on illərdə ölkənin müxtəlif bölgələrində, həmçinin paytaxt Bakıda icra başçılarının “tikinti maqnatı” kimi fəaliyyət göstərməsi və bu sahədə qanunsuz addımlar atması ilə bağlı xəbərlər geniş müzakirə mövzusu olub.
Modern.az-ın məlumatına görə, Bakıda icra başçılarının bina tikintisi ilə məşğul olmasına qadağa qoyulub. Artıq icra başçıları paytaxt ərazisində çoxmərtəbəli binaların, həmçinin həyət evlərinin tikintisi və satışı ilə məşğul ola bilməyəcəklər.
Bu dəyişikliklərin tikinti sektoru və əmlak bazarına nə kimi təsiri olacaq?
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Bakı şəhərinin ən son Baş Planı 1986-cı ildə təsdiq edilmişdi ki, artıq bütün tikililər ona uyğun olaraq inşa olunmalı idi. Lakin daha sonra Sovet İttifaqının dağılması, Birinci Qarabağ müharibəsi və digər amillər insanların böyük bir hissəsinin böyük şəhərlərə, xüsusən də Bakıya axın etməsinə səbəb oldu. Zamanında tikilmiş pərakəndə şəkildə çoxmənzilli yaşayış binaları və evlər demək olar ki, paytaxtın bütün infrastrukturunu alt-üst etdi və Bakı plansız şəkildə tikildi. 2018-ci ilə qədər çoxmənzilli binaların inşası ilə bağlı sərəncamları yerli icra hakimiyyətləri verirdi ki, 2018-ci ildən sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yarandı və tikinti ilə bağlı, xüsusən də çoxmənzilli yaşayış binalarına dair bütün sərəncam hüquqları bu komitə tərəfindən təsdiqlənir. Zamanında tikilmiş pərakəndə şəkildə çoxmənzilli yaşayış binaları artıq yeni Baş Planın qurulmasına ciddi şəkildə problemlər yaradır və sıxlıq əmələ gəlir ki, bu da həmçinin insan sıxlığı ilə bərabər, avtomobillərin də hərəkətində ciddi problemlər yaradır. Tikinti işlərini həyata keçirən insanların böyük bir hissəsi vəzifəli şəxslər olub ki, onların himayədarlığı ilə Bakı şəhərində bu qədər pərakəndə çoxmənzilli yaşayış binaları plansız şəkildə tikilib”.
Ekspert qeyd edir ki, əksər hallarda hansısa tikinti sahibi görünməyən tərəf olur:
"Görünən tərəf sıradan bir şəxs, yəni icraçı direktor qismində görünür. İstər icra hakimiyyətləri, istərsə də digər böyük vəzifəli şəxslər adətən tikintilərlə bağlı bu cür addımlar atırlar. Tikintini maliyyələşdirən, yaxud digər icazələrin alınması həmin şəxslərin özləri tərəfindən aparılsa da, görünən tərəflər tam başqadır. Hazırda vəzifəli şəxsin böyük biznes fəaliyyəti ilə məşğul olması qanunvericilikdə qadağan olunduğu üçün onlar istər tikinti, istərsə də digər sahələrdə də görünməyən tərəf kimi çıxış edirlər. Təbii ki, gələcəkdə də bu cür hallar baş verə bilər, çünki həmin şəxslər rəsmi olaraq həmin şirkətlərdə görünmürlər, həmin şirkətləri yalnız və yalnız maliyyələşdirən və kənardan idarə edən şəxslərdir.
MİA.AZ