EN

Ailə dəyərləri və Azərbaycan cəmiyyəti – Ailəni necə qoruyaq?

Sağlam ailə həm də sağlam cəmiyyət deməkdir. Azərbaycanda ailə institutu möhkəm dəyərlər üzərində bərqərardır. Ailə mədəniyyətinin yaratdığı  dəyərlərin tarixi kökləri var. Bu həm də hər bir Azərbaycan ailəsinin milli-mənəvi dəyərlərə bağlılığından xəbər verir. Müasir dünyada bütün dəyərlərin deqredasiyaya uğradığı bir dövrdə Azərbaycanda ailə institutunun möhkəm sütunlar üzərində dayanması da bundan irəli gəlir. Qərb cəmiyyətində müşahidə olunan mənfi dəyişikliklər əxlaqi aşınmalara yol açıb. Bu aşınmanın qarşısını almaq üçün bəzi ölkələr artıq ailə institutunu seçim kimi deyil, investisiya vasitəsi kimi qəbul edirlər. Bütün dünyanın Qərbə üz çevirdiyi bir dönəmdə bu axına qarşı çıxmaq, sivilizasiya ilə ayaqlaşmaqla yanaşı, həm də öz dəyərlərini qorumaq gün keçdikcə daha çətindir. Azərbaycanda ailə dəyərləri hər şeydən üstün tutulur. Düzdür, yeni qurulan ailələrdə tərəflərin bir-birilərini başa düşməməsi bəzi hallarda boşanmalara  səbəb olur. 

Məsələylə bağlı KONKRET.az-a açıqlama verən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin baş məsləhətçisi Səmra Əliyeva bildirib ki, ötən ilin 9 ayı ərzində 36 651 nikah qeydə alınıb:

“2024-cü ilin yanvar-sentyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 36651 nikah və 15964 boşanma faktı qeydə alınıb. Son 10 ilə nəzər saldıqda və müqayisə etdikdə boşanmaların sayında ilbəil artımın olduğunu müşahidə edirik. Boşanmaların ümumi və xüsusi səbəbləri vardır. Son illərdə nikahın pozulması iddiası ilə məhkəməyə müraciət edənlərin 70 faizindən çoxu xasiyyətlərinin uyğun olmamasını əsas gətiriblər. Xarakter uyğunsuzluğu səbəbinin altında əlbəttəki müxtəlif, daha dərin, dilə gətirilməyən amillər də durur. Digər səbəblər sırasına xəyanət və qısqanclıq, məişət zorakılığı, uşağın olmaması, sosial vəziyyətin çətinliyi və ya yaşayış yerinin olmaması, zərərli vərdişlərə aludəçilik və kənar şəxslərin müdaxilələri daxildir.

Bəzən bir qisim cəmiyyət üzvləri yalnız aşağı gəlirlərin,zəif sosial vəziyyətin ailə həyatının dağılmasına səbəb olduğunu dilə gətirirlər. Əlbəttə ki, iqtisadi vəziyyətin, maddi durumun sabit və yaxşı olması ailə münasibətlərinin möhkəmliyinə, firavan gələcəyə zəmin yaradır. Amma heç də həmişə ailə münasibətlərinin möhkəmliyinə qarantiya olmur. Ailədaxili münasibətlər daha vacib amillər üzərində qurulmuşdur.Ailələrin təməlinin düzgün qoyulmaması, ailə həyatına hazır olmayan şəxslərin ailə qurması,kənar müdaxilələrin ailə üzvlərinə ciddi təsiri, ailə həyatında hər kəsin daha çox özünü düşünməsi və ailəyə etinasız yanaşması, ailə məsuliyyətini dərk etməməsi və bunun kimi vacib amillər boşanma hallarının artmasına səbəb olur. Müasir zamanda araşdırmalar göstərir ki, boşanma iddiası ilə daha çox qadınlar müvafiq orqana müraciət edirlər. Bu hal həm müsbət, eyni zamanda həmdə mənfi amilləri özündə birləşdirir.Müsbət olaraq onu qeyd edə bilərik ki, qadınlar üçün artıq əlçatanlılıq yaranmışdır, onlar öz hüquqlarını bilir və onların qorunması istiqamətində addım atırlar. Məişət zorakılığı, zərərli vərdişlər və s.bu tipli hallarla üzləşəndə özlərinin və əlbəttəki övladlarının gələcəyini düşünərək normal psixoloji ailə mühitində yaşamaq naminə boşanma qərarına gəlirlər.Mənfi olaraq isə onu qeyd etmək vacibdir ki, hər zaman ənənəvi ailə modelində ailə münasibətlərini qoruyan,ailə ənənələrinin və dəyərlərinin nəsildən-nəsilə keçməsində vacib rolu olan qadınlar bir çox hallarda öz maraqlarını daha üstün tutur,nəinki ailənin uzunömürlü olması üçün, hətta ailədə mövcud vəziyyətin biraz da olsa stabilləşməsi üçün addım atmırlar.

Onu da qeyd etmək lazımdır ki, boşanma prosesindən sonra keçmiş ər və arvad arasında alimentin ödənilməsinə dair mübahisələr başlayır. Bir çox hallarda kişilər alimentin uşağın deyil,keçmiş həyat yoldaşının xərcləri üçün sərf ediləcəyini düşünərək aliment ödəməkdən yayınır və atalıq məsuliyyətini dərk etmədən, öhdəliklərini yerinə yetirmirlər.Bu da ona gətirib çıxarır ki, əgər boşanma olan ailələrdə uşaqlar varsa onlar da ata və anaları qədər, bəlkə də onlardan daha çox maddi-mənəvi əziyyət çəkirlər.

Əvəllər mütəxəssislər boşanmaların daha çox evliliklərin ilk illərində baş verdiyini qeyd edirdilərsə,hal-hazırda biz 10-15 ildən çox birgə nikah münasibətlərində olan şəxslərin boşandığının şahidi oluruq. Nikahın pozulması halları bu gün cəmiyyət üzvləri kimi aidiyyəti dövlət qurumlarını da olduqca narahat edir. Bu istiqamətdə araşdırmalar, təhlillər aparılır, mütəmadi maarifləndirmə həyata keçirilir, eləcə də gələcək perspektivlər üçün birgə işlər planlaşdırılır”.

Vəli Həsənoğlu,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması, uşaq və gənclərin fiziki və mənəvi inkişafı mövzusuna uyğun olaraq dərc edilir”

Chosen
1
konkret.az

1Sources