EN

Nəzakət Heydərova: Səriyyənin hekayəsi mənim həyatımın bir parçası oldu

Bakı, 15 yanvar, Fidan Əlizadə, AZƏRTAC

İstedad hər yaşda parlayır, amma bəzən elə bir yaşda üzə çıxır ki, insanı həm heyrətləndirir, həm də düşündürür. Budəfəki müsahibimiz yaxın zamanda premyerası keçirilən “Səriyyə” filminin əsas siması Nəzakət Heydərovadır. Kiçik yaşlarından səhnəni özünə dost seçən Nəzakət, yalnız aktyorluğu deyil, həm də təhsili həyatının ayrılmaz hissəsi hesab edir. AZƏRTAC onu oxuculara daha yaxından tanıdır.

Nəzakət Heydərova, İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdidir. Bununla yanaşı, S.Rüstəmov adına uşaq incəsənət məktəbində də təhsil alır. Uşaqlıqdan həm dərslərinə, həm də yaradıcılıq fəaliyyətinə xüsusi önəm verir. Ən maraqlı məqam isə onun riyaziyyat fənninə olan sonsuz sevgisidir. Həyatı sevməyin, qurub-yaratmağın, insanlara gülüş və sevgi hissləri çatdırmağın ən gözəl yollarından birini də aktyorluqda görür. Elə bu səbəbdən də bu sənətə böyük sevgi ilə bağlanıb...

-Aktrisalığa marağınız necə yarandı?

-Balacalıqdan bu sahəyə marağım olub. Özümü xatırlayandan bəri, həmişə kuklalarımı düzür, onlarla sanki səhnə qururdum. Filmlərə baxanda təsirlənib, həmin səhnələri evdə canlandırırdım. İlk dəfə bu sahəyə ciddi addım atmağım 7 yaşımda gerçəkləşdi. 2019-cu ildə “Zəhər Tuluğu” filmi üçün kastinq keçirilirdi. Bu filmin kastinqi mənim həyatımı dəyişdi. Əvvəlcə, maraqlı bir təcrübə kimi qatıldım, amma o gündən bəri aktrisalıq mənim həyatımın bir parçası oldu. Seçim dönəmində filmin rejissorları Taleh Yüzbəyov və Orxan Mərdan performansmı bəyənmişdi.

2022-ci ildə isə, Əlixan Rəcəbovun Xocalı soyqırımı haqqında çəkdiyi “Sevinj Stories” adlı tarixi dram miniserialı mənə dolğun təcrübə yaşatdı. Ekran işi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilən “Xocalıya ədalət” kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyilə ərsəyə gəlib. Çəkilişlər Qəbələnin Vəndam kəndində reallaşdı. Azyaşlı Sevincin başına təsəvvür edə bilməyəcəyi hadisələr gəldi. Sevincin gözünün qarşısında ailəsinin güllələndiyi səhnə çəkilən zaman bomba səsi montajla qoyulsa da, həmin səhnəyə o qədər adaptasiya olmuşdum ki, elə bilirdim, həqiqətən o hadisələri yaşayıram.

-Ən son rol aldığınız ekran işi “Səriyyə” oldu. Bu obraza həyat vermək sizə necə təsir etdi?

-“Səriyyə” mənim üçün xüsusi bir obrazdır. O, təhsilə olan sevgisi və ailəsinə qarşı apardığı mübarizəsi ilə seçilən, güclü bir qızdır. Amma ailəsinin dar düşüncəsi onu çətinliklərə məruz qoyur. Bu obrazı canlandırmaq mənə həm psixoloji, həm də emosional cəhətdən böyük təsir etdi. Obrazı oynayarkən onun ağrılarını, çarəsizliyini o qədər dərindən hiss edirdim ki, bəzən səhnələr bitəndən sonra da təsirindən çıxa bilmirdim. Xüsusilə düşünəndə ki, dünyada belə real hadisələr baş verir, bu məni daha da təsirləndirirdi.

-Filmin əsas mesajı nə idi və bunu tamaşaçılara necə çatdırdınız?

- Bu film erkən nikahın qarşısını almağın vacibliyindən bəhs edir. Əsas məqsədimiz, xüsusilə gənc qızların həyatında təhsilin nə qədər böyük əhəmiyyətə malik olduğunu göstərmək idi. Film tamaşaçılara bir mesaj verirdi: hər bir qız uşağı öz seçim haqqına malikdir, onu məcburi nikaha və ya başqa bir yola məcbur etmək düzgün deyil. Mən bu mesajı çatdırmaq üçün Səriyyə obrazına tam mənası ilə bağlanmağa çalışdım.

-Çəkilişlər necə keçdi?

-Qeyd edim ki, çəkiliş prosesi Şamaxının Çarhan kəndində aparıldı. Çəkilişlər kənardan rahat görünsə də, əslində çox çətin idi. Xüsusilə bir damla göz yaşı axıtmalı olduğum səhnələr məndən böyük diqqət və emosional bağlılıq tələb edirdi. Hər bir səhnə üçün saatlarla məşq edirdik. Anam bəzən mənə deyir: “Bütün bu çətinliklərə baxmayaraq, hələ də aktrisa olmaq istəyirsən?” Mənim cavabım isə həmişə eyni olur: “Bəli, bu, mənim həyatımın arzusudur”.

-Ailə üzvləriniz bu sahədə sizi necə dəstəkləyir?

-Ailəmin dəstəyi olmasaydı, bu qədər irəliləyə bilməzdim. Onlar mənim arxamda dayanır, həm dərslərimdə, həm də incəsənət fəaliyyətimdə mənə dəstək olurlar. Çox şanslıyam ki, ailəm mənim arzularımı gerçəkləşdirməkdə hər zaman yanımdadır. Ailəm həm motivasiyam, həm də uğur sirrimdir.

- Sosial şəbəkədəki səhifənizi özünüz idarə edirsiniz?

-Sosial şəbəkədəki səhifəm mənim üçün yalnız paylaşım etmək üçün bir məkan deyil, eyni zamanda hisslərimi, düşüncələrimi və yaradıcılığımı izləyicilərlə paylaşdığım xüsusi bir platformadır. Bu səhifədə maraqlı və diqqətçəkən videolar təqdim etməyə çalışırıq. Həyatın gündəlik axarından, ətrafımızda baş verən hadisələrdən ilham alaraq, hər bir paylaşımımızı səmimi formada hazırlayırıq. Səhifəmi valideynlərim idarə edir. Videoların hazırlanması üçün bir neçə gün öncədən planlar qururuq. Hər paylaşımımızla izləyicilərimizdə bir maraq oyatmağa və onlara xüsusi bir mesaj çatdırmağa çalışırıq. Ən gözəl hiss isə aldığımız şərhlər və geridönüşlərdir. İzləyicilərimizin müsbət fikirləri, dəstəkləri və videolarımıza olan sevgisi bizim üçün çox önəmlidir.

-Gələcək planlarınız da maraqlı olardı...

-Gələcəkdə aktrisa olmaq ən böyük arzularımdan biridir, amma bununla kifayətlənmək istəmirəm. Musiqiçi və psixoloq olmaq da mənim digər hədəflərimdir. Hər üçü insanlara birbaşa təsir edən, onların ruhunu anlamağa və çatdırmağa kömək edən sahələrdir. Bununla yanaşı, ən böyük istəyim Azərbaycan kinosunu yenidən xalq arasında daha da sevdirməkdir.

-Həyatda dəyişmək istədiyiniz bir şey olsaydı, bu nə olardı?

-Əgər dünyada tək bir şeyi dəyişmək imkanım olsaydı, bu, mütləq sülhün bərqərar olması olardı. İnsanların zorakılıq və təzyiqsiz, xoşbəxt həyat sürməsini istəyirəm. Sülh olduğu yerdə sevgi, təhsil və azadlıq da olur.

-Gənc dostlarınıza nə məsləhət görərsiniz?

-Düşünürəm, ən önəmlisi, qarşıya məqsəd qoymaq və o məqsədə çatmaq üçün dayanmadan çalışmaqdır. Bu sahədə uğur qazanmaq istəyən hər kəsə deyə bilərəm ki, öyrənməkdən və inkişafdan heç vaxt vaz keçməsinlər. Arzularınızın arxasınca getsəniz və özünüzə inansanız, hər şey mümkündür. Hər zaman çalışmaq və ən yaxşısını etməyə can atmaq lazımdır.

 

 

Chosen
1
azertag.az

1Sources