''Mançester Yunayted''ə qarşı kubok matçı ''Arsenal'' üçün hərtərəfli uğursuz alındı.
''Football-plus.az'' xəbər verir ki, penaltilər seriyasında uduzaraq ölkə kubokunda mübarizəni dayandırmalı olan London təmsilçisi bu azmış kimi aparıcı futbolçularından birini də uzun müddətə itirib. Söhbət Qabriel Jezusdan gedir.
Braziliyalı hücumçu ''Yunayted''lə oyunun 40-cı dəqiqəsində zədə alaraq əvəzlənmişdi. Baş məşqçi Mikel Arteta ''Tottenhem''lə oyunöncəsi mətbuat konfransında Jezusun durumunun yaxşı görsənmədiyini və tibbi müayinənin cavablarını gözlədiklərini demişdi. Bəd gümanlar doğru çıxdı. Klubdan verilən rəsmi açıqlamada 27 yaşlı hücumçunun diz bağlarının qopduğu təsdiqləndi və onun tezliklə əməliyyat olunacağı bildirildi! ''Sambaçı'' bu mövsüm artıq bir daha topa toxuna bilməyəcək. İngiltərə mətbuatının yazdığına inansaq, ''Arsenal'' dərhal hücumçu axtarışına başlayıb. Arteta rəhbərlikdən mütləq hücumun gücləndirilməsini tələb edib.
Komandanın İngiltərədə yox, başqa ölkələrdə oynayan futbolçulara daha çox maraq göstərdiyi məlum olub. Jezus bu mövsüm ''Arsenal''da iştirak etdiyi 27 rəsmi oyunda aktivinə 7 qol, 3 məhsuldar ötürmə yazmışdı.
ƏLİ