EN

Güney Azərbaycanda qızıl mədəninin işçiləri kütləvi işdən çıxarılıb

İran mediası Şərqi Azərbaycanın Vərziqan şəhərindəki qızıl mədənində çalışan işçilərin çinli işəgötürən tərəfindən işdən çıxarıldığını xəbər verir.

İLNA xəbər agentliyinin məlumatına görə, mədənin müqaviləli işçilərinin iş yerlərinə daxil olmasına icazə verilməyib. Agentlik bölgədəki işçilərə istinadən işdən çıxarılanların sayının 50-60 nəfər olduğunu bildirir. Bu işçilərin 8-10 illik iş təcrübəsinə malik olduğu qeyd olunur.

Xəbərə əsasən, Çin şirkəti bu işçiləri qanuni tələblərini davamlı olaraq irəli sürdükləri üçün işdən çıxarıb. Həmin işçilərin hamısının mədənin yaxınlığında yerləşən kəndlərin sakinləri olduğu bildirilir. Mədənin fəaliyyəti onların rifahına töhfə vermək əvəzinə, dolanışıq mənbələri olan əkinçilik, heyvandarlıq və arıçılığa ziyan vurub. İndi isə şirkət onları işdən çıxarmaq qərarına gəlib.

2015-ci ilin yanvarında İran mediası Vərziqandakı bu qızıl mədəninin bir Çin şirkətinə təhvil verildiyini və burada təxminən 100 işçinin işlə təmin edildiyini yazmışdı.

Mehr xəbər agentliyinin məlumatına görə, mədən Vərziqanın Məzrayə-i Şadi adlanan kəndində yerləşir və kəndin adı bu qızıl mədəninə verilib. Keçmişdə bu kənd İbrahimbəy kəndi adlanırdı, lakin sonradan adı dəyişdirilib.

Hər ton daşdan 7 qram qızıl hasil olunduğu və ehtiyatının təxminən 2 milyon 175 min ton olduğu hesablanıb.

On il əvvəl mədənin açılışı zamanı 150 milyard riallıq investisiya qoyulub. Çin şirkətinin rəhbərlik etdiyi layihədə bir İran şirkəti də iştirak edib.

İşçilər bildirirlər ki, mədən artıq on ildən çoxdur ki, istismar olunur, lakin bu müddət ərzində nə qədər qızıl çıxarıldığı barədə rəsmi məlumat verilməyib.

Həmin qızıl mədəni kəndin təxminən 11,5 hektarlıq ərazisini zəbt edib.

visiontv.az



Chosen
1
visiontv.az

1Sources