EN

Azərbaycan Avropaya qaz nəqli öhdəliklərinə sadiqdir

Ölkəmiz Avropa İttifaqı ilə uzun illərdir ki, enerji sahəsində fəal tərəfdaşlıq edir. Bu əməkdaşlığın təməli isə Avropa İttifaqı və onun üzv dövlətləri ilə 1999-cu il iyulun 1-də imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi əsasında qoyulub. 2006-cı ildə adıçəkilən qurumla Anlaşma Memorandumunun və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamənin imzalanması əlaqələrin daha da möhkəmləndirilməsinə imkan yaradıb. 

2022-ci ilin yayında Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycana rəsmi səfəri çərçivəsində isə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasından sonra bu əməkdaşlıq yeni mərhələyə qədəm qoyub. Ötən müddətdə bu sahədə əlaqələrin genişləndirilməsi istiqamətində vacib addımlar atılıb. Ölkəmizin zəngin karbohidrogen ehtiyatlarına və enerji resurslarının Avropa bazarına çıxarılması üçün şaxələndirilmiş boru kəmərləri sisteminə malik olması isə enerji əməkdaşlığının bir qədər də genişləndirilməsinə səbə olub.  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibəsində ölkəmizin “köhnə qitə”nin enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr vediyini diqqətə çatdıraraq deyib: “Qaz ixracımız artır və hazırda, biz, müxtəlif infrastruktur layihələrindən, əsasən, Cənub Qaz Dəhlizi və onun artırılmasından istifadə edərək qaz təchizatının coğrafiyasını genişləndiririk. Son zamanlar Avropada istismara verilmiş yeni interkonnektorlar vasitəsilə müxtəlif bazarlara çıxışımız mümkündür”. 

2022-ci ildə başlamış Rusiya – Ukrayna müharibəsi nəticəsində “köhnə qitə”yə Rusiyanın qaz təchizatının pozulması zamanı Avropanın yardım üçün Azərbaycana müraciət etdiyini diqqətə çatdıran dövlətimizin başçısı Avropa Komissiyasının Prezidenti ilə imzalanmış bəyannaməni xatırladaraq qaz təchizatının iki dəfə artırmaqla bağlı həyata keçirilmiş tədbirlər barədə məlumat verib. 

Prezident bildirib ki, Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlı olan Avropa ölkələrinə qazımızı müxtəlif interkonnektorlar vasitəsilə nəql etmək imkanlarının araşdırlımasına, sərmayə yatırılmasına başlandı: “Həmin vaxtdan etibarən qazımızı alan Avropa ölkələrinin sayı artdı. Hazırda onların sayı 10-a bərabərdir. Beləliklə, ümumilikdə 12 ölkə var. Onlardan 10-u Avropa ölkəsidir və həmin on ölkədən səkkizi Avropa İttifaqının üzvüdür. Bir sözlə, biz coğrafiyanı genişləndirdik, qaz həcmini artırdıq. Avropa İttifaqının üzvü olan bir çox ölkə hazırda öz daxili qaz istehlakının, təxminən, yarısını Azərbaycan qazı ilə təmin edir. Bu, həqiqətən də, Avropada tərəfdaşlarımıza göstərdiyimiz ciddi dəstəkdir. Beləliklə, gələcək planlarımız coğrafiyanı genişləndirməkdir. Hazırda qazımızı alan ölkələrə yaxın olan bəzi digər Avropa dövlətləri ilə artıq danışıqlar aparırıq. Düşünürəm ki, gələn illərdə bu, mümkündür”.

2022-ci ilədək Azərbaycan yalnız Gürcüstan, Türkiyə, Yunanıstan və İtaliyaya qaz ixrac edirdisə, sonrakı mərhələdə bu coğrafiya xeyli genişlənərək Bolqarıstan, Macarıstan, Rumıniya, Serbiya, Şimali Makedoniya, Slovakiya və Xorvatiyanı əhatə edib. Bununla belə, Avropa İttifaqı ölkələrinin əksəriyyəti təbii qaza olan tələbatın ödənilməsi üçün Azərbaycana böyük ümid bəsləyirlər. Bunun üçün isə ölkəmizin kifayət qədər qaz ehtiyatları var. 

Yerli televiziya kanallarına müsahibəsində bu məqama toxunan Prezident İlham Əliyev ölkəmizin əvvəllər təsdiqlənmiş qaz ehtiyatlarının həcminin getdikcə artmaqda olduğunu vurğulayaraq deyib: “Bir neçə il öncə onların həcmi 2,6 trilyon kubmetr təşkil edirdi. Lakin indi yenicə kəşf edilmiş, o cümlədən gələcəkdə nəzərdə tutulan ehtiyatlarla bu səviyyə daha da artacaq. Ümid edirik ki, bu il biz AÇG-də “Dərin qaz” layihəsindən ilk qazı alacağıq və bu, bütövlükdə, qaz hasilatına gözəçarpan töhfə olacaq. Bununla belə, “Şahdəniz”in hələ də əsas qazı təchiz edən yataq kimi qalacağını nəzərə alsaq, biz “Abşeron”da qaz hasilatının 1,5 milyard kubmetrdən 5 milyard kubmetrə qədər artırılması məqsədilə tərəfdaşlarla çalışmağı planlaşdırırıq”. 

Heç şübhəsiz, ölkəmizin potensialı bu yataqlarla kifayətlənmir. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şəfəq”, “Asiman”, “Ümid”, “Babək”, “Naxçıvan” və “Qarabağ” yataqlarının da potensialı olduqca yüksək qiymətləndirilir. Dövlət başçısının qeyd etdiyi kimi, belə bir perspektivli layihələr Azərbaycanın bu sahədə potensialının bir qədər də artırılmasına imkan yaradacaq. Hazırda isə qarşıda duran əsas məsələ yeni qaz bazarlarına çıxmaqdan ibarətdir. Bu məqsədlə mövcud interkonnektorları genişləndirmək və ya yenilərini tikmək üçün Avropada əlavə sərmayələrin qoyulması vacibdir. 

Bütün hallarda isə hazırda Azərbaycan “köhnə qitə”nin 12 ölkəsini boru ilə nəql olunan qazla əhatə etmək sahəsində dünyada belə bir böyük coğrafiyaya malik aparıcı ölkələrdən biridir. Televiziya kanallarına müsahibəsində bu barədə danışan Prezident İlham Əliyev təchizat coğrafiyası baxımından Azərbaycanı aparıcı ölkələrdən biri kimi xarakterizə edərək deyib ki, bu göstərici qazın həcmi qədər vacibdir və bəzi dövlətlər üçün hətta 1 milyard kubmetr belə böyük fərq yaradır.

Dövlətimizin başçısı müsahibəsində Azərbaycanın öz öhdəliklərinə böyük məsuliyyət hissi ilə yanaşdığını da qeyd edib. Yeri gəlmişkən, bir neçə gün bundan əvvəl “Şahdəniz Alfa” platforması ilə Səngəçal terminalı arasında sualtı kondensat ixrac xəttində aşkar edililmiş texniki nasazlıq səbəbindən Azərbaycan qazının Bolqarıstan və Serbiyaya nəqli müvəqqəti olaraq dayandırılıb. “BP-Azərbaycan” şirkətinin bununla bağlı açıqlamasında əməliyyat səbəbindən “Şahdəniz Alfa”da istehsalın və ixracın müvəqqəti olaraq dayandırıldığı, platformanın təhlükəsiz şəkildə bağlandığı və nasazlığın aradan qaldırılması, qurğunun normal fəaliyyətinin mümkün qədər tez bərpası istiqamətində işlərin aparıldığı bildirilib. Eyni zamanda, Azərbaycan “Şahdəniz” yatağında yaranan texniki nasazlıqlara görə qaz nəqlinin dayandırılması ilə bağlı sözügedən ölkələri və Yunanıstan – Bolqarıstan Qaz İnterkonnektorunun operatoru olan ICGB şirkətini məlumatlandırıb. 

Elə Serbiya Prezidenti Aleksandar Vuçiç də Azərbaycanın “Şahdəniz” yatağındakı texniki nasazlıqlara görə gündəlik 1,7 milyon kubmetr qaz tədarükünün dayandırılması ilə bağlı ölkəsini xəbərdar etdiyini bildirib. O, “X” sosial şəbəkəsində bununla bağlı paylaşımında yazıb: “Azərbaycandan olan qardaşlarımız və dostlarımız indicə mənə bildirdilər ki, fors-major halların yaratdığı obyektiv problemlərə baxmayaraq, Serbiyaya qaz tədarükü dayandırılmayacaq. Azərbaycana və tezliklə Belqradda görməyi səbirsizliklə gözlədiyim Prezident İlham Əliyevə böyük təşəkkürümü bildirirəm”.

Sonda bir məqamı da qeyd edək ki, Avropa ölkələrinin “yaşıl keçid” kimi xarakterizə etdikləri mədən yanacağından imtina edilməsini nəzərdə tutan proqrama baxmayaraq, uzunmüddətli perspektivdə qazdan və neftdən tam imtina edilməsi gözlənilmir. Bu isə onu deməyə əsas verir ki, Azərbaycanın karbohidrogen ehtiyatları hələ uzun illər Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oyanayacaq.

Chosen
2
xalqqazeti.az

1Sources