"44 günlük müharibədə biz xalq olaraq dəmir yumruq kimi birləşməyi öyrəndik. Allah bizim xalqımızın birliyini qorusun".
Bunu hakimiyyet.az-a açıqlamasında bu gün Cəbrayıl şəhərinə köç edən keçmiş məcburi köçkün Şərqiyyə İbrahim qızı Abbasova deyib.
O bildirib ki, artıq Azərbaycan ərazi bütövlüyünü öz gücü, qüdrəti hesabına təmin etmiş suveren, qüdrətli dövlətdir, azərbaycanlı olduğumuz üçün qürur duyuruq:
"33 yaşımda çıxmışdım Cəbrayıldan. Yoldaşımı da itirdim, dörd yetimlə 30 il köçkün həyatı yaşadım. Amma bu yaşadığım çətinlik bu qələbə sayəsində gözümdə bir heçə döndü. Bu gün doğma torpağımıza - Cəbrayılımıza köç edirəm qızım və nəvələrimlə.
İgid oğullarımız sıldırım qayaları, aşılmaz sədləri aşaraq adlarını tarixə yazdılar. İndən sonra minillər keçsə də, bizim bu şanlı tariximizi heç bir qüvvə silə bilməz.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"
Xatırladaq ki, bu gün növbəti köç karvanı Cəbrayıl şəhərinə yola salınır. Bu mərhələdə daha 32 ailə (153 nəfər) öz doğma yurduna köçürülür.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.
Rövşən Əsədov