EN

“Qarabağ”dan bir Juninyo keçdi

Braziliyalı hücumçu Juninyo “Qarabağ”dan ayrılıb. 28 yaşlı forvard karyerasına ölkəsində “Flamenqo”da davam etdirəcək.

Juninyo 2023-cü ilin iyulunda 450 min avro qarşılığında Portuqaliyanın “Şaveş” klubundan “Qarabağ”a keçmişdi. Transferin ilk günləri hücumçu ilə bağlı müxtəlif fikirlər dolaşsa da, Juninyo qısa zamanda performansı ilə həm azarkeşlərin, həm də baş məşqçi Qurban Qurbanovun bəyənisini qazandı.

Forvard “Qarabağ”la Premyer Liqada 48 oyunda 23, Çempionlar Liqasında 7 oyunda 6, Avropa Liqasında 16 oyunda 6 qol vurmaqla adından söz etdirib. Xüsusilə, ötən mövsüm “Bayer”ə qarşı matçlarda karyerasının ən yaxşı performanslarından birini sərgiləyən Juninyo elə həmin vaxtdan böyük klubların diqqətini çəkməyə başlamışdı. Mövsümün əvvəlində də mümkün gedişi müzakirə olunurdu, lakin “Qarabağ” buraxmamışdı.

Bu dəfə isə daha yüksək məbləğ oldu və oyunçu da getməkdən yana idi. “Flamenqo”nun 5 milyon avroluq təklifi Azərbaycan klubları üçün yüksək göstəricidir. Buna qədər ölkədə oynayan hansısa bir oyunçu üçün bu qədər məbləğ ödənilməyib. Daha əvvəl Kadi Borges 2 milyon avro qarşılığında “Qarabağ”dan “Krasnodar”a üz tutmuşdu. Kadinin rekordunu məhz həmyerlisi Juninyo yenilədi.

Juninyo bir il yarım oynadığı Azərbaycanda fanatların kifayət qədər sevgisini qazandı. Düzdür, mövsümün ortasında “atlılar”ı tərk etməsi komanda üçün çətinlik yaradacaq. Onun mövqeyinə keyfiyyətli legioner tapmaq, xüsusilə də, qışda daha çətindir. Juninyo “Qarabağ”da uzun müddət oynamasa da, həmişə müsbət xatırlanacaq.

Chosen
3
futbolpress.az

1Sources