EN

ABŞ-Ermənistan sazişi: Hədəfdə kim var?

“Gələn həftə sərhəd təhlükəsizliyi ilə bağlı birgə iş aparmaq üçün Ermənistana xüsusi sərhəd mühafizə qrupu gedəcək və biz müvafiq təhlükəsizlik işlərini gücləndirəcəyik”.

ABŞ-nin Dövlət katibi Entoni Blinken Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq haqqında Xartiyanın imzalanması mərasimində belə deyib.

“Qısa müddət ərzində biz gözəl tərəfdaşlıq fonunda çox böyük effektiv iş gördük. Beləliklə, Ermənistan və ABŞ arasında münasibətlərdə biz mühüm nailiyyəti qeyd edə bilərik, biz strateji tərəfdaşlıq üzrə komissiya yaradırıq”, - ABŞ dövlət katibi bildirib.

Blinkenin sözlərinə görə, komissiya bir sıra mühüm istiqamətlər üzrə qarşılıqlı əməkdaşlıq dairəsini genişləndirəcək. Bura müdafiə və təhlükəsizlik, iqtisadiyyat, demokratiya və ədalət, inklüzivlik və özəl münasibətlər daxildir.

Qeyd edək ki, yanvarın 14-də Vaşinqtonda “Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq” sazişi imzalanıb. 

Sənədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-nin Dövlət katibi Entoni Blinken imza atıb.

Xarityada əksini tapan mühüm bəndlərdən biri də Ermənistanın sərhəd təhlükəsizliyinə ABŞ-nin dəstək verməsi ilə bağlı razılaşmadan ibarətdir. “ABŞ sərhəd təhlükəsizliyini təmin etməyə kömək edəcək” - deyə sənəddə qeyd edilir. 

Blinkenin dediyi sərhəd təhlükəsizliyi ilə bağlı amerikalı mühafizə qrupunun iş aparmaq üçün Ermənistana gələcəyinə dair açıqlaması da məhz həmin bəndin icrası məqsədi daşıyır. 

Ancaq tərəflər söhbətin hansı sərhəddən getdiyinə aydınlıq gətirməyib. Sazişinin mətni üzrə aparılan danışıqlarda olduğu kimi görünür, tərəflər bu məsələyə dair konfidensiallığın davam etdirilməsi barədə razılığa gəlib. 

Nikol Paşinyan hakimiyyəti ABŞ-nin hərbçilərini Avropa İttifaqının və Kanadanın müşahidə missiyası ilə birlikdə Azərbaycanla şərti sərhədə yerləşdirməsində maraqlıdır. Hətta 2022-ci ilin oktyabr ayında Avropa İttifaqının monitorinq missiyası Ermənistana gəldikdən sonra Paşinyan hökumətinin ABŞ ilə aparılan qapalı danışıqlarda öz hərbçilərini Azərbaycanla şərti sərhədə göndərməyi təklif etdiyinə dair məlumatlar yayıldı. 

Lakin həmin vaxt Bayden administrasiyası daha çox  Vaşinqton platforması çərçivəsində sülh danışıqlarına üstünlük verdiyindən bu təklifi qəbul etmədi. Əks təqdirdə, Azərbaycan ABŞ-nin iştirakı ilə danışıqlardan imtina edə bilərdi. Bu isə sülh prosesinin pozulması demək idi. 

Lakin strateji tərəfdaşlıq sazişinin imzalanmasından sonra ABŞ-nin müşahidə missiyasını Azərbaycanla şərti sərhədə yerləşdirəcəyinə dair proqnozlar artıb. Bu da Cənubi Qafqazda Qərb və Rusiya arasında rəqabətin artması və geosiyasi konfiqurasiyanın dəyişməsi ilə bağlıdır.

Yəni Cənubi Qafqazda möhkəmlənməyə çalışan Qərb bu siyasətini “Ermənistan sərhədlərinin təhlükəsizliyi” strategiyası adı altında həyata keçirir. Hətta ABŞ bu prosesdə Avropa İttifaqından geri qalmaq istəmir. 

Sözügedən sazişdə təhlükəsizliyin təmin olunmasına dair razılaşma ABŞ-nin Ermənistana Avropa İtifaqının bəyan etdiyi kimi, mülki müşahidə missiyası deyil, hərbi kontingent göndərəcəyini istisna etmir. 

“Birləşmiş Ştatlar təhlükəsizlik sahəsində yardım göstərməyi öhdəsinə götürür. Bura Müdafiə, Kəşfiyyat, Texnologiya və Daxili İşlər Nazirliyi daxildir” - deyə həmin bənddə qeyd edilir. 

Ermənistanın sərhəd qoşunlarının olmadığını nəzərə alsaq, yeni sazişlə bu fəaliyyətin ABŞ-yə həvalə edildiyini görmək olar. Eyni zamanda, xartiya ABŞ-yə Ermənistana müasir əsaslarla sərhəd qoşunlarının yaradılmasının təşkilində və formalaşmasında yardım etməyə imkan verir.  

Onu da qeyd edək ki, Avropa İttifaqının müşahidə missiyasının müddəti fevral ayında başa çatır. Rəsmi İrəvan isə missiyanın Azərbaycanın tələbləri əsasında  ölkədən çıxarılmasında maraqlı deyil. Ermənistanın Avropa İttifaqına daxil olmasına dair dair qanunun qəbulu, eyni zamanda ABŞ ilə müvafiq sazişin imzalanması şərti sərhəddəki missiyanın saxlanılmasına və daha da möhkəmləndirlməsinə hesablanıb. 

Rəsmi İrəvan yaranmış vəziyyətdən istifadə edərək delimitasiya və demarkasiya prosesində əlini gücləndirmək, yəni 1991-ci ilə dair sərhədlərin beynəlxalq səviyyədə tanınmasına dəstək qazanmaq istəyir. Paşinyan bununla “Real Ermənistan” ideyasını həyata keçirəcəyinə ümid edir. 

Ancaq bununla bağlı razılaşma çox güman ki, Azərbaycanın ciddi etirazına səbəb olacaq. Çünki Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya prosesi başa çatmadığından söhbətin hansı sərhəddən getdiyi aydın deyil. 

Yəni Ermənistan və Azərbaycan arasında rəsmi sərhəd yoxdur. İndiyə qədər sərhəd xəttinin cəmi 12,7 kilometri razılaşdırılıb. Ona görə də ABŞ-nin və ya Avropa İttifaqının missiyasının Ermənistan-Azərbaycan şərti sərhədinə yerləşdirilməsi qanunsuz olmaqla yanaşı, sülh prosesinə zərbədir. 

ABŞ və Ermənistan arasında imzalanmış sənəd Rusiyanın da kəskin etirazına səbəb olub. Perspektivdə Rusiya-Ermənistan münasibətlərində gərginliyin artacağı gözlənilir. Çünki Ermənistan təhlükəsizlik və müdafiə sahəsində ABŞ-nin strateji tərəfdaşlığını qəbul etməklə Rusiya ilə hərbi müttəfiqlik öhdəliklərindən dolayısı ilə imtina etmiş olur.

Ermənistan ərazisində Rusiya hərbi bazaları olduğu halda Moskva ilə müharibə vəziyyətində olan ABŞ-nin xüsusi sərhəd mühafizə qrupunun Paşinyan tərəfindən de-yure ölkəyə dəvət edilməsi regionda geosiyasi qarşıdurmanı gücləndirə bilər. 1992-ci ildə imzalanmış müqaviləyə görə, Ermənistanın sərhədlərinin mühafizəsini Rusiya Federasiyası təmin edir. 

Eyni zamanda Ermənistanın Azərbaycanla şərti sərhədi həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sərhədləridir. 

Həmin əraziyə ABŞ hərbçilərinin yerləşdirlməsi Moskvanın ciddi etirazına səbəb olacaq. Çox güman ki, Paşinyan bundan sonra Türkiyə ilə də sərhədlərin təhlükəsizliyini ABŞ-yə həvalə etməklə Rusiya qoşunlarının çıxarılmasına, nəticə etibarı ilə Ermənistanın KTMT-dən çıxmasına çalışacaq. 

Ermənistanla ABŞ arasında imzalanmış xartiyanın birbaşa və əsas hədəfinin yalnız Azərbaycan olduğunu iddia etmək olmaz. Çünki ABŞ-nin regionla bağlı öz maraqları var. ABŞ sərhəd mühafizə qrupunun Ermənistana gəlişi İranı da ciddi narahat edəcək. 

Tehran amerikalı hərbçilərin İranla sərhədə yerləşdirilməsi ehtimalını özünə təhlükə hesab edir. Hətta ABŞ və Ermənistan arasında bununla bağlı gizli razılaşmanın əldə olunduğu istisna edilmir. 

Chosen
7
cebheinfo.az

1Sources