EN

Bayden xarici siyasəti sayəsində Amerikanın “daha güclü” olduğunu deyir

Prezident Co Bayden vəzifədən ayrılmasına bir həftə qalmış xarici siyasət doktrinasını geniş bir çıxışla təqdim etdi. O, prezident seçilmiş Donald Trampın fərqli bir istiqamət götürməyi planladığı bir vaxtda öz mövqeyində qalmağın səbəbini izah etdi. Amerikanın Səsinin Ağ Ev müxbiri Anita Pauel məlumat verir.

Prezident Co Bayden dörd illik xarici siyasətini bu sözlərlə xülasə etdi:

Co Bayden, ABŞ prezidenti: “Bu anda, mənim fikrimcə, administrasiyamız sayəsində Birləşmiş Ştatlar qlobal rəqabətdə qalib gəlir. Dörd il əvvəlki vəziyyətlə müqayisədə Amerika daha güclüdür, ittifaqlarımız daha güclüdür, rəqiblərimiz və düşmənlərimiz isə daha zəifdir. Bu nəticələrə çatmaq üçün müharibəyə başlamamışıq.”

Bayden İkinci Dünya Müharibəsindən sonra yaradılmış çoxtərəfli institutlara və normalara xüsusi vurğu etdi.

O, NATO-nun genişlənməsini buna bir nümunə kimi göstərərək, transatlantik təhlükəsizlik blokunun Rusiya prezidenti Vladimir Putinin qonşu Ukraynanı işğal etmək planını pozduğunu vurğuladı.

Co Bayden, ABŞ prezidenti: “Putin Ukraynaya hücum edəndə, Kyivi bir neçə gün ərzində ələ keçirəcəyini düşünürdü. Həqiqət budur ki, müharibə başlayandan bəri Kyivin mərkəzində dayanan yeganə şəxs mən olmuşam, o deyil. Putin buna nail ola bilmədi.”

Bayden bildirdi ki, İran, Rusiya, Çin və Şimali Koreya kimi avtoritar oyunçular güc səbəbilə deyil, daha çox zəiflik səbəbilə bir araya gəlirlər.

İsraildə başlayan və regionu bürüyən münaqişəyə gəldikdə, o, administrasiyasının bir ildən çox davam edən bu münaqişənin alovlarını söndürməyə çalışdığını vurğuladı.

O, keçən il müasir tarixdəki ən böyük əsir mübadiləsindəki rolunu xatırlatdı.

Baydenin çıxışından öncə Ağ Evdə onun milli təhlükəsizlik müşaviri HƏMAS tərəfindən bir ildən çox müddət ərzində girov saxlanılan şəxslərin azad edilməsi ilə bağlı irəliləyişlərə işarə etdi.

Ceyk Sullivan, Milli təhlükəsizlik müşaviri: “Biz bu detalları tamamilə həll etməyin astanasında olduğumuzu düşünürük və tərəflər bu razılaşmanı bağlamaq üçün çox yaxın bir nöqtədədirlər. Razılığın əldə edilib-edilməyəcəyini növbəti saatlar və günlər göstərəcək.”

Təhlilçilər prezidentlik keçidinə diqqət yetirirlər.

Cim Kesler, Third Way təşkilatı: “Mümkündür ki, Co Baydenin xarici siyasət mirası onun İkinci Dünya Müharibəsindən sonra yaradılmış dünya düzənini dəstəkləyən son ABŞ prezidenti olması ilə yadda qalacaq. Çünki Donald Tramp bunu çox radikal şəkildə dəyişdirmək istəyir və o, bunu edə bilər.”

Endrü Peyn, London Universiteti: “Bu, Baydenin diplomatiyanın yenidən qayıtdığını və ABŞ xarici siyasətinə qalıcı təsir göstərəcəyini ifadə etmək cəhdi idi. Lakin mən düşünürəm ki, tarixçilər geriyə baxanda onu daha çox ondan sonra baş verənlərlə xatırlayacaqlar.”

Baydenin vəzifə müddəti 20 yanvarda sona çatır.

visiontv.az



Chosen
2
visiontv.az

1Sources