EN

Əsgərliyə gedən şəxsin kreditini kim ödəməlidir? - AÇIQLAMA

Azərbaycanda 18 yaşdan 35 yaşa kimi şəxslər əsgərliyə gedərkən bəzən onların kredit borcları olur. Bu, təhsil, telefon və sair üçün kredit ola bilər. 

Bəs həmin şəxslər həqiqi hərbi xidmətə gedərkən, onların borclarının aqibəti necə olur?

Mövzu ilə bağlı Redaktor.az-a danışan hüquqşünas Günay Abbasova bildirdi ki, belə hallarda borcalan şəxs kreditin restrukturizasiyası üçün banka müraciət edə bilər:

"Şəxs artıq yetkinlik yaşına çatıbsa və o, kredit götürmək iqtidarına malikdirsə, müstəqil şəkildə bu halda o, deməli, müəyyən maliyyə xarakterli öhdəliklər daşıyır. Şəxsin hərbi xidmətdə olması hər nə qədər onun müəyyən qazanc və gəlir əldə etməməsinə dəlalət edirsə, yenə də onun maliyyə xarakterli öhdəliklərinin icrası vəzifəsindən azad etmir, öhdəliyinə xitam verilmir. O halda kreditin restrukturiziyası nəzərdə tutula bilər ki, kreditin qapanması müddəti uzadılsın. Hansı ki, bu, bank və digər kredit təşkilatı tərəfindən müştərilərə tanınan bir güzəşt kimi nəzərdən keçirilir. Kreditin restrukturizasiyası aparıla bilər. Bu halda da həmin şəxs, yəni hərbi xidmətə getməmişdən əvvəl öz düşdüyü vəziyyəti, imkanlarının məhdud olmasını ərizə ilə göstərməli və ərizə ilə müvafiq bankın baş ofisinə və yaxud da ki, filial müdirinə müraciət etməlidir. Bu halda artıq müəyyən aylıq ödənişlərin məbləğində azalmalar ola bilər və yaxud da kreditin qapanması müddətinin uzadılması nəzərdən keçirilə bilər".

Hüquqşunasın sözlərinə görə, borcalanın ödənişlərini müqavilədə zamin şəxs varsa, o ödəməlidir:

"Burada kredit müqaviləsindən irəli gələn öhdəliklərə xitam verilməsi və yaxud da ki, dondurulmasından söhbət getmir. Əgər şəxsin kredit müqaviləsində göstərmiş olduğu bir zamin varsa, ödənişləri aylıq olaraq gecikdirirsə, o halda ödənişləri zamin ödəyəcək". 

Türkan İSGƏNDƏRLİ

Chosen
2
redaktor.az

1Sources