EN

Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmə: Mircəlal həkim dedi ki, pul bunlara, sonra Gömrük Hospitalına köçürülür

Talassemiyalı uşaqlar üçün toplanmış bir milyon manata yaxın vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şirkət sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər ifadə verib.

Zərərçəkən Faiq Nəcəfov təqsirləndirlənləri tanıdığını deyib. O, bildirib ki, övladı talassemiya xəstəsi olub:

"Mənə Aynur xanımı məsləhət gördülər. Onun nömrəsini öyrənib yoldaşıma verdim. Bizə çek atıb dedilər ki, uşağın müalicəsi üçün 10 min dollar pul ödənilməlidir. İlk dəfə Çinar plazaya gedəndə üç min manat pul aparmışdıq. Nuridə xanımı mənə iş adamı, xeyriyyəçi insan kimi tanıtdırdılar. Daha sonra 2 min 100 manat pul apardım. Danışığa görə, əməliyyatın 3 min dollarını biz, sponsor tapılarsa, 7 min dollarını da sponsorlar ödəməli idi".

Faiq Nəcəfov bildirib ki, daha sonra Aynur Bayramova ilə əlaqə saxlayan zaman o, Nuridə ilə işləmədiyini və onun həbs olunduğunu deyib.

"Aynur Bayramova mənə Nuridə Seyidovanı şikayət etməyi təklif edərək dedi ki, o çox adama qarşı dələduzluq edib. Nuridə ilə danışan zaman isə o da bildirdi ki, ərizəni yaz 15 günə pul qaytarılacaq. Aynur Bayramova mənə köməklik göstəriləcəyi ilə bağlı vəd vermişdi", - deyə şahid bildirib.

Prosesdə zərərçəkən qismində ifadə verən Kamil Əhmədov deyib ki, həyat yoldaşı 2012-ci ildən hepatit xəstəsi olub. Onun sözlərinə görə, 2022-ci ildə Gömrük Hospitalında Mircəlal həkimin yanında olub. Həkim yoldaşında qaraciyər serrozu olduğunu bildirib.

"Daha sonra həkim mənə qaraciyəri dəyişmək üçün 46 min manat pul lazım olduğunu bildirdi. Həm donoru, həm də yoldaşımı hər dəfə yoxlayanda 2500 manat pul çıxırdı. Sonra yoldaşımın beyninə qan sızdı, həmçinin onkoloji xəstələyinin olduğu da müəyyən olundu. Mircəlal doktor 5 min manat pul alaraq dedi ki, heç kimə etibar edə bilmərəm, özüm əməliyyat etməliyəm. Bu xəstəliklə bağlı həmin həkim yoldaşımı əməliyyat etdi".

Zərərçəkənin sözlərinə görə, Gömrük Hospitalının əməkdaşı Mircəlal həkimin otağından təqsirləndirilən Aysel Məmmədovaya zəng edib. Aysel Məmmədova ona deyib ki, 46 min manat əməliyyat pulunun 23 min manatını xəstənin yaxınları, 23 min manatını da onlar ödəyir.

"İstədikləri pulu onlara verdim, aldıqdan sonra heç bir sənəd vermədilər. Məsələni Mircəlal həkimə danışdım, dedi ki, proses belədir, pul bunlara gedir, daha sonra Gömrük Hospitalına köçürürlər. Bu proseslər gedə-gedə yoldaşımın vəziyyəti daha da pisləşdi. Dəfələrlə komaya düşmüşdü. Əməliyyat uzandı, pulu istəyəndə dedilər ki, sən növbədəsən, pulu bir aya qaytara bilərik. Sonra Türkiyədən cavab gəldi ki, yoldaşım əməliyyat ola bilər. Bir müddət sonra Nuridə zəng elədi, pulu qaytara biləcəyini bildirsə də, qaytarmadı. Aysel Məmmədovanın dayısı pulun 10 min manatını qaytardı. Yoldaşımı 2023-cü ildə Mircəlal həkim əməliyyat etdi. Həmin əməliyyatdan sonra yoldaşım vəfat etdi".

Məhkəmənin növbəti iclası yanvarın 22-nə təyin olunub.

Qeyd edək ki, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra faktla bağlı cinayət işi başlanılıb. İstintaqla müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib.

Müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 178.4-cü ( dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Chosen
4
5
report.az

6Sources