Bu iki məqamı həmin vaxt çəkilmiş fotolarda aydın görmək olur. Bakının ən yüksək nöqtələrindən birində - o vaxt “Dağüstü park” adlanan yerdə şəhidlər üçün məzarlar qazılıb. Cənazələr indiki “Azadlıq” meydanına düzülüb. Şəhidlərlə vidalaşmaq üçün buraya milyonlarla insan toplaşıb. İnsan seli məzarlığa yaxınlaşır. Bu vida anlarında doğmalarını, əzizlərini itirmiş insanların ağrı-acıları, keçirdikləri hissləri ifadə etmək üçün söz tapmaq çətindir. Onlar Vətən naminə şəhid oldular, bununla da milyonlara fədakarlıq dərsi keçdilər. 1990-cı ilin yanvar hadisələri zamanı həlak olmuş qəhrəman Vətən övladlarının xatirəsi hər bir həmvətənimiz üçün əzizdir.

Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin fədakarlığını, Vətən qarşısındakı xidmətlərini yüksək qiymətləndirərək deyib: “Azadlıq, müstəqillik uğrunda, Vətən uğrunda özlərini qurban verən şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm ki, bugünkü müstəqil, qüdrətli Azərbaycan xalqımızın ən böyük sərvətidir. Şəhidlərimizin, canlarını qurban vermiş insanların bu işdə böyük xidməti olubdur. Bu da heç vaxt yaddan çıxarılmamalıdır”.

Ulu Öndər Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində bir sıra mühüm addımlar atmış, qərarlar qəbul etmişdi. Bu siyasəti davam etdirən Prezident İlham Əliyevin Sərəncamına əsasən 2007-ci ildə Şəhidlər xiyabanı vahid kompleks kimi yenidən qurulub. Şəhidlər xiyabanı Azərbaycan xalqının 35 il əvvəl düçar olduğu böyük faciə ilə yanaşı, yenilməz iradəsindən xəbər verir. Özündə ümummilli kədər və iztirabın nişanələrini yaşatmaqla bərabər, mübarizlik rəmzinə çevrilib. Bu müqəddəs məkanı uşaqdan tutmuş böyüyədək hamı ziyarət edir. Günün istənilən vaxtı burada müxtəlif yaşda insanlar görmək olar. Onlar şəhid məzarları önündə ayaq saxlayır, qranit lövhəyə həkk edilmiş adları oxuyur, şəkillərə baxırlar. Bu məzarlarda uyuyan şəhidlər Azərbaycanın müxtəlif guşələrində doğulublar. Ölüm tarixi, əbədiyyətə qovuşduqları məkan isə eynidir: 20 Yanvar 1990-cı il, Şəhidlər xiyabanı.

Sevinc Azadi, “İki sahil”

Chosen
10
ikisahil.az

1Sources