EN

Rusiyanın Arktika neft biznesi təhlükə altında - Sanksiyaların ölümcül nəticələri

ABŞ-ın tankerlər və neft anbarlarına tətbiq etdiyi sanksiyalar Rusiyanın Arktikadakı neft layihələrinin işində ciddi pozulmalara səbəb ola, bu vəziyyət, hasil edilən neftin anbarlarda yığılıb qalmasına gətirib çıxara bilər.

Valyuta.az xəbər verir ki, "Reuters" agentliyinin məlumatına görə, Rusiyanın üç əsas arktik yatağı -  "Yeni Port", "ARCO" və "Varandey" - gündəlik hasilatı 300 min barel təşkil edən bu layihələr hazırda ciddi risk altındadır.

Mənbələrə əsasən, Rusiyanın arktik neft biznesi üçün zəruri olan gəmilər və infrastruktur özəldir və onların tez bir zamanda əvəz olunması mümkünsüzdür. Bu yataqlardan çıxarılan neft xüsusi buz sinifli tankerlərlə Murmansk yaxınlığındakı "Umba" və "Kola" adlı üzən anbarlara çatdırılır. Daha sonra neft Aframax və ya Suezmax tipli böyük gəmilərə yüklənərək beynəlxalq bazara göndərilir.

LSEG-in məlumatına görə, ABŞ sanksiyalarına məruz qalmış ən azı 15 tanker, o cümlədən "Şturman Şçerbinin", "Mixail Ulyanov" və "Aulis" tankerləri son iki ayda Rusiyanın arktik neft növlərinin daşınmasında fəal iştirak edib.

Rusiyanın qarşılaşdığı problemlər

Mənbələr bildirir ki, sanksiyalara görə, Rusiyada milyonlarla barel satılmamış neftin anbarlarda qalması ehtimalı yüksəkdir. Hər üç layihənin məhdud saxlanma imkanları olduğu üçün yükləmədəki bir neçə həftəlik gecikmələr belə, hasilatın azalmasına səbəb ola bilər.

"Yeni Port" və "Varandey" neft növləri yüksək keyfiyyəti ilə seçilir – bu növlər yüngül və az kükürdlü (0,1-0,4%) olduğu üçün dünya bazarında tələbat görür. Əvvəllər Avropa İttifaqı ölkələri bu növləri alırdı, lakin 2022-ci ildə Aİ-nin embarqosundan sonra əsas alıcılar Hindistan və Çin olub.

Lakin Hindistan və Çin ABŞ sanksiyalarına məruz qalan tankerlərdən neft almaqda ehtiyatlı davranır və Rusiyanın arktik neft növlərini alternativlərlə əvəz etməyə çalışır. Bu vəziyyət, eyni zamanda, ABŞ-ın WTI (West Texas Intermediate) neft növünün qiymətində artım yarada bilər.

Rusiyanın arktik layihələrindən hasil edilən bütün neftin ixraca yönəldilməsi daxili boru kəməri sisteminə inteqrasiyanı mümkünsüz edir. Bu, həmin neft növlərinə alıcı tapılmadığı təqdirdə, onların üzən anbarlarda saxlanması və ya hasilatın məcburi şəkildə azaldılması ilə nəticələnə bilər.

ABŞ-ın son sanksiyaları

Vaşinqtonun son sanksiyaları 180-dən çox tankeri və Rusiyanın ən iri neft istehsalçılarını əhatə edir.

Bəzi Rusiya tankerləri hazırda Çin sahillərində lövbər salıb, yük sahibləri isə növbəti addımları müzakirə edir. Bu arada, Çin şirkətləri Yaxın Şərq və digər ölkələrdən xam neft alışını artırır, çünki Rusiya və İrana tətbiq olunan sanksiyaların təchizatda pozuntulara səbəb olacağından narahatdırlar.

Paşa Məmmədli

Chosen
3
valyuta.az

1Sources