EN

"Valideynlər məktəb həyatında daha fəal iştirak etməlidir" - QHT sədrindən AÇIQLAMA

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, "Ümidli Gələcək" Gənclər İctimai Birliyinin sədri Kəmalə Aşumova QHT.az-a məktəb və ailə əməkdaşlığı ilə bağlı mühüm fikirlər səsləndirib.

Kəmalə Aşumova bildirib ki, valideyn, ailə və məktəb arasında sıx əməkdaşlıq uşaqların təhsil və tərbiyəsində mühüm rol oynayır. O, bu sahədə yaranan problemlərə toxunaraq deyib:

"Valideynlərlə mütəmadi məsləhət xarakterli görüşlərin keçirilməsi, psixoloq və pedaqoqların iştirak etdiyi müzakirələrin təşkili çox vacibdir. Təəssüf ki, bir çox məktəblərdə valideynlərin məktəbə daxil olması məhdudlaşdırılır. Halbuki bu, ailə və məktəb əməkdaşlığını çətinləşdirən amildir. Valideynlərin məktəb həyatında iştirakını təşviq etmək üçün şərait yaradılmalıdır."

O, əlavə edib ki, bu əməkdaşlıq zamanı həm həssas qruplardan olan ailələrə, həm də münaqişəli ailələrdən olan uşaqlara xüsusi diqqət göstərilməlidir:

"Zorakılığın nəticəsində özünə qapanan və ya aqressiv davranışlar göstərən uşaqların problemlərinin həlli üçün valideynlərin xüsusi kurslara cəlb olunması, müəllimlərin və sosial işçilərin uyğun metodlarla işləməsi vacibdir. Həmçinin, məktəblərdə ailəvi tədbirlərin və maarifləndirmə işlərinin təşkili uşaqlar arasında dostluq münasibətlərinin yaradılmasına və ailə ilə bağların möhkəmlənməsinə kömək edə bilər."

Kəmalə Aşumova, həmçinin, məktəb və ailə arasında inklüziv yanaşmanın tətbiq olunmasının, sosial xidmət qurumlarının dəstəyinin artırılmasının və qanunvericiliyin təkmilləşdirilməsinin zəruriliyini vurğulayıb. O, zorakılığın qarşısının alınması üçün müvafiq qurumların daha təsirli tədbirlər görməli olduğunu qeyd edib.

 

Pərvanə Fərhadqızı

QHT.az

Chosen
20
qht.az

1Sources