EN

Buraxılış imtahanları asan, ya çətin olacaq? - Keçid balları necə dəyişəcək?

İmtahanlar niyə tez keçirilir?
 
Ötən həftə Dövlət İmtahan Mərkəzi tərəfindən 2025-26-cı tədris ili üçün buraxılış imtahanlarının vaxtı açıqlandı. Yaddaş  üçün qeyd edək ki, XI siniflərin buraxılış imtahanları bütün regionlar üzrə 2-9 Mart, IX siniflərin buraxılış imtahanları isə 13-27 Aprel tarixlərində keçiriləcəkdir. Artıq bir neçə gündür ki, ölkənin əsas təhsil gündəmi də məhz buraxılış imtahanları ilə bağlıdır. Xüsusən də XI sinif şagirdlərinin, həmçinin, onların valideyn və müəllimlərinin narahatlığı daha üst səviyyədədir. Onlar bu narahatlığı buraxılış imtahanlarının hər zamankından daha tez başlamasında görürlər. Bu arada onu xüsusi olaraq qeyd edək ki, hər il buraxılış imtahanları  əsasən mart ayında həyata keçirilir. Bunun da əsas səbəbi XI siniflərin buraxılışla yanaşı, iki cəhddən ibarət blok imtahanlarını da verməsi və o imtahanların nəticəsinə uyğun olaraq universitetlərə qəbulun ixtisas seçimi mərhələsində vaxtında iştirakının təminidir. Valideyn və müəllimlərin XI sinif buraxılış imtahanlarının tez keçirilməsi ilə bağlı gileyi müəyyən qədər haqlı olsa da, birtərəflidir. Məsələyə ümumi yanaşanda – buraxılış imtahanları qədər vacib olan ikicəhdli blok imtahanları arasında bəlli zaman məsafəsinin saxlanılmasının vacibliyini nəzərə alanda 2-9 Mart aralığını anlayışla qarşılamaq olar. Çünki qarşıda yaz ayları üçün nəzərdə tutulan birinci cəhd blok və yay ayları üçün planlaşdırılan ikinci cəhd blok imtahanları ilə yanaşı, ümumi imtahan nəticələrinin göstəricilərindən asılı olaraq gərgin rəqabətlilik səviyyəsində keçən ixtisas seçimi müsabiqəsi və ən nəhayət, universitetlərə qəbul nəticələrinin elan edilməsi prosedura var. Bütün bu proseduraların avqust ayı bitməmiş tamamlanması, ondan sonra isə tələbə adını qazanmış şəxslərin universitetlərə qeydiyyat və digər subyektiv qayğılarının həlli üçün 15 sentyabradək zaman ayırması gərəkir. Bu səbəbdən də qəbul mexanizminin hazırkı formada olacağı surətdə XI siniflər üçün buraxılış imtahanlarının daha gec tarixdə başlamasını ehtimal belə edə bilmərik. Doğrudur, buraxılış imtahanlarının tez başlanmasının neqativ tərəfini tədris proqramının hələ tam keçilməməsi ilə də izah edənlər az deyil. Hər bir halda, sadalanan problemin aradan qaldırılması üçün tədris proqramında, qrafikdə müəyyən dəyişikliyə də gedilə bilər. Lakin buraxılış imtahanlarının keçirilmə tarixləri ilə bağlı ediləcək hər hansı ciddi dəyişim (cüzi zaman fərqi yox) yuxarıda sadalanan proseslər zəncirində çox ciddi problemlərə gətirib çıxara bilər. 
 
Keçid balları-Düşəcək, yoxsa, qalxacaq?
 
Buraxılış imtahanlarının dəqiq tarixi açıqlanandan sonra ən çox müzakirə olunan və abituriyent-valideynlər  arasında xüsusi təşviş yaradan məsələlərdən biri də keçid balları ilə bağlıdır. Əvvəlcə onu qeyd edək ki, keçid balları yalnız və yalnız müsabiqə nəticələri məlum olduqdan, imtahan verən abituriyentlərin sayı, onların göstərdikləri ortalama göstəricilər məlum olduqdan sonra proqnoz edilə bilən (!) bir mexanizmdir. Çox təəssüf olsun ki, sosial media seqmentlərində, xüsusən də “Tiktok” platformasında təhsilə aidliyi yüksək dərəcəli şübhə altında olan bir qisim şəxslər “keçid balları bu qədər qalxacaq”, “keçid ballarında dəhşətli artım” kimi narahatedici, təşviş yaradan , yalnız izləmə sayının çoxluğuna xidmət edən çıxışlarla abituriyentlərdə, onların valideynlərində çaş-baş düşüncələr yaradırlar. Halbuki nə abituriyent, nə də onun valideyni hələ keçid balı haqqında nə narahat olmalı, nə də arxayınlıq yaşamalıdırlar. Çünki təkrar da olsa deyək, bu , elə bir mexanizmdir ki, onun dəqiq göstəricisini ən çox mərhələdən sonra müəyyənləşdirmək olar. 
 
Gəlin həmin mərhələyə bir daha ardıcıllıqla nəzərə salaq: 
 
1) əvvəlcə, bütün XI-lər icbari qaydada buraxılış imtahanları verməli; 2) Həmin buraxılış imtahanlarının nəticələri açıqlanandan sonra ümumi durum müəyyənləşdirilməli, statistik təhlil aparılmalı; 3) blok imtahanlarında iştirak üçün sənəd verən abituriyentlərin sayı bilinməli; 4) Bu sayın ixtisas qruplarına görə nisbəti müəyyən edilməli; 5) Abituriyentlər  I cəhd blok imtahanlarında iştirak etməli; 6)I cəhd blok imtahanlarının nəticələri açıqlanmalı və statistik təhlil aparılmalı 7) Abituriyentlər  II cəhd blok imtahanlarında iştirak etməli; 8)II cəhd blok imtahanlarının nəticələri açıqlanmalı və statistik təhlil aparılmalı 9)İxtisaslar üzrə plan yerləri bilinməli, həmçinin, dövlət sifarişli plan yerlərinin say nisbəti təhlil olunmalı; 10) Universitetlərə ixtisas seçimi müsabiqəsində bütün göstəricilər nəticələr elan olunduğu prosesdə incələnməli, ixtisaslara müraciət nisbəti ilə plan yerlərinin nisbəti əsasında keçid balları müəyyən edilməlidir. 
 
Təsəvvür edin, biz yalnız 9 mərhələdən sonra keçid ballarının nə qədər olacağı ilə bağlı konkret nəsə deyə bilərik. Lakin  bunu deyil, bu 9 mərhələnin bircəsinin belə həyata keçmədiyi təqdirdə proqnoz irəli sürənlərə inanmaq əbəs yerə stress yaşamaqdır. Bütün abituriyent və valideynlərdən bu cür qeydlərə, çıxışlara çox da önəm verməmələrini xahiş edirik. 
 
Təbii ki, hər kəs proqnoz vermək hüququna malikdir. Amma həmin proqnozun insanlarda  narahatlıq və demotivasiya yaratmamalarına da xüsusi diqqət edilməlidir. 
Biz keçid ballar haqqında konkret və dəqiq bilginin 9 mərhələdən sonra mümkünlüyünü dedik. Amma onlarla bağlı proqnoz isə buraxılış imtahanlarının statistik təhlili və blok imtahanlarına olan müraciət sayından sonra da mümkündür ki, biz hazırda hətta buna da tələsə bilmərik.
 
Bildiyimiz yeganə rəsmi statistik data, bu il universitetlərə qəbul olunacaq abituriyent sayının 75 minə çatdırılması fikridir. Ötən il bu rəqəmin 74 min olduğunu nəzərə alsaq, artımın çox da böyük olmadığının şahidi olarıq. Odur ki, hələ tələsməyək: nə təşvişə düşməyə, nə də arxayınlaşmağa...
 
Elmin Nuri
Təhsil məsələləri üzrə tədqiqatçı 
Chosen
8
1
moderator.az

2Sources