Yanvarın 15-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Şuşa və Xocalı şəhərlərinə, Xocalı rayonunun Ballıca kəndinə yola salınıb.
Oxu24.com AZƏRTAC-a istinadən xəbər verir ki, bu mərhələdə Şuşa və Xocalı şəhərlərinə, Xocalı rayonunun Ballıca kəndinə ümumilikdə 28 ailə - 135 nəfər köçürülüb.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə 30 mindən artıq insan yaşayır.