EN

Zəka yarışması

Yaxud, bələdiyyə seçkisi niyə ekzit-polsuz qaldı

Bütün dünyanın, hətta əminliklə yazmaq olar ki, başqa planetdən gələnlərin də diqqət mərkəzində olan hadisələrdən biri, bəlkə də birincisi Azərbaycanda 29 yanvarda keçiriləcək bələdiyyə seçkisidir.

Hər yerdə, bütün yaşayış məntəqələrində və seçki dairələrində təsadüfi deyil ki, bu istiqamətdə yüksək aktivlik müşahidə edilir. Mən bugünlərdə namizədlərdən birinin, daha dəqiqi, YAP üzvlərinin zəhmətkeşlərlə toplu şəkildə görüşünə şahid oldum. Parkın qapısı ağzında, açıq havada keçirilən görüşdə namizədlər öz platformalarını açıqladılar, növbəti illərdə yerli özünüidarəetmə üçün hansı işlər görüləcəyini sakinlərə çatdırdılar. Dairə şəklində durmuşdular, axırda Yallı da getdilər.

Təəssüflə qeyd etməliyəm ki, zəhmətkeşlər görüşə laqeydlik nümayiş etdirir, toplantının yanından keçib uşaqları karuselə, oyuncaq maşınları idarə etməyə aparırdılar. Dahilərdən biri yaxşı demişdir: “Ən böyük pislik laqeydlikdir”. Oyuncaq maşınlar bələdiyyədən maraqlı ola bilməz axı. Buna son qoymalıyıq.

Açığı, özünüidarəetmə varsa, özünütənqid də olmalıdır və etiraf edirəm: mən özüm də namizədlərin çıxışlarını izləmədim. Parka isə idmanla məşğuliyyət üçün, qaçmağa çıxmışdım. Hər dəfə toplantının böyründən dövrə vurub keçəndə qulağıma “demokratiya”, “bələdiyyə”, “torpağın sotu”, “zibil pulu”, “ düzgün seçki”, “qarşıdan gələn”, “Allaha şükür”, “cındır müxalifət”, “qara qüvvələr”, “dəyirman” kimi sözlər, ifadələr çatırdı.

Parkın müdiri Bələd müəllim də əhalinin bələdiyyə seçkisinə diqqətini artırmaq üçün əlindən gələni etdi. İnsaf naminə, bunu mütləq vurğulamalıyam. Biz hər şeyi düzgün işıqlandırmağa borcluyuq. Məsələn, ağac budayanlar, süpürgəçilər, otsulayan və qarovulçular hamısı açıq havada namizədlərin görüşündə aktiv iştirak etdilər. Hətta son dəqiqələrdə “euonymus japonicus” (yapon gərməşovu) kolluğunda gizlənən süpürgəçi qarılardan birini aşkar edib gətirdilər. Çox maraqlı görüş idi. Düşünürəm ki, bizim bələdiyyə bu dəfə ən aktiv bələdiyyə olacaq. Ədliyyə Nazirliyindən dotasiya almaqda da lider ola biləcəyik.

Lakin qanımızı qaraldan faktlar var. Bugünlərdə Mərkəzi Seçki Komissiyasının müdiri, hörmətli Məzahir müəllim bəyan etdi: qarşıdan gələn bələdiyyə seçkisində ekzit-pol keçirilməyəcəkdir. Sən demə bunun üçün heç bir şirkət-zad müraciət etməyibdir.

Yəqin xatırlayarsınız, ekzit-pol “seçki zamanı ilkin seçki” kimi bir zaddır. Məntəqənin çölündə oyuncaq  qutu qoyursan, səsverməyə gələnlərdən kimə quş qoyduğunu öyrənirsən. Beləcə, sosioloji sorğu alınır, məntəqənin, dairələrin rəsmi statistikası açıqlanmazdan öncə artıq əhalidə ilkin yekunlar, hansı namizədin, hansı partiyanın üstün olması barədə rəy, mövqe yaranır, həmin rəylər dairəvi və sütunlu diaqramlar, sözlü və rəqəmli cədvəllər, loqarifmik və funksional tənliklər, tangens və kotangens nisbətləri şəklində efirlərdə nümayiş olunur. Bəs niyə bizim bələdiyyədə ekzit-pol keçirməyə heç kim tapılmayıb? Yoxsa hamı nəticəni indidən bilir? Əlbəttə, yox. Bizdə bütün seçkilər gərgin mübarizə, demokratik yarış şəraitində keçirilir. Kimin qalib gəldiyini biz bəzən heç seçkidən 30 il sonra da öyrənə bilmirik – o dərəcə əsrarəngiz proseslərdir. Sadəcə, mənim fikrimcə bu dəfə ekzit-pol şirkətlərinə verilən, ödənilən maliyyə vəsaitinə qənaət edilmişdir. Necə deyərlər, baqqal ətdən kəsər, siçan da baqqaldan.

Hər halda, ekzit-polsuz seçki sarımsaqsız xaş kimi bir şeydir, gərək hökumət buna qıymazdı. 29 yanvarda bütün dünya bələdiyyə seçkimizi izləyəndə məntəqələrin ilkin nəticələrini hardan alacağıq? Bu haqda fikirləşən varmı? Yoxsa elə təkcə mən fikirləşirəm? Axı nə üçün? Niyə? Necə? Kim? Nə? Harada? Haçan?

 

Son nidalarım, istər-istəməz, sanki intellektual televiziya oyunlarının adına bənzədi, bu da təsadüfi deyil, çünki bələdiyyə seçkisi həmçinin zəka yarışmasıdır.        

Chosen
1
musavat.com

1Sources