EN

Metapnevmovirus qanad açır

Hələlik onun pandemiyaya çevriləcəyi məlum deyil

Tədqiqatçılar insan metapnevmovirusunun geniş yayılan və mövsümi xəstəliklərdən bir addım irəliləyərək, potensial pandemiya riskinə çevrilə biləcəyini də söyləyirlər. Çünki HMPV hər il mövsüm dəyişiklikləri ilə əlaqədar çox sayda insanda xəstəliklərə yol açır.

 Hazırda dünyanın bir sıra ölkələrində yayılan metapnevmovirusun pandemiyaya çevrilməsi gündəmdədir. Lakin Ümumdünya Səhiyyə Təşkilatının yeni virusun pandemiya təhlükəsi yaradacağı barədə verdiyi proqnoz deyilənləri təkzib edir. ÜST-ün direktoru Tedros Qebreyesus hələ ki, heç bir təhlükə olmadığını bildirib.

O deyib ki, hazırkı dövrdə fövqəladə vəziyyət və səhiyyənin səfərbər olunmasından söhbət gedə bilməz. “Dünya mətbuatında bu qədər çox qabardılan virus ÜST və alimlərə çoxdan məlumdur, o, artıq bir neçə qışdır bu formada təzahür edir” – deyə Qebreyesus bildirib.

O qeyd edib ki, metapnevmovirusun alovlanması da Çində baş verib. Artıq dünyanın 80-dən çox ölkəsinə keçib və hava damcı yolu ilə yayılır. Metopnevmorus artıq COVID pandemiyasının olduğu illərdəki kimi dünyanı çalxalayır. Artıq bir çox ölkə həkimləri yenidən maska qorunmasını gündəmə gətiriblər.

Rusiyalı immunoloq Nikolay Kruçkov maskanın virusdan nə dərəcədə qoruya biləcəyinə aydınlıq gətirib. “İstənilən qrip, kəskin respirator xəstəlikdən qorunmaq üçün tibbi maska əsas şərtdir. Çünki yoluxdurucu mənbə insanlardır. Biz insanlarla daha çox ünsiyyətdə oluruq. İstənilən soyuqlama əlaməti qrip, kovid və ya metapnevmovirusun əlaməti ola bilər”.

Həkim bildirib ki, virus yayılan dövrdə kimin harada, hansı virusa yoluxacağını deyə bilmərik: “Ona görə xəstə də, sağlam da təhlükəsizlik tədbiri görməlidir. Yəni, insan yoluxubsa və özündə virusa aid əlamətlər hiss edirsə, dərsə və ya işə getməməlidir. İctimai nəqliyyatdan istifadə etməməli, insanların sıx toplaşdığı məkandan uzaqlaşmalı və özünü təcrid etməlirir. Ağızı, burunu bağlamaq, əlləri dezinfeksiya etmək lazımdır”. 

Kruçkov əlavə olaraq deyib ki, 
COVID-i, qripi və yeni virusu ayrıd etmək mümkün deyil: “Buna görə də maska immunoloji zəif xəstələrə, uşaqlara, hamilələrə, yaşlılara, xüsusən lazımdır. Tibbi maska ictimai yerlərdə taxılmalı, havada çıxarılmalı, bir maska cəmi 2–3 saat istifadə edilməli, sonra atılmalı və əllər yuyulmalıdır”.

Rusiyalı bioloq Ança Baranova isə “Hazırda daha çox uşaqların yoluxduğu və ağırlaşma ehtimalı çox olan metapnevmovirus nə dərəcədə təhlükəlidir?” – sualına cavab verərkən virusun özəlliyindən danışıb. Jurnalistlərə açıqlamasında deyib ki, Çində alovlanan metapnevmovirus daha çox 15 yaşa qədər uşaqların arasında yayılıb. Virus Hindistan, Qırğızıstan və bir sıra ölkələr kimi Rusiyada da yayılıb. Bütün uşaqlar bu virusa yoluxur, onlarda immunitet yaranır, böyüklərə isə xəstəlik yenidən qayıda bilər”.

Virusun əlamətlərindən söz açan A.Baranova vurğulayıb ki, infeksiyaya yoluxanlarda həm burunaxma, həm boğazağrısı, həm boğucu öskürək ola bilər. Adətən, xəstəlik 5–7 gün çəkir. Amma ağciyər, astma xəstələrində, immunitet defisiti olanlarda pnevmoniya ilə ağırlaşa bilər: “Metapnevmovirus pandemiyadan sonra hər il dövr edir və mövsümi yoluxma olur. Hətta statistikası da aparılır. Bu infeksiyaya qarşı spesifik virus dərmanı yoxdur. Ona görə hərarətsalıcı, burunaçıcı, öskürək əleyhinə dərmanlardan istifadə olunur. Tez-tez pnev-
moniyaya çevrildiyi üçün antibiotiklər təyin edilir, lakin bunu həkim təyin etməlidir”.

“Pnevma virus ailəsinə aid olan metapnevmovirusun Azərbaycanda yayılması ilə bağlı rəsmi məlumat olmasa da, onun ölkəmizə də gəlməsi real və mümkündür”. Bu fikri isə professor Adil Qeybulla deyib. O bildirib ki, biz qloballaşan dünyanın tərkib hissəsiyik. Amma bunu faciəyə çevirməkdən, hay-küy yaratmaqdan daha çox çalışmalıyıq ki, COVID-19 pandemiyası kimi prosesi yaşayan insanlar olaraq bu vərdişlərdən yenə də istifadə edək. Mümkün qədər yoluxmayaq, yoluxdurmayaq. Bu bizim əsas devizimiz olmalıdır: “Bunun üçün maska taxmalı, əllərin gigiyenasına fikir verməli, məsafə gözləmək lazımdır. Xəstələnən zaman yataq rejiminə keçmək, bol maye qəbul etmək, sağalana qədər işə çıxmamaq vacibdir. Bu qaydalara riayət etsək, həm yoluxan az olar, həm də özümüz yoluxmarıq. Biz hansısa xəstəliyə yoluxanda bilmirik ki, bu qripdir, metapnevmovirus və ya COVID-19-un Omikron ştamının mutasiya variantıdır. Amma onun müalicəsinə demək olar ki, bir-birinə yaxın üsullarla mübarizə aparırıq. Spesifik müalicə yoxdur. Müalicə immun sisteminə dəstəkdən ibarətdir”.

Zərifə HÜSEYNOVA 
XQ

Chosen
4
xalqqazeti.az

1Sources