EN

Ermənistanın GİZLİ KTMT PLANI: “Yaxın gələcəkdə…”

“Dünən imzalanmış sənəd Ermənistanın Rusiyadan uzaqlaşması və Qərbə yaxınlaşması istiqamətində növbəti bir addımdır. Mövcud vəziyyətdə Ermənistanın faktiki olaraq müəyyən müddət üçün öz üzvlüyünü dondurması və bunu rəsmi şəkildə təsdiqləməsi ehtimalı mümkündür. Bu, indiki proseslərin tərkib hissəsi kimi qiymətləndirilə bilər”.

Bu sözləri Yenicag.az-la söhbətində politoloq Mətin Məmmədli deyib.

Siyasi təhlilçi Ermənistanın ABŞ ilə strateji tərəfdaşlıq haqqında sənədi imzalamasından sonra İrəvanın KTMT-dən çıxması ilə bağlı səslənən iddialara münasibət bildirib.

Analitik əlavə edib ki, Ermənistan bu günə qədər üzv olduğu təşkilatlarda de-fakto fəaliyyətini dayandırmasa da, bu, yaxın gələcəkdə dəyişə bilər:

“Proseslərin inkişafından asılı olaraq Ermənistanın rəsmi şəkildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması mümkün görünür. Bu qərar, Ermənistanın digər regional və beynəlxalq ittifaqlarda mövqeyinə də təsir göstərə bilər. Rusiyanın da Ermənistanın KTMT-dən çıxması məsələsinə münasibəti bəllidir. Rusiya rəsmiləri dəfələrlə qeyd ediblər ki, Ermənistan KTMT-dən çıxarsa, Avrasiya İqtisadi İttifaqından da çıxmalı və bu ittifaqın iqtisadi imkanlarından faydalanmamalıdır. Bu vəziyyət Ermənistan üçün ciddi bir seçim məcburiyyəti yaradır. Ermənistanın gələcək qərarları və istiqaməti ilə bağlı bu ehtimallar proseslərin necə inkişaf edəcəyindən asılı olaraq reallığa çevrilə bilər”.

Rafi Müslümov

Chosen
2
yenicag.az

1Sources