EN

Kəmalə Aşumova: "İnsan alveri qurbanı olma riski yüksək olan qruplarla işin gücləndirilməsi vacibdir"

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının üzvü, "Ümidli Gələcək" Gənclər İctimai Birliyinin sədri Kəmalə Aşumova QHT.az-a açıqlamasında son dövrlərdə insan alverinin qarşısının alınmasında müvafiq tədbirlərin vacibliyini vurğulayıb. Onun fikrincə, ən effektiv yanaşma, həssas qruplarla işin gücləndirilməsi, məlumatlandırma və maarifləndirmə fəaliyyətlərinin genişləndirilməsidir.

Kəmalə Aşumova bildirib ki, insan alverinin qarşısının alınmasında ən önəmli addımlardan biri həssas qruplara aid olan insanlarla işin genişləndirilməsi və gücləndirilməsidir. Bu qruplar arasında böhranlı ailələrdən gələn, maddi vəziyyəti zəif olan, zorakılıq və münaqişəli ailələrdə yaşayan insanlar mövcuddur. Onların insan alveri qurbanı olma ehtimalı həmişə yüksəkdir. O, həmçinin təlimlərin və interaktiv yanaşmaların əhəmiyyətini qeyd edib: "Bu auditoriyaya məlumat vermək, insan alveri nədir və bu vəziyyət yaranarsa, necə hərəkət etməli olduqları barədə bilgilər vermək çox mühüm addımlardır. Eyni zamanda, risk yaranarsa, kömək istəməli olduqları yerləri bilmək onlara çox böyük dəstək olar".

QHT sədri bu yanaşmanın effektiv olacağına inandığını bildirib və əlavə edib ki, xüsusilə müəyyən rayonlar və şəhərlər üzrə xəritələşmə aparmaqla, burada insan alveri ilə bağlı daha çox statistik məlumat əldə edilə bilər. Bu məlumatlar əsasında, maarifləndirmə və təbliğat işlərini həmin bölgələrdə daha güclü və geniş şəkildə həyata keçirmək mümkün olacaq. Kəmalə Aşumova, insanların bu məsələyə daha çox diqqət etməsinin və məlumatlı olmasının vacibliyini vurğulayaraq, hər kəsin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.

 

İnsan Bu yazı QHT.az platforması və İnsan Alverinə Qarşı Mübarizə Üzrə QHT Koalisiyasının birgə əməkdaşlığı ilə “Ölkələrdə Milli Səviyyədə İnsan Alveri Probleminin Qarşısının Alınması Aylığı” çərçivəsində hazırlanıb.

 

Pərvanə Fərhadqızı

Chosen
4
qht.az

1Sources