ABŞ-ın aviasiya nəhəngi “Boeing”in ötən ilki nəticələri heç də ürəkaçan olmayıb. Ən məşhur 737 modeli ilə bağlı üzləşdiyi böyük qalmaqallardan sonra şirkətin təyyarə istehsalı 2024-cü ildə 30 faizə yaxın azalıb.
Musavat.com “Boeing”in açıqlamasına istinadən xəbər verir ki, 2024-cü ildə şirkət cəmi 348 kommersiya təyyarəsi istehsal edə bilib. Halbuki 2023-cü ildə bu göstərici 528 ədəd olub.
Çatdırılmaların əsas hissəsi - 265 təyyarə - 737 ailəsindən olub.
Dördüncü rübdə “Boeing” müştərilərə 57 təyyarə, o cümlədən 36 ədəd 737 çatdırıb. 2023-cü ilin oktyabr-dekabr aylarında bu rəqəmlər müvafiq olaraq 157 və 110 təyyarə təşkil edib.
Bildirilir ki, çatdırılmaların azalması, digər amillərlə yanaşı, Beynəlxalq Maşinistlər və Aerokosmik İşçilər Assosiasiyasının (IAM) üzvlərinin təxminən iki ay davam edən tətili ilə əlaqədar olub.
Ötən ilin sonuna “Boeing”a 6245 təyyarə sifarişi olub.
Məlumat üçün qeyd edək ki, onun əsas rəqibi, Avropanın təyyarə istehsalçısı “Airbus” 2024-cü ildə 766 mülki təyyarə tədarük edib ki, bu da əvvəlki illə müqayisədə 4 faiz çoxdur.
Musavat.com