EN

“Bu administrasiya erməni diasporuna son borcunu ödəyir” - Deputat

“Ermənistanla ABŞ arasında bu xartiyanın imzalanması bir az gülünc görünür. ABŞ-nin hazırkı administrasiyası Ağ Evi artıq tərk edir və onların gələcəkdə Amerikanın siyasətini həyata keçirmək imkanı olmayacaq. Ermənistanla bu sazişi imzalamaqla bu administrasiya erməni diasporuna son borcunu ödəyir”.

“AzPolitika” xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə “Turan”a açıqlamasında bildirib.

Deputat ümid edir ki, gələcəkdə ABŞ siyasəti məhz bu ölkənin milli maraqlarına uyğun həyata keçiriləcək: “Azərbaycan da ABŞ-nin gələcək administrasiyası ilə normal, qarşılıqlı maraqlar üzərində siyasətini formalaşdıra bilər. Blinkenin Mirzoyanla imzaladığı xartiyanı isə Amerikanın imicinə zərbə gətirən sənəd kimi xarakterizə etmək olar”.

A.Mollazadənin fikrincə, Ermənistanla ABŞ arasında imzalanan sənəd Rusiya üçün problem doğurmur: “Ermənistan Rusiya ilə münasibətlərini davam etdirir. Rusiya ilə Ermənistanın ticarət dövriyyəsi dəfələrlə artıb. Çünki Ermənistan Rusiya üçün böyük dəstək həyata keçirir və Rusiyanın Qərbdə demək olar, təmsilçisi rolunu oynayır, sanksiyaları pozmaq üçün bir sıra Qərb ölkələri Ermənistandan istifadə edirlər. Yəni, Rusiya ilə Ermənistan öz oyunlarına davam edir və Rusiya Ermənistandan özünə lazım olan istiqamətlərdə istifadə edir”.

“AzPolitika.info”

1Sources