EN

Bayden Ermənistana "bomba" qoyub gedir

Müəllif: Elçin Alıoğlu

Mənbə: Trend

Dünən Vaşinqtonda Cənubi Qafqazın siyasi mənzərəsinə ciddi təsir göstərə biləcək bir hadisə baş verdi: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken iki ölkə arasında strateji tərəfdaşlıq sənədini imzaladılar. Bu hadisə ABŞ Dövlət Departamentinin yaxın vaxtlarda belə bir planın olmadığına dair verdiyi açıqlamalardan sonra gözlənilməz oldu. Bəs Vaşinqtonu bu cür ani addıma sövq edən nə idi?

ABŞ dövlət katibi qeyd edib ki, son illərdə İrəvan və Vaşinqton birgə işlərini genişləndiriblər. O deyib: "Biz iqtisadiyyatlarımız arasında əməkdaşlığı genişləndirdik. İndi isə yeni əməkdaşlığa başlamağa hazırıq".

E.Blinken tərəfdaşlığın həm iki ölkə, həm də region ölkələri üçün faydalı olacağına əmin olduğunu bildirib: "Mən əminəm ki, bu, həm bizim iki ölkəmizə, həm də bütövlükdə regiona və onun hüdudlarından kənar olan ölkələrə fayda gətirəcək. Hesab edirəm ki, bu Xartiya daha dayanıqlı, sülhpərvər, təhlükəsiz və müstəqil bir cəmiyyətin yaradılmasına yardım edəcək.

O, həmçinin, Ermənistanın sərhəd təhlükəsizliyi məsələləri ilə bağlı xüsusi bir qrupun göndərilməsi planlarını açıqlayıb: "Bu istiqamətdə işimizi gücləndirəcəyik".

Ararat Mirzoyan bəyan edib ki, saziş "müxtəlif sahələri əhatə edən iddialı əməkdaşlıq üçün möhkəm təməl yaradır": "Bu, bir çox sahələri əhatə edir, o cümlədən, iqtisadi və enerji əlaqələrinin gücləndirilməsi, kommunikasiyalar, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi, demokratik institutların möhkəmləndirilməsi, ədalət və qanunun aliliyinin təşviqi, innovasiyalar və yüksək texnologiyaların inkişafı, həmçinin, insanlar arasında əlaqələrin genişləndirilməsi".

Sənədin üzərində iş imzalanmadan xeyli əvvəl başlamışdı. Lakin bir neçə əsas amil bu prosesin sürətlənməsinə səbəb oldu.

Əsas katalizatorlardan biri Donald Trampın ABŞ prezidenti vəzifəsinə başlaması oldu. Vaşinqtonla münasibətlərin institusional səviyyədə möhkəmləndirilməsinin zəruriliyini anlayan İrəvan bu əlaqələri daha yüksək səviyyədə təsbit etməyə çalışırdı. Bu, administrasiyanın dəyişməsindən asılı olmayaraq, ABŞ-nin dəstəyinin sabitliyinə zəmanət verə bilərdi.

Eyni zamanda, Bayden administrasiyası da bu razılaşmanın strateji əhəmiyyətini başa düşürdü. Sənədin imzalanması Trampın planlarını çətinləşdirir və ABŞ-nin bölgədəki təsirini gücləndirir ki, bu da dəyişən güc balansı şəraitində böyük əhəmiyyət kəsb edir.

Digər vacib amil İranla münasibətlərin gərginləşməsi oldu. Razılaşma imzalanmazdan əvvəl İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianın Ermənistan üçün ultimatum kimi qəbul edilən sərt bəyanatı vəziyyəti daha da gərginləşdirdi. Razılaşmanın sürətlə imzalanması Tehrana bir siqnal oldu: Ermənistan təhlükələrlə tək qalmayacaq və ABŞ kimi güclü müttəfiqə malikdir.

Bununla yanaşı, bu addım Ermənistanın Rusiya qarşısında olan müttəfiqlik öhdəliklərinə baxmayaraq, Vaşinqtonun bölgədə artan təsirini nümayiş etdirir.

Razılaşmanın bağlanması Qərbin Cənubi Qafqazdakı mövqelərini gücləndirmək üçün uzunmüddətli strategiyasına uyğundur. 2023-cü ilin sonundan etibarən ABŞ və Aİ Ermənistanı fəal şəkildə dəstəkləyir, bu dəstək maliyyə yardımı və hərbi əməkdaşlığı da əhatə edir.

Bu proses 2024-cü ilin 11 iyununda İrəvanda keçirilən Ermənistan-ABŞ Strateji Dialoqu zamanı başlamışdı. Məhz həmin vaxt münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması üçün əsas qoyulmuşdu.

Yaxın vaxtlarda ABŞ Ermənistanla birgə çalışmaq üçün sərhəd təhlükəsizliyi sahəsində mütəxəssislər göndərəcək. Bu barədə Entoni Blinken Ararat Mirzoyanla apardığı danışıqlarda məlumat verib. Onun sözlərinə görə, ABŞ-dən gömrük və sərhəd nəzarəti üzrə mütəxəssislər qrupu gələn ay Ermənistana səfər edəcək. Onların əsas məqsədi Ermənistanın sərhəd təhlükəsizliyi potensialını gücləndirməkdir. Bundan əlavə, ABŞ Ermənistanda sərhəd patrulu komandasını yerləşdirməyi planlaşdırır.

Tərəfdaşlığın gücləndirilməsi yalnız sərhəd təhlükəsizliyi ilə məhdudlaşmır: əməkdaşlıq çərçivəsində Eagle Partner adlı birgə təlimlərin keçirilməsi planlaşdırılır ki, bu da Ermənistanın sülhməramlı potensialını artıracaq.

Təbii ki, Rusiyanın reaksiyası özünü çox gözlətmədi. Rəsmi Moskva ilkin olaraq MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) vasitəsilə mövqeyini izhar etdi.

KTMT-nin baş katibi İmanqali Tasmagambetov deyib: "İrəvan və Vaşinqton arasında tərəfdaşlıq digər ölkələrin təhlükəsizliyinə təhdid yaratmamalıdır.

Təbii, Vaşinqtonla belə bir tərəfdaşlıq qurmaq Ermənistanın ikitərəfli əlaqələri inkişaf etdirmək çərçivəsində suveren hüququdur. Lakin hər iki tərəf burada bərabər və bölünməz təhlükəsizlik prinsipindən çıxış etməlidir. Yəni bu tərəfdaşlıq digər dövlətlərin və beynəlxalq birliklərin təhlükəsizliyinə təhdid yaratmamalıdır.

Ermənistanla ABŞ arasında strateji razılaşmanın imzalanması Co Bayden administrasiyasının son böyük addımlarından biri oldu. İndi onun taleyi ABŞ-nin yeni prezidenti Donald Trampın mövqeyindən asılıdır. Sual yaranır: bu razılaşma qorunub saxlanılacaq, yenidən nəzərdən keçiriləcək, yoxsa tamamilə ləğv olunacaq?

Donald Tramp demokrat sələflərinin siyasi təşəbbüslərinə olan antipatiyası ilə tanınır. O, dəfələrlə Bayden administrasiyası tərəfindən imzalanmış əsas sənədləri yenidən nəzərdən keçirməyə hazır olduğunu nümayiş etdirib. Bu baxımdan, Ermənistanla strateji razılaşma ABŞ-nin daxili siyasi mübarizəsinin növbəti qurbanına çevrilmə riski daşıyır.

Tramp və Bayden arasındakı antaqonizm o qədər dərinləşib ki, demokratların hər hansı əhəmiyyətli nailiyyəti avtomatik olaraq respublikaçıların hədəfinə çevrilir. Baydenin ABŞ-nin regiondakı siyasətinin vacib elementi kimi təqdim etdiyi Ermənistanla strateji tərəfdaşlıq Tramp tərəfindən yenidən nəzərdən keçirilməli olan səhv addım kimi qiymətləndirilə bilər.

Yaranmış vəziyyət Azərbaycana ABŞ-ın yeni administrasiyası ilə fəal əməkdaşlıq etmək imkanı təqdim edir. Trampın komandasına demokratların səhvlərindən qaçmağın zəruriliyini çatdırmaq Bakının əsas vəzifəsidir. ABŞ-nin Cənubi Qafqazdakı strateji maraqlarını yalnız Ermənistanla əlaqələndirmək siyasəti regionda gərginliyin artmasına səbəb olmaqla yanaşı, nə təhlükəsizliyi, nə də sabitliyi yaxşılaşdırdı.

Əgər respublikaçılar həqiqətən ABŞ-nin Cənubi Qafqazda təsirini möhkəmləndirmək istəyirlərsə, regionun reallıqlarını nəzərə almalıdırlar. Azərbaycanın mühüm tərəfdaş kimi mövqeyinin nəzərə alınmaması yalnız diplomatik xərclərə deyil, həm də strateji əhəmiyyətli regionda təsir imkanlarının itirilməsinə səbəb ola bilər.

Razılaşmanın imzalanması onun real məqsədləri ilə bağlı bir çox suallar doğurur. Bu, Bayden administrasiyasının uzunmüddətli strategiyasının düşünülmüş elementi idimi, yoxsa sadəcə simvolik bir vida jesti? Ola bilər ki, demokratlar Trampın hərəkətlərini çətinləşdirəcək "geosiyasi miras" qoymaq istəyiblər.

Digər tərəfdən, bu addım Moskva və Tehrana bir siqnal ola bilər: Vaşinqton bütün müqavimətlərə baxmayaraq, Cənubi Qafqazda mövqelərini gücləndirmək niyyətindədir.

Ermənistanla müqavilənin imzalanması Moskva və Tehranda narazılığa səbəb olacaq. Vaxtaşırı Ermənistanı Qərblə yaxınlaşdığı üçün tənqid edən İran üçün bu, növbəti sərt bəyanatlar üçün bəhanə olacaq. Tehran Ermənistanı regionda Qərb təsirinin artmasının yolverilməzliyi barədə bir daha xəbərdar etmək fürsətini əldən buraxmayacaq.

Moskva isə öz növbəsində reaksiya göstərə bilər. Rusiya ənənəvi olaraq Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində öz müttəfiqi hesab edir və ABŞ ilə müqavilənin imzalanmasını İrəvanın Qərbə doğru daha da yaxınlaşması siqnalı kimi qəbul edə bilər.

Azərbaycan üçün bu razılaşma birbaşa təhdid təşkil etmir, çünki söhbət Ermənistanın hərbi-texniki əməkdaşlığı və iqtisadi yardımından gedir, birbaşa hərbi dəstəkdən yox. Lakin nəzərə almaq lazımdır ki, belə addımlar İrəvanı revanşist ritorikanı və hərəkətləri gücləndirməyə təhrik edə bilər.

Bakı üçün hazırkı vəziyyət həm də bir fürsətdir. Bu məqamdan istifadə edərək təkcə beynəlxalq arenada mövqelərini möhkəmləndirmək deyil, həm də ABŞ-nin yeni administrasiyası ilə əməkdaşlığa hazırlığını göstərmək vacibdir. Vaşinqtonla əlaqələrin gücləndirilməsi, Ermənistana yönəlmiş birtərəfli təşəbbüslərə qarşı effektiv balans yarada bilər.

ABŞ-nin Cənubi Qafqazdakı neytrallıq bəyanatlarının fonunda Ermənistanla strateji razılaşmanın imzalanması bir sıra suallar doğurur. Uzun illər ABŞ özünü regionda sülh və sabitliyin təmin edilməsində maraqlı olan vasitəçi kimi təqdim edib. Ermənistanla yaxınlaşma, ilk baxışdan, bu prinsiplərə zidd görünür və ABŞ-nin siyasətində ikiqat standartların mövcudluğu ilə bağlı şübhələri artırır.

Vaşinqtonla İrəvan arasında müqavilə, ABŞ-nin uzun müddət bölgədə sabitliyin təmin olunmasına dair verdiyi bəyanatların fonunda, daha çox Moskvanın mövqelərini zəiflətməyə yönəlmiş addım kimi görünür. ABŞ üçün bu sənəd, bəlkə də, Rusiyanın ənənəvi təsir zonasını genişləndirmək məqsədilə bir vasitədir. Lakin belə bir addım xüsusilə Azərbaycanın və digər region ölkələrinin gözündə neytrallıq prinsiplərindən uzaqlaşma kimi qəbul oluna bilər.

ABŞ-dəki erməni diasporu üçün müqavilənin imzalanması mühüm simvolik jest kimi qəbul edilə bilər. Lakin bu addımın Donald Trampın prezidentlik kürsüsünü tutacağı ərəfədə baş verməsi sənədin gələcək taleyini qeyri-müəyyən edir.

Donald Tramp praqmatik yanaşması və demokratların qərarlarına qarşı antipatiyası ilə tanınır. O, bu razılaşmanı ya yenidən nəzərdən keçirə, ya da onu sadəcə gözardı edərək əsas diqqətini Çinlə qarşıdurma, NATO-nun gücləndirilməsi və daxili islahatlara yönəldə bilər.

Mövcud vəziyyət Ermənistanın Qərblə əlaqələri gücləndirmək səylərini açıq şəkildə göstərir. Tramp administrasiyasının Bayden administrasiyasından daha əlverişli mövqe tutacağını gözləmək sadəlövhlük olardı. Respublikaçılar adətən ABŞ-nin milli maraqlarına üstünlük verirlər və Ermənistanın dəstəklənməsi, çox güman ki, onların prioritetləri sırasına daxil olmayacaq.

Eyni zamanda, Azərbaycan öz müstəqil siyasətini və xarici təzyiqlərə qarşı dayanıqlığını nümayiş etdirməyə davam edir. Onun diplomatik fəallığı və hərbi potensialı regionda strateji sabitliyin əsasını təşkil edir.

ABŞ və Ermənistan arasında bağlanan müqavilə Moskva və Tehranda narahatlıq doğuracaq. Ənənəvi olaraq Ermənistanı müttəfiqi hesab edən Rusiya bu addımı İrəvanın Qərbə doğru daha da yaxınlaşması kimi qiymətləndirə bilər. Regionda ABŞ-nin artan təsirindən narahat olan İran isə çox güman ki, sərt ritorika ilə çıxış edəcək və Ermənistana təzyiqlərini artıracaq.

Azərbaycan üçün isə bu sənəd birbaşa təhdid yaratmır. Çünki burada söhbət Ermənistana hərbi-texniki əməkdaşlıq və iqtisadi dəstəkdən gedir, birbaşa hərbi yardım məsələsi gündəmdə deyil. Lakin bu razılaşma Ermənistan cəmiyyətindəki revanşist meyillərin dəstəklənməsi kimi qəbul edilə bilər. Buna baxmayaraq, Azərbaycan öz müstəqil siyasəti ilə xarici təsirlərə uğurla müqavimət göstərdiyini sübut edib.

ABŞ və Ermənistan arasında müqavilənin imzalanması cavabdan daha çox sual doğurur. Bu, Vaşinqtonun uzunmüddətli strategiyasının bir hissəsidirmi, yoxsa ABŞ administrasiyasındakı dəyişikliklər fonunda taktiki bir addımdır? Hazırki geosiyasi şəraitdə bu addımın nə dərəcədə əsaslı olduğu sual altındadır.

Vaşinqton üçün bu razılaşma Cənubi Qafqazda mövqelərini gücləndirmək cəhdi kimi qiymətləndirilə bilər. Lakin bu addım regionda daha çox gərginlik yaratmaq, Ermənistanın qonşuları ilə münasibətlərini pisləşdirmək və ABŞ-nin neytral vasitəçi kimi etibarını sarsıtmaq riski daşıyır.

Xatırladaq ki, Ukrayna ilə ABŞ arasında 2021-ci ildə "Strateji Tərəfdaşlıq Xartiyası" adlı saziş imzalanmışdı.

Sənədin 2-ci bölməsi "Təhlükəsizlik və Rusiya təcavüzünə qarşı mübarizə" adlanır. Fəqət Ukrayna bundan nə əldə etdi? Ölkə yüz minlərlə qurbanı olan böyük bir müharibə cəbhəsinə çevrildi. Donbas və Luqansk vilayətləri, habelə digər ərazilər itirildi.

Ermənistanda isə Nikol Paşinyanımn qərbyönlü diplomatiyası İrəvanın xarici siyasi vektorunun dəyişməsinə səbəb oldu. Belədə ermənilərin üzləşdikləri təhdidlər azalmayacaq, artacaq. Ermənistanın təhlükəsizliyini qorumaq üçün heç bir Qərb əsgəri bölgəyə gəlməyəcək.

Analoji saziş ABŞ ilə Gürcüstan arasında da imzalanıb, fəqət rəsmi Tbilisi separatçı rejimlər tərəfindən idarə olunan Cənubi Osetiya və Abxaziya ilə bağlı problemi hələ də həll edə bilməyib.

Region yeni çağırışlarla üzləşir və Vaşinqtonun addımları qeyri-müəyyənlik üçün əlavə amilə çevrilir. Bu razılaşmanın regionda qarşıdurmanın yeni mərhələsinin başlanğıcı olub-olmayacağı, yoxsa sadəcə simvolik bir jest kimi qalacağı hələlik sual altındadır.

Amma bəlli olan budur ki, Cənubi Qafqaz mürəkkəb geosiyasi qərarlarla dolu bir dövrə qədəm qoyur.

Chosen
2
3
day.az

4Sources